RAMİZ RÖVŞƏN YAZIR:“Tanrının casusu...”

Hadinin adını ilk dəfə eşidəndə mən hələ uşaq idim. Eşitmişdim ki, guya iyirminci ildə qızıl ordu Gəncəyə girəndə atların ayaqları altında əzilib ölən bu şairin heç qəbri də qalmayıb. Bir də ki, Hadinin iki misrasını eşitmişdim:

“İmzasını qoymuş miləl övraqi-həyata,

Yox millətimin xətti bu imzalar içində”.

O misraların birincisi o dəqiqə yadımdan çıxmışdı, amma ikincisi həmişəlik beynimə mismarlanıb qalmışdı. Sonralar hər dəfə Hadidən söhbət düşəndə gördüm ki, bu şairi tanıyanların, hətta sevənlərin hamısı onun haqqında elə mən biləni bilir. Hamı bilir ki, Hadinin qəbri yoxdu və ondan misal çəkəndə hamının yadına elə ən birinci həmin o misra düşür: “Yox millətimin xətti bu imzalar içində”. İllər ötdü, böyüdüm, Hadinin yazdıqlarını da, Hadi haqda yazılanları da oxudum. Sonra Hadinin qəbri də tapıldı. Amma bu gün də “Hadi haqda nə bilirsən?” desələr, yəqin, özümdən ixtiyarsız ən birinci sözüm bu olar ki, Hadinin qəbri yoxdu. Və ondan misal çəkmək istəsəm, ilk ağlıma gələn misra, yəqin, elə bu olar: “Yox millətimin xətti bu imzalar içində…”.

Sözün düzü, çoxdandı ki, Hadi haqda nəsə yazmaq istəyirdim və nədənsə, mənə belə gəlirdi ki, bu yazını mütləq 1902-ci ilin Şamaxı zəlzələsindən başlamaq lazımdı. O zəlzələ minlərlə adamı evsiz-eşiksiz qoymuşdu: iyirmi üç yaşlı Hadi də onlardan biriydi. O zəlzələdən sonra yaşadığı on səkkiz ildə Hadi nə ev-eşik, nə arvad-uşaq yiyəsi oldu. Bu on səkkiz ilin (1902-1920) yarıdan çoxunu sərgərdanlıqda, sürgündə, müharibədə keçirən, heç bir yerdə qərar tuta bilməyən Hadi, bəlkə də, həmin o zəlzələnin əbədi qurbanı idi. Əslinə qalsa, bu dünyaya göz açdığı gündən Hadinin ömründə irili-xırdalı çox “zəlzələlər” olmuşdu:

Uşaq vaxtı atadan yetim qalmışdı, anası onu atıb başqasına ərə getmişdi, qohumların qapısında böyüyən Hadinin yeniyetməlik vaxtı sevdiyi qız da varlı bir taciri ondan üstün tutmuşdu. Və Hadinin ömrü boyu evlənməməsinin bir səbəbi də, yəqin, qadınlardan gördüyü bu ikiqat xəyanət, anasının və sevgilisinin vəfasızlığıydı. Bu inciklik onun 1908-ci ildə çap olunan “Beşikdən məzara qədər bəşərin əhvalı” poemasında bütün çılpaqlığıyla üzə çıxır. Dünya poeziyasının ən müqəddəs obrazlarından biri olan ana haqqında bu cür tikanlı, kinayəli misralara mən heç bir şairdə rast gəlməmişəm. Amma ilk dəfə oxuyanda, mənə maraqlı görünən, bu poemanın tamam başqa bir cəhətiydi; ana bətninin əsarətindən qurtarıb dünyanın əsarətinə düşən adəm övladının buradakı təsviri, Füzulinin “Leyli və Məcnun” poemasında Məcnunun doğulmasını təsvir eləyən misralarla çox səsləşirdi. Füzuli yazırdı:

“Ol dəm ki, bu xakdana düşdü,

Halını bilib fəğana düşdü.

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad…

Olmuşdu zəbani-hali guya

Söylədi ki, “Ey cəfaçı dünya!..

Tədbiri qəm etmək olmaz oldu.

