“Qarabağ Universiteti ən müasir ali təhsil müəssisələrindən biri olacaq”- Rektor

2024/2025-ci tədris ili üçün universitetdə, ümumilikdə, 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. İlkin olaraq universitetdə kadr hazırlığı 6 fakültədə – Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektor Qarabağımıza ali təhsil ənənələrinin qaytarılmasının əsas məqsədlərdən biri olduğunu bildirib: “Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti ölkəmizin ən müasir ali təhsil müəssisələrindən biri olmalıdır. Prezident İlham Əliyev iyulun 5-də universitetimizə gələrək aparılan işlərin gedişatı ilə maraqlandı, müvafiq tövsiyə və tapşırıqlarını verdi”.

Şahin Bayramov qeyd edib ki, Qarabağ Universiteti ən müasir ali təhsil müəssisələrindən biri olacaq: “Universitet, ilk növbədə, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı zəruri olan yüksəkixtisaslı kadrların hazırlanmasını həyata keçirəcək, həm də tədqiqat əsaslı universitet olacaq. Bu o deməkdir ki, universitetimiz ölkəmizin inkişafına töhfə verəcək nəticəyönümlü tədqiqatların aparılmasını da həyata keçirəcək”.

“Builki tədris ilində Qarabağ Universitetinə yalnız dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçiriləcək. Yəni, Qarabağ Universitetinin tələbəsi adını qazanacaq istənilən gənc universitetdə heç bir təhsil haqqı ödəmədən təhsil alacaq. Hər bir tələbə təqaüd alacaq. Bundan başqa, ödənişsiz şəkildə, ən müasir şəraiti olan mənzil tipli yataqxanada həm tələbələri, həm də əməkdaşlarımızı yerləşdirməyi nəzərdə tutmuşuq. Universitetə qəbul olunacaq bütün tələbələrə notbuk hədiyyə ediləcək. Universitetdə tələbələri akademik məzmunla yanaşı, çox maraqlı tələbə həyatı gözləyir”, – deyə Ş.Bayramov əlavə edib.

Əvvəlki məqalə

Gürcüstan XİN Aİ-nin 30 milyonluq yardımı kəsməsini anlaşılmaz qərar adlandırıb

Sonrakı məqalə

İranın ən böyük hərbi gəmisi limanda çevrilib