Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ifadəsini davam etdirib.
Cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından danışan İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovdan danışıb.
O, həbs olunduqdan sonra Şirzad Əsgərov və Şahlar Cəfərovun ona təzyiq edərək cinayəti boynuna götürməyə məcbur etdiklərini deyib: “Həm rəis, həm rəis müavini mənə-hədə qorxu gəlirdi. Şahlar Cəfərov deyirdi ki, boynuna alsan da, almasan da səni tutduracağıq. Məni atamla təhdid edirdilər, cinayəti üzərimə götürməyəcəyim halda onu da gətirib işgəncə verəcəklərini deyirdilər. Sonda işgəncəyə tab gətirə bilməyib təslim oldum”.
O, həmçinin Bakıya istintaq təcridxanasına gətirilən zaman onu müşayiət edən konvoylara rəis müavini Şahlar Cəfərovun rəhbərlik etdiyini və yol boyu da onu təhqir etdiyini bildirib.
İlkin Süleymanov hadisədən tamamilə xəbərsiz olduğunu və cinayəti törətmədiyini bir daha məhkəmənin diqqətinə çatdırıb.
Proses mayın 18-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.