Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin 21-ci iclasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən bildirilib ki, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevin rəhbərliyi ilə keçirilən tədbirdə 23 ölkədən dini liderlər, siyasi və ictimai xadimlər, ictimaiyyət və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İclası açan Qurultay katibliyinin rəhbəri Maulen Aşimbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd edilib ki, iyirmi illik fəaliyyəti ərzində Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayı dinlərarası sülhün və harmoniyanın möhkəmləndirilməsinə, tolerantlıq və qarşılıqlı dəstək ideyalarının təbliğinə mühüm töhfələr verib.
Daha sonra çıxış edən Katibliyin üzvü, QMİ sədri şeyxülislam A.Paşazadə görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin və bütün Azərbaycan xalqının salamlarını çatdırıb. O, dinlərarası dialoqun Astana qlobal formatının xüsusi rolunu qeyd edib, bu platformanın əhəmiyyətinin və beynəlxalq aləmdə nüfuzunun artmasında Prezident Kasım-Jomart Tokayevin xüsusi rolunu vurğulayıb. Şeyxülislam tədbir iştirakçılarına işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan quruculuq və bərpa işləri barədə məlumat verib. “Biz bərpa və minatəmizləmə işlərində Azərbaycana dəstək göstərən, yeniqənqurma layihələrində iştirak edən hər bir dövlətə minnətdarıq. Bu əsnada, qardaş Qazaxıstan dövlətinə Füzuli şəhərində hədiyyə olaraq inşa etdirdikləri Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinə görə dərin təşəkkürümüzü ifadə edirik”, – deyə QMİ sədri bildirib.
İclas iştirakçıları Qurultayın 2023-2033-cü illər üçün inkişaf konsepsiyasını təsdiqləyiblər və Qurultay katibliyinin növbəti – XXII iclasının 2024-cü ilin sentyabrında Astanada keçirilməsi barədə qərar qəbul ediblər.
Yekun nitqlə çıxış edən Parlament Senatının sədri M.Aşimbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunması barədə sərəncamını iclas iştirakçılarına elan edib. Dövlət ordeni Şeyxülislama təqdim edilib. Katibliyin bir sıra digər üzvlərinə qurultayın xatirə medalları və sertifikatları təqdim olunub.