Gəldim, geri getmək olmaz oldu”.

Hadi yazırdı:

“Qanmış kimi bu aləmi, mənfayi-həyatı,

Biçarə çocuq doğdumu, başlar nəvəhatı.

Guya ki, demək istəyir ol kudəki-nalan”

Bu oxşar misraların sayını yenə artırmaq olardı. Amma məsələ bunda deyil. Çünki bu dünyaya gəlməyin peşmançılığı təkcə Füzulidə və Hadidə yox, Füzulidən xeyli əvvəl “Dünya duracaq yer deyil, ey can, səfər eylə” deyən Nəsimidən tutmuş, Hadidən xeyli sonra “Bilsək dünyaya gəlməzdik, Analar aldatdı bizi” deyən bəndənizə qədər saysız-hesabsız şairlərin şeirlərində var. Və Hadinin qələmindən çıxan, özünün “kiçik felyeton” adlandırdığı bu poemanın qəribəliyi, dediyim kimi, dünyaya gələnin yox, dünyaya gətirənin obrazıyla bağlıdı. Əslinə qalsa, Hadinin təsvir elədiyi ana da, bütün anaların gördüyü işi görür; ağlayan körpəsini əmizdirib kiridir, bələyir, nənnidə yırğalayıb yatızdırır. Amma Hadinin gözündə, bu ana “zalımlar zalımı”dı, öz biçarə körpəsinin qənimidi, çünki…

…Biçarəni qoymaz anası olmağa giryan,

Püstanın ucilə tıqayır ağzını hər an.

Sərbəstcə qoymaz ki, bir az ağlasın övlad,

Bir möhri-əsarət vuruyor ağzına bidad.

Dilli ikən ol tifli nasıl lal ediyorlar,

Mahiyyəti-hüriyəti pamal ediyorlar…

Zənciri-təbiisi kəsildi, bəliyorlar,

Bir iplə dəxi qundağı qat-qat sarıyorlar.

Canimi, ənmi, söylə, edirsən onu məhbus?

Ey dəsti-sitəmkar, ayə pənceyi-mənhus!..

Növzad ikən övlad ona, ey lövhi-cəhalət,

“Təlim” ediyor, öyrədiyorsan da əsarət!

Poetik şərtiliyə çox şeyi güzəşt eləmək mümkün olsa da, Ana sevgisini bu şəkildə “qiymətləndirməyi” həzm eləmək çətin idi və bu “nankor” misraların cavabı gec-tez verilməliydi. Doğrudan da, bir müddət sonra Ana haqqında hər misrası Hadinin yazdığının tərsi olan təntənəli bir şeir çap olundu. Yox, bu, Cəfər Cabbarlının məşhur “Ana” şeiri deyildi…

Yatmış ikən duranda növzadın,

Gecələr ağlayanda qalxar idin –

Yatağında, a möhtərəm məxluq!

Səni gördükcə can atardı çocuq,

Köksün ilə onu qucaqlar idin.

Səslənirdi ləbin yanağında,

Sanki bülbül yaşardı bağında,

Çocuq iştə gülün budağında,

Gülüyordu sənin qucağında…

Və Hadinin poemasına parodiya kimi səslənən bu maraqlı misraların müəllifi də bir özgəsi yox, elə Məhəmməd Hadi özüydü…

