“Əlbəttə Azərbaycanla Rusiya arasında imzalanan “Moskva bəyannanməsi” müzakirə oluna, siyasi mövqelər ifadə edilə və şərhlər verilə bilər”.
Bu barədə Azpost.info-ya Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, AXP və onun əməkdaşlıq etdiyi partiyalarda “Moskva bəyannaməsi” barədə fikir mübadiləsi aparılacaq. “Çünki bu Azərbaycan üçün həyati maraqları olan məsələdir və bu məsələ barədə fikirlərin öyrənilməsi faydalı olar”, – deyə Pənah Hüseyn əlavə edib.
AXP sədri hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə də müzakirələri istisna etməyib: “Doğrudur, Yeni Azərbaycan Partiyası ilə bu məsələnin müzakirəsi gündəmdə deyil. Ümumiyyətlə, son bir neçə ildə hakim partiya ilə xüsusi bir müzakirə predmeti olan hansısa fəaliyyət olmayıb. Burada müharibə dövründəki bəyanatlar istisnadır. O da müzakirə deyil, hazırlanmış mətnlərə həmrəylik ifadəsi edilməsi şəklində olub. Yəni, bir sıra sənədlərdə Azərbaycan Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyasının imzaları var. Bununla belə, təşəbbüs olarsa, əlbəttə müzakirəyə qatılarıq. Böyük ehtimalla mən özüm müzakirələrdə iştirak edərəm. Amma hələ ki, belə bir təşəbbüs yoxdur. Yeri gəlmişkən, bəyannamə imzalanan gün hələ mətn bəlli deyildi, bir neçə QHT tərəfindən – icazə verin onların adını açıqlamayım – sənədin müzakirəsi təşəbbüsü irəli sürüldü, mənə də zəng etmişdilər. Amma davamı gəlmədi”.
Azpost.info