Astanada “Qızıl Orda – çöl sivilizasiyasının modeli: tarix, arxeologiya, mədəniyyət, identiklik” mövzusunda beynəlxalq simpozium keçirilir. Tədbir müxtəlif ölkələrdən alimləri, ekspertləri və türk xalqlarının tarixini araşdıran tədqiqatçıları bir araya gətirib.
Plenar iclaslar və tematik müzakirələr zamanı iştirakçılar Qızıl Ordanın tarixi irsinin dövlətçilik, diplomatik münasibətlər və mədəni mübadilənin inkişafına təsirini, həmçinin vahid Avrasiya məkanının formalaşmasındakı rolunu müzakirə ediblər. Böyük Çöl xalqlarının tarixi-mədəni irsinin qorunması və təbliği məsələlərinə xüsusi diqqət yetirilib.
Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova Qazaxıstanla Tatarıstan arasında yüksək əməkdaşlıq səviyyəsini vurğulayaraq, türk xalqlarının ortaq tarixi köklərə və çoxəsrlik əlaqələrə malik olduğunu qeyd edib. O bildirib ki, Qızıl Orda Şərq ilə Qərbi birləşdirən mühüm tarixi körpü olub və geniş əraziləri əhatə edən dayanıqlı siyasi sistem formalaşdırıb.
Simpozium iştirakçıları qeyd ediblər ki, Qızıl Orda irsinin öyrənilməsi müasir humanitar elmlərin inkişafı, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və ortaq mədəni-tarixi dəyərlərin dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, simpoziumin plenar iclasında ölkə prezidenti Kasım-Jomart Tokayev də iştirak edib.