QMİ sədrinə “Dostluq” ordeni və “İmam Qarafi” mükafatı nə üçün verilib?

 Öz işində fərqlənən, cəmiyyət həyatında fəal izi olan, ölkələr  arasında sülh və dostluğu təbliğ edən ictimai xadimin dövlət mükafatlarına layiq görülməsi təkcə onun əməyinə deyil, bütövlükdə ölkə adına uğurlu işə verilən qiymət sayılır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə bu günlərdə iki nufuzlu mükafat təqdim olunub.

QMİ sədri Qazaxıstan prezidenti Tokayevin sərəncamı ilə II dərəcəli “Dostluq” (“Dostık”) ordeni ilə təltif edilib.

Bu ali mükafat Şeyxülislama Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasından sonra təqdim edilib. Allahşükür Paşazadə dialoq platformasının formalaşmasında və inkişafında xidmətlərinə görə bu ordenlə təltif edilib.

Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aida Balayeva Şeyxülislamı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib. Şeyxülislam, öz növbəsində, xanım nazirə səmimi təbriklərinə görə minnətdarlığını bildirib.

Şeyxülislam həmçinin Misirdə Dünya Fətva Evləri Qurumları Baş katibliyinin keçirdiyi “Fətva və üçüncü minilliyin çağırışları” mövzusunda Konfransda “İmam Qarafi” ordeni ilə təltif olunub. QMİ sədri dini maarifləndirmənin inkişafında, haqq dinin və tolerantlığın yayılmasında göstərdiyi böyük fəaliyyətə görə bu ordenə layiq görülüb.

“İmam Qarafi” Mükafatı hər il Dünyadakı Fətva Evləri və Qurumları Baş Katibliyinin illik qlobal konfransı zamanı verilir.

Mükafat elmi araşdırmaları təşviq etmək və onun fiqh və fətva məsələlərinin xidmətində rolunu qiymətləndirmək məqsədi daşıyır. Mükafatı Fətva Evləri və Qurumları Baş Katibi, Baş Katibliyin iki üzvü və sahələr üzrə ixtisaslaşmış alim və professorlardan ibarət bir komitə təqdim edir.

Şeyxülislamın bu ay təltif olunduğu hər iki mükafat Azərbaycanın dünyada tolerantlıq və multkulturalizm siyasətinin bir inikasıdır.

Hər iki mükafatın daşıdığı ictimai yükün altında QMİ sədrinin də imzası var.

Orta Asiyada QMİ sədrini tanıyır və gördüyü işi yüksək qiymətləndirirlər.

Allahşükür Paşazadənin türk dövlətləri arasında mənəvi bağların möhkəmləndirilməsi üçün apardığı işlər bu baxımdan təqdirəlayiqdir. Şeyxülislam türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni sahədə qarşılıqlı münasibətlərin dərinləşməsi, müstəqil türk dövlətlərin dini liderlərinin koordinasiyalı əməkdaşlığı üçün mühüm töhfələr verib. QMİ sədrinin bu yöndə apardığı iş türk dövlətlərinin dini liderlərinin etimad platformasının möhkmələnməsində vacib rol oynayır.

Bu baxımdan Türk Dövlətləri Təşkilatının dini liderlər Şurasının yaradılmasında QMİ sədrinin böyük zəhməti var.

Bu Şura türkdilli dövlətlərin ortaq mədəni izinin təbliği, din xadimlərini tanıtmaq və öyrənmək üçün imkanlar yaradır. Həmçinin dövlətlərin dini-ideoloji müstəvidə fəaliyyətinin koordinasiyası üçün nufuzlu din xadimlərinin dəstəyini ortaya qoyur. Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edən bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır.

Dini liderlərin Şurası eyni zamanda məzhəblərarası qardaşlığın təbliği və eyni zamanda dünyaya nümayişi üçün yaxşı imkandır.

Geopolitik maraq dairələrinin əlinə oynayan islamofobiyanın meydan suladığı bu çətin dövrdə bir-birinə dəstəyə böyük ehtiyac var.

QMİ sədrinin təltif edildiyi “İmam Qarafi” mükafatı da nufuzlu mükafatdır. Bu orden dini maarifləndirmənin inkişafında, haqq dinin və tolerantlığın yayılmasında göstərilən böyük fəaliyyətə görə verilir.

A.Paşazadə bu müstəvidə fəaliyyəti danılmazdır. İlk növbədə qeyd etmək lazımdır ki, QMİ sədri müsəlman ölkələrinin ən böyük və ciddi qurumu olan İslam Əməkdaşlıq Təşkilatında  ölkəmizlə çox gözəl əməkdaşlıq platforması qura bilib.

İƏT Azərbaycanın müsəlman aləmi ilə əlaqələrində etibarlı platformadır. Bu əməkdaşlığın nəticələri istər Azərbaycan torpaqları işğal altında olan dönəmdə, istərsə də 44 günlük müharibə zamanı özünü göstərdi.

2020-ci ildə Ermənistanın ölkəmizə qarşı təxribatının baş verməsindən bir gün sonra –sentyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanat verərək Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə pislədi və  Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.

İslam Əməkdaşlıq Təşkilatı Baş Katibliyinin noyabrın 16-da  verdiyi növbəti bəyanatında Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə etdi.

2020-ci il noyabrın 28-də Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qəbul edimiş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü, Gəncə, Bərdə, Tərtər şəhərlərinin ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənildi. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirildi.

Bundan başqa müsəlman ölkələri içində Azərbaycana qarşı etimadın yaranmasında dövlət siyasətinin prinsiplərini öz işində əsas prioritet kimi saxlayan QMİ sədrinin töhfələri danılmazdır.

“İmam Qarafi” mükafatı həmçinin  elmi araşdırmaları təşviq etmək və onun fiqh və fətva məsələlərinin xidmətində rolunu qiymətləndirmək məqsədi daşıyır.

QMİ sədri islam dini və dünyəvi elmlər arasında  münasibətləri əlaqələndirən bir alim kimi də tanınır. Allahşükür Paşazadənin hələ SSRİ dönəmində yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur. Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır.

Onun əsərləri islamşünaslığa dair tədqiqatlara böyük təsir göstərib. Bu əsərləri ilə Şeyxülislam Allahşükür Paşazadə özünü təkcə din xadimi kimi deyil, həm də istedadlı tarixçi və filosof kimi tanıda bilib.

Bu mükafatlar həmçinin Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin yürütdüyü multkultural siyasətinə verilən bir qiymət hesab etmək olar.

A.ABBASOV

 

 

 

Əvvəlki məqalə

ABŞ-ın İraqdakı bazası PUA hücumuna məruz qalıb

Sonrakı məqalə

“Ermənistanın silahlandırılması sülhə xidmət etmir” –