Mətbuat Şurası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi “Qızıl qələm” mükafatı barədə məlumat yayıb.
Azpost.info məlumatı təqdim edir:
Vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdur.
Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən bu məsələyə biğanə qala bilməzdi. Buna görə də MŞ-nın tapşırığıyla quruma faktiki rəhbərlik edən Ç.Qurbanoğlu Şuraya dəvət olunmuş, icraçı katibini müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırmışdır.
Nəticədə, Ç. Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlamışdır:
“Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm.”
Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir, yeri gəlmişkən, diğər ictimai qurumlara da müraciət edərək media adıyla mükafatlar verilməsində ehtiyatlı davranmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır.