Roma Papası XIV Leo şənbə günü müharibə, cəmiyyətdə parçalanma və siyasi qütbləşməyə qarşı indiyədək ən sərt çağırışlarından biri ilə çıxış edib.
Associated Press xəbər verir ki, pontifik San-Marinoya səfəri zamanı, daha sonra isə İtaliyanın Rimini şəhərində on minlərlə katolik qarşısında çıxış edib. O, mövcud münaqişələrə dialoq, dostluq və sülhə can atmaqla cavab verməyə çağırıb.
Riminidə çıxışı zamanı XIV Leo insanların düşüncələrini, sözlərini və dövlətləri yenidən silahlandıran bir mədəniyyətin yayıldığını bildirib. Onun sözlərinə görə, xristianlar bu tendensiyaya mərhəmət, insanlarla ünsiyyət və dialoqa hazır olmaqla qarşı çıxmalıdırlar.
“Düşmənlər ola bilməz”, – Roma Papası deyib.
Pontifik vurğulayıb ki, hətta qarşı tərəf də görüşülməsi və danışılması vacib olan bir insan kimi qəbul edilməlidir.
Papa hakimiyyət strukturlarını da tənqid etdi
XIV Leo yoxsulluq, bərabərsizlik, müharibələr və ekoloji fəlakətlərin yaranmasına səbəb olan ədalətsiz hakimiyyət strukturlarına qarşı mübarizə aparmağa çağırıb.
O, əməyin “mənfəətə pərəstişdən” azad edilməsinin və texnologiyalardan dağıdıcı məqsədlərlə istifadəyə yol verilməməsinin vacibliyini vurğulayıb.
“Gənclər gələcək üçün təhlükə deyil”
Papa çıxışının mühüm hissəsini gənclərə həsr edib və onları ümid mənbəyi adlandırıb.
“Özünüzü tamamilə həsr etməkdən qorxmayın!”, – deyə XIV Leo gənclərə müraciət edib.
O, gənclərin “gələcəyin ümidverici olduğunun göstəricisi, təhlükə olmadığını” bildirib.
San-Marinoda isə pontifik azadlıq, qarşılıqlı hörmət və ictimai həmrəyliyin əhəmiyyətindən danışıb. O, kiçik respublikanı artan inamsızlıq və parçalanma dövründə ictimai xidmət və birlik baxımından dərs verə biləcək “yaxşı siyasət laboratoriyası” adlandırıb.
XIV Leo müasir dünyanın “çoxsaylı münaqişələrlə yaralandığını” qeyd edib. Onun sözlərinə görə, xristianlar zorakılıq və insanlardan qorxuya bağışlama, həmrəylik və ən həssas insanların müdafiəsi ilə cavab verməlidirlər.