Azərbaycan MDB məkanında öz ərazi bütövlüyünü bərpa edən ilk dövlət oldu. Ali Baş komandan İlham Əliyevin başçılığı altında rəşadətli ordumuz Qarabağı azad etdi, ölkədə separatizmin kökü kəsildi.
Sentyabr ayında keçirilmiş xüsusi antiterror tədbiri nəticəsində Xankəndindəki separataçı rejim darmadağın olundu, Azərbaycanın dövlət bayrağı 30 ildən artıq işğal altında qalmış torpaqlar üzərində ucaldıldı.
Qarabağdakı separatçı xuntanın rəhbərləri əlibağlı Bakıya gətirildi.
Bu antiterror tədbiri 2020-ci ildə 44 günlük vətən müharibəsinin əsas prioritetinə möhür vurdu.
Müharibə itkisiz olmur. Təəssüf ki, hərbi əməliyyat zamanı 200-ə yaxın Şəhid verməli olduq. Ölkənin azadlıq simvolu olan Şəhidlər xalqın mənəvi güc yeri, məzarları and yerinə çevrilib.
Axın-axın şəhid dəfnlərinə gələn, azadlıq uğrunda canından keçmiş qəhrəman oğlullarımıza son borcunu vermək üçün tabutunu çiyininə alan insanlar Şəhid mərasimlərində son ana kimi sayğı və hörmətlə iştirak edirdilər. Tutduğu mənsəbindən, statusundan asılı olmayaraq bir yumruq kimi birləşən cəmiyyət əziz övladlarını üərk ağırısı, göz yaşı və qururla son mənzilə yola saldı.
Bu ağır günlərdə Şəhid dəfnlərini təşkil etmək və mərasimi idarə olunması böyük həssaslıq və son dərəcə ciddi yanaşma tələb edirdi.
Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadə bu mərasimlərin təşkili üçün bütün dini cameəni Şəhid dəfnləri üçün səfərbər etmişdi.
Şəhid tabutları qəbul edən QMİ-nin rayonlar üzrə nümayəndələri –qazılar, dini icma başçıları bu ağır və şərəfli mərasimin ön sıralarında yer tutmuşdular. Şəhid nəşlərinin qəbul edilməsi, onların qaydaya uyğun dəfnə hazırlanması üçün din xadimləri göz qırpmadan meydanda oldular. Əziz balaları göz yaşları və müqəddəs kəlmələr altında məzara daşıyanlar şəhid mərasimlərini sona qədər idarə etdilər.
Həssas məqamlarda, şəhid valideynlərinə münasibətdə, ictimai rəyi idarə etmək üçün din xadimləri səbri və lazımi hazırlıqları ilə əlavə sualların ortaya çıxmasına imkan vermədilər.
Hələ 44 günlük müharibə zamanı QMİ şəhid mərasimlərinin idarəsi üçün xüsusi koordinasiya sistemi qura bilmişdi.
Dəfn və anım mərasimlərinin layiqli şəkildə təşkilinin mənəvi əhəmiyyətini nəzərdə tutaraq Qazılar Şurası xüsusi Komissiya yaratmışdı.
Komissiya dəfn mərasimlərində pərakəndəliyə yol verilməməsi üçün Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə koordinasiya mərkəzlərini yaratmışdı. Komissiyanın qərarı ilə yaradılmış bu mərkəzlərdə əziz Şəhidlərimizin nəşinin son mənzilə yola salınması üçün yuyulması, kəfənlənməsi, tabutun hazırlanması və s. zəruri işlər görülürdü. Lazımi təchizat işlərinin təminatı üçün QMİ tərəfindən maliyyə vəsaiti ayrılmışdı.
Bütün Şəhid dəfnləri QMİ-nin səfərbər etdiyi ruhanilərin iştirakı ilə aparıldı, din xadimlərimiz bütün bu dövr ərzində cəbhə bölgələrində ordumuzla çiyin-çiyinə durdular.
Bu dövr ərzində QMİ-nin ayrıdığı maliyyə vəsaitləri, ianələr, ruhanilərin şəxsi vəsaitləri hesabına alınmış ərzaq, lazımi ləvazimatlar hərbçilərə çatdırılıb.
Din xadimlərimiz şəhid və qazi ailələrinin evlərinə gedərək bu şəhid yadigarlarını ziyarət edib, mənəvi dəstək nümayiş etdirib, QMİ-nin yardımlarını ünvanlara çatdırıblar.
Şəhid dəfnlərini onlara layiq hörmət və izzətlə aparan din xadimlərimiz öz borclarını ləyaqətlə yerinə yetirdiklərini demək olar. Şəhidlərimizin pak nəşini vətən torpağına təslim edərkən döyüş ruhunu, imanı, qorxmazlığı təbliğ etdilər.
Ordumuza mənəvi güc verən, əziz Şəhidlərimizin tabutları önündə göz yaşı ilə duran din xadimlərimiz Vətən Müharibəsinin unudulmaz simaları oldular.
Şəhid dəfnlərinin adlarına layiq keçirilməsi, onların uca dinimizin qaydalarına uyğun uğrunda şəhid olduqları vətən torpağına təslimatı, mənəvi güc tələb edən bu prosesi Qafqaz Müsəlmanları İdarəsi layiqincə icra etdi.
Aydın ABBASOV