“Rusiya İran qaçaqmalçılarının əli ilə Ukraynaya silah göndərir” –“The Guardian”

Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlar üçün İraqdan sursat və texnika alır.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” qəzeti İranın dəstəklədiyi İraq silahlı qüvvələrinin üzvlərinə və regional kəşfiyyat xidmətlərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən ay İraqdan Rusiyaya tank əleyhinə əl qumbaraatanı, tank əleyhinə raketlər və Braziliya dizaynlı çoxsaylı reaktiv yaylım atəşi sistemləri göndərilib. Bundan başqa, İran hakimiyyəti Moskvaya Rusiyanın S-300-lərinə bənzər Bavar 373 raket kompleksi hədiyyə edib: “Silah alveri ilə məşğul olan cinayət dünyasından istifadə Rusiyanın strategiyasında kəskin dəyişiklikdən xəbər verir. Moskva Ukraynaya müdaxilənin səbəb olduğu yeni sanksiyalardan sonra Suriyadakı hərbi müttəfiqi İrana arxalanmağa məcburdur”.

Qəzetin yazdığına görə, güclü şiə qruplaşması olan “Əl-Haşd əş-Şaabi”yə məxsus tank əleyhinə əl qumbaraatanı və tank əleyhinə raketlər martın 26-da “Salamca” sərhəd keçid məntəqəsindən İrana çatdırılıb. Orada İran hərbçiləri tərəfindən qəbul edilib və dəniz yolu ilə Rusiyaya göndərilib.

“Əl-Haşd əş-Şaabi”dəki mənbənin bildirdiyinə görə, aprelin 1-də adıçəkilən qruplaşma Braziliya istehsalı olan iki Astros II raket buraxılış qurğusunu hissələrə ayıraraq İrana göndərib: “Ağır silahların hara getməsi bizi maraqlandırmır. ABŞ-a qarşı yönəldilmiş hər şey bizi xoşbəxt edir”.

Azpost.info

Əvvəlki məqalə

23-24 apreldə IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

Sonrakı məqalə

“Başqa seçimimiz yox idi…Məqsədimizə nail olacağıq” –