“Fəxr hissi ilə deyə bilərəm ki, Qarabağ” Avropa Liqasının pley-off mərhələsindədir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin keçmiş qapıçısı Cahangir Həsənzadə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Bakıda İsveçin “Hekken” komandasına 2:1 hesabı ilə qalib gələrək pley-offa adlaması barədə danışarkən deyib.
Veteran qolkiper ilk dəqiqələrdə vurulan qolun matçın taleyinə təsir etdiyini bildirib: “Qarabağ” dünən ən yaxşı oyunlarından birini göstərdi və əzmkarlıq hesabına qələbə hesabını qorudu. Güclü qrupda ikinci yeri tutmaq böyük uğurdur. Özü də digər oyunların nəticələrindən asılı olmayaraq. İlk saniyələrdə vurduğumuz qol növbəti mərhələ şanslarımızı daha da artırdı”.
“Köhlən atlar”ın pley-off mərhələsindəki potensial rəqiblərini də dəyərləndirən mütəxəssis bu raundda daha güclü komandaların olduğunu vurğulayıb: “Komanda pley-offda fərqli oyun nümayiş etdirməlidir. İnanıram ki, həmin matçlarda da yaxşı mübarizə aparacaqlar. Qurban Qurbanov və komandası ən vacib olan işin öhdəsindən gələrək qrupdan çıxmağı bacardı. İndidən nə isə demək tez olar. Pley-off mərhələsində “Qarabağ”a uyğun olan “Yanq Boyz” və “Braqa” kimi rəqiblər var. İstənilən komanda ilə oyanmaq gücündəyik. Amma istəyərəm ki, Ağdam təmsilçisi “Milan”la qarşılaşsın. Çünki İtaliya nəhəngi üzərində qələbə qazanıb növbəti mərhələyə yüksəlmək daha möhtəşəm olar”.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək.