QMİ-nin nəşri olan “Vətən və İman” kitabının təqdimatı keçirilib –

FOTOLAR
04 Noyabr 2021 - 20:43
Noyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəşri olan “Vətən və İman” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu mübarək günlərdə Azərbaycan xalqı öz dövlətçilik tarixinin şanlı məqamını — Vətən müharibəsində Zəfərinin birinci ildönümünü qeyd edir. Xalqımız 2020-ci ildə 44 gün ərzində dünya tarixi salnaməsinə daxil olacaq haqq mübarizəsi həyata keçirərək 30 il davam etmiş işğala son qoydu, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu münasibətlə Azərbaycan xalqını, rəşadətli Azərbaycan Ordusunu və xüsusilə Qarabağ Zəfərinin müəllifi Müzəffər Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edirik. Vətən müharibəsində Qələbəmizin qüvvətverici amilləri — dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli və dini-mənəvi vəhdət, Vətənin mənafeləri naminə sarsılmaz birlik oldu. Azad Qarabağda Azərbaycanın üçrəngli dövlət bayrağının dalğalanması və azan səsinin ucalması bizlər üçün böyük nemətdir. Uca Allahın köməyi, müdrik dövlət rəhbərimiz Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz səyləri sayəsində Azərbaycan dövlətçiliyinin Zəfəri bu gün azad Qarabağda bayram namazları, Novruz tonqalları və “Xarıbülbül” festivalları, abadlaşan kənd və şəhərlərimiz, Şuşada əsası qoyulmuş yeni, möhtəşəm məscid kompleksi, bərpa və yenidən qurulan məscid və məbədlər, Füzuli Beynəlxalq Hava Limanı və Şuşaya aparan Zəfər yolu ilə davam edir.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan xalqı şanlı Zəfəri böyük qurbanlar bahasına əldə edib. Qazandığımız Qələbədə hər bir azərbaycanlının payı vardır. Bu mübarizədə canlarından keçmiş minlərlə şəhidimizin bizlərin üzərində haqqı var. Allah-Təala onlara rəhmət eləsin. Sağlamlığını itirmiş qəhrəman qazilərimizə Uca Allah şəfaət bəxş etsin. Vətən müharibəsində xalqımız – bütün etnik qrupların və dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib Zəfərə yetişdilər. Azərbaycandakı dini konfessiyalar ölkəmizin haqq işi uğrunda cəbhədə bir yerdə, çiyin-çiyinə vuruşdular, dünyaya haqq səsimizi birgə ucaltdıq. Şəhid övladlarımızı bir yerdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, multikultural dəyərlərimizin təntənəsidir. Minnətdarıq ki, Prezidentimiz dindarların Vətən müharibəsindəki qələbədə rolunu xüsusi qeyd edir. Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan din xadimləri Zəfərin qazanılması, dövlətimizin haqq işinin qələbəsi naminə zəhmətlər çəkib, mənəvi cəbhədə rəşadətlər göstərib, qəhrəman şəhidlərimizin şəhidlik məqamına layiq şəkildə yüksək səviyyədə dəfn ayinlərinin və anım mərasimlərinin həyata keçirilməsində gecəli-gündüzlü xalqa xidmətdə olub, orduya dəstəklərini əsirgəməyiblər. Bu məqamda, hər zaman Azərbaycan həqiqətlərini dünya çapında müdafiə edən, dünyaya haqq səsimizin ucaldılmasında birlik nümayiş etdirən, bu gün Fəxri xiyabanda uyuyan mərhum pravoslav qardaşımız Arxiyepiskop Aleksandr həzrətlərini rəhmətlə yad etmək istərdim.
“Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi dövründə öz geniş beynəlxalq əlaqələrindən istifadə edərək Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini faktlarla ifşa edərək, erməni ekstremistləri tərəfindən dinc əhalimizə qarşı törədilən terror, işğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbəd və kilsələrin, minlərlə məzarlıqların dağıdılması, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılması və dini məbədlərin erməniləşdirilməsi, əsarətdə qalan məscidlərimizdə İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməlləri barədə dünyanın bütün nüfuzlu dini mərkəz və məqamlarını, dövlət rəhbərlərini, beynəlxalq təşkilatları çoxsaylı məktub və bəyanatları, keçirdiyi konfranslar vasitəsilə ətraflı məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla bərabər bu istiqamətdə çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri, o cümlədən, erməni kilsəsinin dini-ideoloji müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyalarının qarşısının alınması yönündə apardığı miqyaslı mübarizə barədə Azərbaycan xalqı və dünya ictimaiyyəti bütün həqiqətləri bilməlidir. Biz Uca Yaradan qarşısında borcumuzu, Vətən qarşısında xidmətimizi layiqli şəkildə həyata keçirməyimizdən qürur duyuruq. Bu gün diqqətinizə təqdim etdiyimiz “Vətən və İman” adlı nəşr Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycanın din xadimlərinin Vətən torpağı uğrunda imanlı mübarizəsinə dair indiyədək heç yerdə dərc olunmamış məlumatları ilk dəfə geniş oxucu kütləsinin diqqətinə təqdim edir. Müstəqil Azərbaycan dövlətçiliyi tarixinin mühüm və şərəfli mərhələsinə işıq salmaq məramı daşıyan bu tarixi-sənədli nəşrin ərsəyə gəlməsində böyük zəhməti olan tanınmış tədqiqatçı Araz Qurbanova və əməyi keçən bütün şəxslərə, İdarəmizin kollektivinə dərin minnətdarlığımı bildirirəm. Kitabın əhəmiyyətini nəzərə alaraq, dünya çapında daha çox insanın diqqətinə çatdırılması məramı ilə onun ingilis dilinə tərcüməsi üzərində hazırda iş gedir. Vətəni sevən imanlı insanların şücaət və saleh əməllərinə, Azərbaycan multikulturalizminin örnək nümunələrinə dair bu dəyərli nəşrdə əksini tapan həqiqətlər elm və təhsil müəssisələrində öyrənilməli, tədris olunmalı, məscidlərimizdə, din xadimlərimizin moizələrində təbliğ və təşviq olunmalıdır. İnşallah, gələcək nəsillər şərəfli tariximizin İman və Vətən sevgisi nümunələri ilə zəngin səhifələrindən ilham alarlar”, – deyə QMİ sədri əlavə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, bir neçə gündən sonra Zəfər bayramımızı qeyd edəcəyik. “Vətən və İman” kitabı Vətən müharibəsi ilə bağlı məqamları özündə ehtiva edir. Bu müharibədə bütün xalqımız birgə iştirak edib. Hər bir ailə Qələbəmizə öz töhfəsini verib. Bu kitabda Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğurunda gedən mübarizədə din xadimlərinin bir neçə istiqamətdə fəaliyyətindən bəhs edilib.
