Qurucu və avanqard lider

Azərbaycan xalqı dövlətin qurulmasında və möhkəmlənməsində misilsiz xidməti olmuş ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir.

Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmur. Heydər Əliyevin qismətinə yazılan bu tale onu qüdrətli Azərbaycan dövlətinin lideri kimi xalqın əbədi yaddaşına yazdı. Azərbaycanda demokratik, hüquqi dövlətin yaranması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesi Heydər Əliyevin xidmətləridir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılıb, əsaslı dəyişikliklər baş verib.

Ulu öndərin sovet dövründə respublikada həyata keçirdiyi böyük tikinti layihələri nəticəsində irimiqyaslı obyektlər, strateji əhəmiyyətli sənaye müəssisələri istifadəyə verildi.

Cəmşid Naxçıvanski adına hərbi məktəbin  yaradılması sonradan ordu quruculuğunda çox böyük rol oynadı. Onun məzunları vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə oldular. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu həmin hərbi liseyin yetirmələridir.

1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanıb, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görürdü. Ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı.

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətləndi. Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyin bərpası üçün bütün gücünü və təcrübəsini qoyaraq ölkədə ictimai-siyasi sabitliyi bərqərar edə bildi.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının bünövrəsini qoydu.

1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə daha bir addım oldu.

BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində Avropa standartlarına uyğunlaşdırılması üçün öhdəliklər əldə etdi. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olundu.

Ulu öndər 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edildi. Azərbaycan bütövlükdə Şərqdə bu tarixi qərara imza atan ilk ölkə oldu. 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi.

Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə yönəlmişdi.

Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycan xalqını bir-birinə bağlayan çox mühüm bağ, ölkənin ideoloji pulsunu müəyyən edən aparıcı prioritet oldu. Hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən təhlükəsizlik orqanlarına milli kadrların cəlb olunması mühüm amil idi.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu yanaşma idarəedici sistemə tətbiq edilməyə başlandı.

Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də, məhz, ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı.

1978-ci ildə Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına salındı. Bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. O, Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı.

Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.

Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən isə, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir.

Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda, həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur.

Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatmasında Heydər Əliyevin böyük payı var.

Onun qanlı 20 Yanvar qırğınından sonra Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək verdiyi bəyanat Azərbaycanın milli dövlətçilik prinsiplərinin əsas hədəflərinin nümayişi  idi.

Böhranlı və mürəkkəb  dövr sayılan 1993-cü ilin iyun qiyamı Azərbaycanda vətəndaş müharibəsinin bir addımlığına gətirdi.

Bu təzadlı bir dövrdə Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Heydər Əliyevin müdrikliyi, səbri və bacarıqlı dövlət xadimi kimi keyfiyyətləri Azərbaycan dövlətini bu dəhşətli bəladan qurtara bildi.

Müstəqil Azərbaycan dövləti parçalanmaq təhlükəsindən qurtuldu. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi tanınır.

Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamağa başladı. Mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirmək naminə xeyli faydalı işlər gördü. Paytaxt şəhərimizdə və respublikamızın ayrı-ayrı bölgələrində əzəmətli abidələr ucaldıldı. Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavidin abidələri şəhərlərimizin ümumi görkəminə xüsusi cazibədarlıq gətirdi.

Məhz ulu öndərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının. Niyazinin, Bülbülün, M.S.Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa mədəniyyət xadimlərinin ev muzeyləri açıldı. Milli mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş bu insanların qaynar fəaliyyətləri ilə yaxından tanış olur və bu fədakar insanlarla fəxr edirlər.

Onun yaxından qayğısı və fəaliyyəti sayəsində Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov, Mustafabəy Topçubaşov kimi şair və ədiblər, bəstəkarlar, elm xadimləri o dövrün ən böyük tituluna – Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

1974-cü ildə Azərbaycanda teatrın yaradılmasının yüz illik yubileyi milli sənət bayramına çevrildi. Moskvada keçirilən uzunmüddətli qastrol səfəri aydınlığı ilə sübut etdi ki, Azərbaycan teatrı hansı mənəvi dəyərlərə malik bir sənət ocağıdır. Məhz ulu öndərimizin təşəbbüsü ilə Azərbaycanda 30-dan çox yeni teatr açılıb.

Azərbaycan xalqı qarşısında Heydər Əliyevin heç bir zaman unudulmayacaq tarixi xidmətləri çoxdur. Dahi Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğma yurdu Naxçıvanda dəfn olunması, Naxçıvanda Cavid ev muzeyinin açılması, Cavidlər kompleksinin yaradılması, Bakıda əzəmətli heykəlinin ucaldılması mədəniyyətimizə, bir sözlə, milli mənəvi dəyərlərimizə, ulu şəxsiyyətlərə göstərilən diqqət və qayğının sonsuz təzahürüdür.

Bu siyasət 2003-cü ildən bu yana prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir. Heydər Əliyevin dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti  dövlətimizi  uğurlu inkişaf yoluna çıxarıb. Bu siyasət Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevrilib.

Prezident İlham Əliyev ölkədə milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı faktoruna çevrilməsi istiqamətində mühüm işlər görür.

Bu siyasi xətti özünün konkret addımları həm də humanist dəyərləri, mütərəqqi prinsipləri ehtiva edir.

Heydər Əliyev hakimiyyətdə olduğu 10 ildə işğal altında olan Qarabağın azad edilməsi onun üçün əsas prioritet idi. Ulu öndər güzəştsiz siyasəti dünya geopolitik gülərinin Qarabağla bağlı sövdələşmlərinə zərbə vurur, Azərbaycan dövlətinin maraqlarını önə çəkərək yalnız bu platformada danışıqlar prosesini yönəldirdi.

H.Əliyev yurdundan qaçqın düşmüş məcburi köçkünlərlə görüşlərində daim torpaqların azad ediləcəyini bəyan edir və Azərbaycan xalqına ümid verirdi. Ulu öndərin siyasətinin əsas hədəfi bu idi. Prezident İlham Əliyevin başçılığı ilə aparılan Vətən Müharibəsi qalibiyyətlə nəticələndi. 30 il işğal altında qalan rayonlar azad edildi. Şuşa azad edilən gün dövlət başçsının Şəhidlər Xiyabanından xalqa müraciətində o ata vəsiyyətini yerinə yetirdiyini, Qarabağı işğaldan azad olunduğunu bəyan etdi.

Həmin günlər bir daha Ulu öndərin ideoloji,siyasi hədəflərini üzərində qurulan böyük bir dövlətçilik sisteminin doğru və qalibiyyətə əsas verən platforma olması subut olundu.

Azərbaycan xalqı və onun bundan sonra yaşayacaq nəsilləri ulu öndər Heydər Əliyevi daim qurucu və Vətənin bütövlüyünü təmin edən siyasətin avanqard lideri kimi xatırlayacaq.

R.VAHİDQIZI

Yazı MEDİA-nın dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Telefonla çox danışdıqda infarkt riski artır

Sonrakı məqalə

Prezidentin köməkçisi quru sərhədlərinin açılması barədə danışdı