Əslində, Hadinin həyatı da, şeirləri də, belə təzadlarla doludu. Bu təzadların ən böyüyü, ruhən romantik olan Hadinin, fikir və düşüncə adamı kimi maarifçi olmasıdı. Çünki odla su kimi, əsl şairliklə maarifçiliyin də bir-birinə uyuşması çox çətindi. Şair öz ilahi missiyasını müəllimliklə əvəz eləyəndə, oxucunu öz bəndəsi və ya həmsöhbəti deyil, şagirdi sayanda, ona nəsə demək yox, nəsə öyrətmək istəyəndə, poetik təxəyyülün sərhədləri, istər-istəməz, oxucu şüurunun qavraya biləcəyi həddə qədər daralır və şair təxəyyülü ilə oxucu təfəkkürünün ortaq ərazisi yaranır. Hadinin təkcə böyük istedadı yox, həm də böyük ağlı və biliyi vardı, öz oxucusuna nəsə öyrətmək meyli də çox güclüydü, amma onun öz oxucusuyla ortaq ərazisi, ortaq dili yoxuydu. Və bu mənada, Hadi oxucusuz şair, həm də şagirdsiz müəllim idi. Hadinin şeir dilinin qəlizliyindən çox yazıblar, bəzən onun dilini Füzulinin diliylə də müqayisə ediblər. Məncə, bu müqayisə yersizdi. Çünki Füzuli ilə Hadinin dilə münasibəti bir-birinin əksidi. Və yaşadıqları dövrdə, Füzulinin yazdıqlarını ondan sadə, Hadinin yazdıqlarını ondan qəliz yazmaq, bəlkə də, qeyri-mümkün idi. Odur ki, Füzulinin yazdığı hər üç dildə türkcə, farsca, ərəbcə bülbül kimi ötsən də, yenə onun şeirlərindəki sətiraltı mənaları tam açmağa gücün çatmayacaq. Bunun üçün həm Füzulinin duyduqlarını duymaq, həm də bildiklərini bilmək lazımdı. Amma Hadinin ilk baxışda çox qəliz görünən misralarının o qədər də dərin və sirli sətiraltı dünyası yoxdu. O misralardakı fars və ərəb sözlərini dilimizə çevirib, sadə, anlaşıqlı bir dilə gətirsək, hər bir məktəblinin o şeirləri çox gözəl anlayacağına mən inanıram. Sözün düzü, səksəninci illərin əvvəlində mən özüm belə bir fikrə düşmüşdüm, Hadinin sevdiyim şeirlərindən bir-ikisini sadələşdirməyə çalışmışdım və bu vaxt qəribə bir mənzərənin şahidi oldum: o şeirlər sadələşdikcə dayazlaşırdı. Sən demə, Hadinin şeirlərinin cazibə qüvvəsi, həm də onun dilinin qəlizliyindəymiş. Bir çox sözlərini başa düşməyimiz və ya səhv başa düşdüyümüz o şeirlər bizim oxucu fikrimizi dolaşdırıb azdırır, təsəvvürümüzdə müəllifin ağlına gəlməyən mənzərələr yaradır. Elə bil ki, hardansa uzaqdan keçən bir qatarın fit səsini eşidirsən və həmin o fit səsinin uzunluğuyla hesablayıb, görmədiyin o qatarın vaqonlarının sayını bilmək istəyirsən. Doğrudanmı, Hadinin şeir dilinin qəlizliyi bir şair kimi onun bədbəxtliyidir? Sözün düzü, bu suala birmənalı cavab vermək mənim üçün çətindi..

…Məşhur Amerika yazıçısı Folkner sənətdə böyük məğlubiyyətləri xırda qələbələrdən üstün tuturdu. Çünki böyük məğlubiyyətin arxasında cəhdin böyüklüyü dayanır. Bu mənada, Azərbaycan poeziyasının ən böyük məğlubiyyəti, yəqin ki, Hadinin adıyla bağlıdı. Çünki bu məmləkətdə heç bir şair “Beşikdən məzara qədər bəşərin əhvalı”nı və ya “İnsanların tarixi faciələri”ni yazmağa cəhd eləməyib…

