Qəzza planım çərçivəsində fələstinlilərin geri qayıtmaq hüququ yoxdur. AzPost APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalının müxbiri Bret Baierin fələstinlilərin geri qayıtmaq hüququnun olub-olmayacağı sualına cavabında deyib.
“Onlar daha yaxşı mənzilə sahib olacaqlar. Başqa sözlə, mən onlar üçün daimi bir yer tikməkdən danışıram”, – Tramp qeyd edib.
Xatırladaq ki, Tramp bildirirb ki, “Məncə, fələstinlilərə icazə vermək, qəzzalıların geri qayıtmasına icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın geri qayıtmasını istəmirik. Mən bunu böyük bir daşınmaz əmlak parçası kimi düşünürəm. ABŞ ona sahib olacaq və yavaş-yavaş onu inkişaf etdirəcək. Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq”, – o deyib.
Daha sonra Qəzza zolağının tamamilə dağıdıldığını vurğulayan Tramp oranın qaydaya salınacağını, ABŞ-nin Qəzzanı zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən quracağını deyib.