“Qoru bu torpağın hər qarışını…” –Etibar Cəbrayıloğlu Zəlimxan Yaqubdan yazır

“Xalq Bank” böyük maraqla qarşılanan “Xalq Əmanəti” layihəsinin yubiley – sayca iyirminci nəşrini bu günlərdə təqdim etdi. Yubiley nəşri müasir Azərbaycan poeziyasının klassiklərindən sayılan Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, onun xalqdan güc alan məhsuldar yaradıcılığının müxtəlif mərhələləri əks olunub.

Misralar meydanda mərmiyə dönsün…

Gücünü torpaqdan, el-obadan alan şair xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr edib. Görkəmli alim, akademik Nizami Cəfərov “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” kitabına yazdığı “Ön söz”də haqlı olaraq qeyd edir ki, şair öz üslubunu xalq ədəbiyyatından, folklordan alıb: “…Etiraf etmək lazımdır ki, şairin yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini (məktəbini) bütöv bir həyat-yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur…”

Zəlimxan Yaqub mütəfəkkir şairdir. O Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı sevərək öyrənir və özü dediyi kimi, “xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur”. Zəlimxan Yaqub yaradıcılığının ən mühüm göstəricilərindən biri onun etnoqrafikliydir. Mənsub olduğu xalqı bir peşəkar tadqiqatçı-etnoqraf səviyyəsində mükəmməl tanıyan şair yaradıcılığının məzmun-mündəricəsindən başlamış forma-intonasiyasına qədər olduqca millidir. Onun yaradıcılığını müasir ədəbi-ictimai mühit şifahi xalq ədəbiyyatı hadisəsi kimi qəbul edir. Şairin öz dərin inamına görə, onun şeiri dövrün, zamanın tələblərinə cavab verir və milli ictimai şüura əhəmiyyətli təsir göstərmək, hissləri, duyğuları coşdurmaq gücündədir.

Ümummilli Lider Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda yazırdı: “Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də qədim Borçalı mahalının Kəpənəkçi kəndində dünyaya gəlib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib, ilk şeiri 1966-cı ildə sovet Gürcüstanının “Qələbə bayrağı”qəzetində işıq üzü görüb.

Böyük şair həm də cəmiyyətimizə əməli fəaliyyəti ilə xidmət edən fəal ictimai xadim kimi tanınırdı. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü idi. 1995-2005-ci illər Azərbaycan Respublikasının Milli Məclisinə birinci və ikinci çağırışda deputat seçilmişdi. 2008-ci ildən ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etmişdi. İctimai-siyasi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub, 2005-ci ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülüb.

Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı yerini müəyyən etmək üçün onun nəhəng istedadını, zəngin dilini, çoxşaxəli yaradıcılığını dərindən araşdırmaq lazımdır. Onun yaradıcılığı poeziyanın janr təsnifatına sığmır: o, sözün geniş mənasında məhəbbət şairidir. Onun yaradıcılığında, bir küll halında baxılarsa, bilavasitə məhəbbət şeirləri, bəlkə də, o qədər çox deyil, ancaq mükəmməldi, ədəb-ərkanlıdı, həyalıdı:

İstanbul qızının teli darandı,
Dedi: Gözəldimi?
Dedim: Gözəldi!

Büllurdan töküldü, nurdan yarandı,
Dedi: Gözəldimi?
Dedim: Gözəldi!

…Baxışı söndürdü odlanan şamı,
Görüşlər həyatın ləzzəti, tamı,
Nurlu İstanbulun aylı axşamı
Dedi: Gözəldimi?
Dedim: Gözəldi!

…Qəlbimin qanını sızan eylədi,
Məni eşqə saldı, yazan eylədi,
Şair Zəlimxanı ozan eylədi,
Dedi: Gözəldimi?
Dedim: Gözəldi!

Akademik Nizami Cəfərovun təbirincə desək, Zəlimxan Yaqub vətənpərvər şairdir – onun üçün vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda təbiətin və coğrafiyanın yetirdiyi milli-mənəvi ruhdur ki, şair bu ruhun həmişə canlı, mübariz və güclü olmasını arzu edir. Xüsusilə vətənin, millətin başının üstünü təhlükələr alanda.

Haqqın var baş olub başda durmağa,
Qaldır məmləkəti ayağa, şeirim!
Misralar meydanda mərmiyə dönsün,
Kəlmələr gülləyə, darağa, şeirim!

Zəlimxan Yaqub bütöv türk dünyasının şairidir – o, mənsub olduğu türk etnosunun tarixini, mədəniyyətini nəinki yaxşı bilən, eyni zamanda bu tarixi, mədəniyyəti (və mentaliteti!) özünün yaradıcı varlığında təcəssüm etdirən bir sənətkar, düşüncə adamıdır.

Zəlimxan Yaqub şair-ideoloqdur – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında ilk dəyərli əsərləri yaradan sənətkardır. “Böyük ömrün dastanı”nda Heydər Əliyevin xilaskarlıq, milli dövlət və millət quruculuğu missiyası yüksək sənətkarlıqla tərənnüm olunur.

Zəlimxan Yaqub ana dilinin şairidir – onun zəngin söz ehtiyatı, mükəmməl poetik sintaksisi, folklor gücündəki bədii təyinləri, təşbehləri, mübaliğələri, təravətli intonasiyası yüksək sənətin tələblərinə cavab verir. Şairin ana dili sevgisi deklarativ deyil, şüar kimi səslənmir, candan-qandan gələn dərin səmimiyyətilə ifadə olunur. Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirri də məhz bundadır. Tarix sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi-halını millətinin həyatı olaraq yaşayan sənətkar-mütəfəkkirlər heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir.

Bu dünyadan getdiyim gün….

Xalq şairi Zəlimxan Yaqub klassik və müasir poeziyamızdan, qədim folklordan saysız-hesabsız nümunələri əzbər bilirdi. Maraqlıdır ki, qüdrətli söz ustasının öz şeirləri də xalqın dilində əzbərdir. 2016-ci il yanvarın 9-da, 65 yaşında dünyadan köçən Xalq şairinin əsərləri oxucularının, poziyasevərlərin yaddaşında və dilindədir. Deməli, Zəlimxan Yaqub yaşayır. “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi çərçivəsində təqdim edilən şairin “Seçilmiş əsərləri” bu fikri bir daha sübut edir.

Nur içində açılaydı hər sabah,
Dan yerində yuyulaydı suç, günah.
Bu dünyadan getdiyim gün, ay Allah,
Bu dünyaya gəldiyim gün olaydı.

Yeri gəlmişkən, “Xalq Əmanəti” layihəsi “Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricində fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə edilir. 10 il ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Tağı Tağıyev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb, böyük maraqla qarşılanıb.

Etibar CƏBRAYILOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şair Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapılıb –

Sonrakı məqalə

İsveç Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarını ölkəyə buraxmayacaq