Rusiya Dumasının komitə sədri Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış edib

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədri Oleq Matveyçev Azərbaycana qarşı təxribatçı bəyanatla çıxış edib.

Dumanın hakim Vahid Rusiya Partiyasından olan deputatı “rusarminfo” saytına açıqlamasında Azərbaycanın və Türkiyənin ünvanına təxribatçı fikirlər səsləndirib.

Belə ki, Rusiya ermənilərinin informasiya saytının Kremlin sözçüsü Dmitri Peskovun bu gün yayılan “Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli razılaşmaları vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir. Rusiya tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırdır” bəyanatı ilə bağlı sualını cavablandıran Matveyçev guya Azərbaycan və Türkiyənin münaqişənin davam etdirilməsində maraqlı olduqlarını deyib. O, Bakı və Ankaranın münaqişəni davam etdirmək üçün Ermənistanı təxribata çəkdiklərini qeyd edib.

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh olan komitə sədri indiyə kimi əldə olunan üçtərəfli razılaşmaların və münaqişənin dayanmasının guya Azərbaycan və Türkiyəni qane etmədiyini bildirib. “Onlar hesab edirlər ki, tamamilə hər şeyi əldə edə bilərdilər. Lakin Rusiya ilə hesablaşmaq məcburiyyətində qaldılar. Buna uyğun olaraq dayandılar”, – deyə rusiyalı ermənipərəst parlamentari Azərbaycan ilə Rusiya arasında olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan açıqlama verib. (APA)

Əvvəlki məqalə

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı

Sonrakı məqalə

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini qəbul edib –