Qiymət artımı nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi hesab olunur?- Qüdrət Həsənquliyev

“Bazar iqtisadiyyatı olan ölkələrdə dövlət qiyməti vergilərlə tənzimləməlidir, qiymət müəyyənləşdirilməməlidir. İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi hesab olunur?”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, içkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil: “Bu, kölgə iqtisadiyyatının tərəfi ola bilər. Qeydiyyatdan keçməyən elə içkilər var ki, qeydiyyatdan keçən zavodların istehsal etdiyi içkilərdən daha keyfiyyətli ola bilər. İçkinin keyfiyyəti laboratoriyalarda müəyyənləşdirilməlidir. Bizə bu qanunun qəbulunu doğuran səbəblər barədə heç bir məlumat verilmədi. İkincisi, qiyməti artırmaq lazımdırsa, bunu insanların sağlamlığını əsas götürərək edərlər. Vaxtilə Qorbaçov da bu yolu getmişdi, bundan sonra saxta içkilərin sayı daha da artmışdı. Saxta içkilərə qarşı Qida Təhlükəsizliyi Agentliyi, hüquq-mühafizə orqanları ciddi mübarizə aparmalıdır. Spirtli içki aksizli maldır, 4,8 manat aksiz vergisi ödənilir. Bunu qaldırıb 10 manat edək. Əgər insanların sağlamlığını qorumaq istəyiriksə, onda “Əhalinin sağlamlığının qorunması” haqqında qanunu dəyişək. Dünyanın bir çox ölkəsində insanlar tütündən və alkoqoldan ziyan görürsə, məhkəmələrdə iddialar qaldırıla bilər”.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, qiymət və keyfiyyət bir-biri ilə bağlı məsələdir: “Qiymət keyfiyyətə nəzarətin çox vacib alətlərindən biridir. Bu, bazar iqtisadiyyatının qaydalarına zidd deyil”.

O bildirib ki, bir çox ölkədə ucuz mala şübhəli yanaşılır: “Avropa ölkələrində orta qiymətdən aşağı qiymətə satılan malı heç kim almır. Çünki şübhəli hal olduğunu düşünürlər. Hər malın yoxlanması mümkün olmadığından qiymət amilindən malın keyfiyyətinə nəzarət üçün istifadə edilir. Bu, tək Azərbaycanda belə deyil. Qüdrət müəllimin burada dediyi bir məsələ ilə bağlı düşünmək olar. Bütün qiymətlər və rüsumlar və vergilər Milli Məclis tərəfindən təsdiq olunmalıdır”.

Əvvəlki məqalə

Bakıda yolda uçqun təhlükəsi ilə bağlı hərəkət məhdudlaşdırıla bilər –

Sonrakı məqalə

“Bu əlamətlər insultun əlamətidir, dərhal müalicə başlamalıdır” –