“Azərbaycan 44 günlük Vətən savaşında informasiya cəbhəsində də düşmən üzərində Qələbə çaldı. Qafqaz Müsəlmanları İdarəsi də bu mübarizədə yaxından iştirak edib. Bu kitab ideoloji mübarizə baxımından çox əhəmiyyətlidir. Döyüşlər gedən günlərdə erməni təbliğatı Azərbaycan əleyhinə güclü iş aparırdı. Bu məqsədlə beynəlxalq aləmdə geniş qaralama kampaniyası təşkil edilmişdi. Lakin Azərbaycan Prezidentinin apardığı düzgün informasiya siyasəti nəticəsində mənfur düşmən bu arzusuna da çata bilmədi. 44 günlük müharibə dövrünün hər bir günündə dövlətimizin başçısı dünyaya həqiqətləri çatdırırdı”, – deyə komitə sədri əlavə edib.
Kitabın Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması işində əhəmiyyətindən bəhs edib Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib ki, “Vətən və İman” nəşri bu baxımdan xüsusi rola malik olacaq. “Qələbəmizdə bütün xalqımızın rolu var. Bu işdə Qafqaz Müsəlmanları İdarəsi və onun sədri şeyxülislam Allahşükür Paşazadənin rolu xüsusi qeyd edilməlidir. İmanı olmayanın Vətəni olmur. Bu baxımdan kitabın adı da çox düzgün seçilib. Bu kitabda məntiqi ardıcıllıq, fəlsəfi baxış var. Çar Rusiyası dövründə bütün mənəviyyatımıza, dinimizə qarşı böyük hücumlar var idi. Lakin xalqımız mətin dayandı, öz milli kimliyini qoruyub saxladı”, – deyə Fəzail İbrahimli qeyd edib. Bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə irəli sürülən bir çox layihələrin müəllifidir. Dağılmaq təhlükəsi ilə üz-üzə olan yüzlərlə dini abidəmiz məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dövründə bərpa olunaraq dindarların istifadəsinə verilib, dindarların etiqad azadlığı və ibadət hüququ bərpa olunub. Şeyxülislam ümummilli lider Heydər Əliyevin ideyalarından bəhrələnərək, hər zaman xalqının ağır günlərində onun yanında olmaqla, bütün həyatını qəddarlıqlara, zülmə qarşı mübarizəyə, ədalətin bərqərar olmasına, sülhün zəfər çalmasına həsr edən şəxsiyyətlərdəndir. Dünyada sülhün bərqərar olması, xalqların mehriban, əməkdaşlıq şəraitində yaşamasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər Allahşükür Paşazadənin çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Şeyxülislamın bu fəaliyyəti dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatları tərəfindən də daim yüksək qiymətləndirilir və dəyərləndirilir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıblı deyib ki, bu kitab tariximizin yaxın keçmişini – 30 illik dövrünü əhatə edir. Bu dövr Azərbaycanda çox mürəkkəb proseslərin baş verdiyi, eyni zamanda, müstəqillik qazandığımız dövrdür. 1990-cı illərdə Azərbaycanda mürəkkəb, xaosla dolu proseslər baş verirdi. Bu dövrdə şeyxülislam Allahşükür Paşazadənin əlləri xalqımızın qanına batmış Sovet imperiyası rəhbərliyinə kəskin etirazı heç zaman yaddan çıxmayacaq.
1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə həyatın iflic olan sahələrini yenidən dirçəltməyə və milli-mənəvi həmrəyliyi, ictimai-siyasi sabitliyi bərpa etməyə başladı. Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçildikdə bu özül üzərində yeni inkişaf strategiyaları ortaya qoyub. Nəticədə gərgin tarixi şəraitdə möhtəşəm Qələbə qazandıq. Düşmən və onun arxasındakı güclər Azərbaycandakı mənəvi həmrəyliyi, etnik dini vəhdəti, dövlət-iqtidar-xalq birliyini pozmaq üçün məkrli təxribatlar, təbliğatlar həyata keçirirdi və bu gün də keçirir.
Vətən müharibəsində orduda dini mənsubiyyətindən asılı olmayaraq, bütün gənclər, vətəndaşlar ölümə getdilər. Müharibə dövründə Prezident İlham Əliyevin təkbaşına dünya auditoriyası qarşısında çıxışı həqiqətləri bir daha ortaya çıxardı. Dindarların da bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri danılmazdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları, dini konfessiyaların rəhbərləri və digərləri də kitabın əhəmiyyəti ilə bağlı ətraflı danışıblar.