Həyatın səsləri guşumda həp fəryad şəklində,

Bu insanlar ki, qardaşdır və lakin yad şəklində,

Ədavət daima vardır, məhəbbət ad şəklində,

Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,

Müsibətlər, bəlalar qüssələr abad şəklində,

Ürəklər qəm odilə hər zaman bərbad şəklində…

Hadinin fikrincə, bəşərin beşikdən məzara gedən yolu zülm və əsarətdən keçirdi. Adəmdən üzübəri insanların tarixi faciələri də ədavətdən, xəyanətdən, nəfsdən, tamahdan, bir sözlə, insana xas olan yüz cür günahdan doğurdu. Hadi özü azad adam idi, bu dünyada heç kimə və heç nəyə bağlı deyildi, deməli, kiminsə, nəyinsə xətrinə günaha batmağa da ehtiyacı yoxuydu. Amma Hadinin canındakı bu azadlıq duyğusu təkcə şeirə, sözə çevrilməklə doymurdu, onu səyahətlərə, təhlükə və macəralara çağırırdı. Bu cəhətdən Hadi dünyanın bir çox romantik şairlərinə bənzəsə də öz müasiri Caviddən xeyli fərqlənirdi. Caviddə romantik şairlərə qətiyyən xas olmayan bir oturaqlıq, evə, ailəyə bağlılıq vardı. Amma yox!.. Sən demə, Cavidin taleyinə də “səyahət” yazılmışdı: Azərbaycanın bu romantik şairi də öz ömrünü evdən-eşikdən uzaqda, soyuq Maqadanda, sürgündə başa vurmağa məhkum idi…

Haçansa Hadinin həyatında da bir sürgün əhvalatı olmuşdu. Səksəninci illərin əvvəlində, qocaman yazıçılarımızdan biri həmin o sürgünlə bağlı mənə maraqlı bir rəvayət danışdı. …1908-ci il Türkiyə inqilabından ruhlanan Hadi bir-iki il sonra İstanbula gedir. Amma orda da dilini dinc qoymur, qəzet və jurnallarda yazdığını yazır, yaxşıya yaxşı, pisə pis deyir və görünür, “pis” dediyi adamlar onun üstünə “rus casusu” adı qoyub Salonikə sürgün edirlər. Uzun əzablardan, əziyyətdən sonra, axır ki, onu sürgündən azad eləyib əvvəl İstanbula, ordan da, 1914-cü ildə gəmiylə vətəninə qaytarırlar. Və taleyin acı zarafatına bax ki, yolda o gəmini yunanlar saxlayırlar, adamları yoxlayıb yenə yazıq Hadidən yapışırlar, bu dəfə də üstünə “türk casusu” adı qoyub həbs etmək istəyirlər və bu vaxt o gəmidə olan bir erməni həkim Hadinin dadına çatır: – Mən bu yazığı tanıyıram, – deyir, – şairdi. Türklər “rus casusu” deyib bunu Salonikə sürgün eləmişdilər, indi siz də “türk casusu” deyib həbs etmək istəyirsiniz?!. Xülasə, o həkim Hadini yunanların əlindən alır. Amma o erməninin Azərbaycan ədəbiyyatı qarşısındakı “xidmətləri” bununla bitmir. Həmin o qocaman yazıçımız danışırdı ki, otuz yeddinci ildə o həkimi tutub Sibirə sürgün edirlər və Maqadanda, Cavidin ömrünün son günlərində, o həkim xəstə şairin qulluğunda dayanır… Sözün düzü, bu rəvayətin həqiqətə nə dərəcədə yaxın olduğunu mən bilmirəm. Və nə vaxtsa bu dünyada bir yaxşı erməninin olduğuna inanmağa da əsas görmürəm. (Amma o erməninin axırına da Maqadan şaxtası çıxdı.) Əslinə qalsa, o vaxt o söhbətdə mənə maraqlı görünən Hadinin “casusluğu” idi. Yox, məsələ onun “rus və ya türk casusu” olmasında deyildi. Allahın bu dünyaya göndərdiyi şairləri insanlar arasında “Tanrı casusu” sayanlar, bəlkə də, haqlıdı. Bu mənada, təpədən dırnağacan şair olan Məhəmməd Hadi Tanrının ən sədaqətli “casuslarından” idi. Və Hadinin heç kəsin başa düşmədiyi qəliz bir dildə yazılmış, az qala şifrələnmiş şeirləri də, bəlkə bizə yox, onu bu dünyaya göndərənə ünvanlanmışdı. …Tanrının Hadini çox gözəl başa düşdüyünə heç bir şübhəm yoxdu…

“Ədəbiyyat qəzeti”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Skotçla divara yapışdırılmış banan 120 min dollara satılıb

Sonrakı məqalə

BMT İnsan Haqları Şurasına yeni rəhbər təyin edilib