Rusiya keçmiş sovet ölkələrinin müstəqilliyini tanımaqdan imtina barədə qanun hazırlayır

“Ötən həftə Litvanın müstəqilliyinin SSRİ tərəfindən tanınması haqqında qərarın denonsasiyası haqqında təqdim edilən qanun layihəsi yalnız ilk belə təşəbbüsdür. Postsovet ölkələrinin müstəqilliyini tanımaqdan imtina ilə bağlı başqa təkliflər də ola bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının hakim partiyadan olan deputatı Yevgeni Fedorov deyib. Deputat Latviya, Estoniya və Ukraynanın müstəqilliyi ilə bağlı analoji sənədlərin denonsasiya oluna biləcəyini istisna etməyib: “Sadəcə biz Litvadan başlamışıq. Səbəbi aydındır – Litva Rusiya üçün Kalininqrad bölgəsi ilə bağlı vəziyyət, NATO və ABŞ-la qarşıdurma baxımından daha təhlükəlidir. Buna görə də, indi Litva daha vacibdir. Lakin bu, bizim bununla dayanacağımız anlamına gəlmir”.

Onun fikrincə, Baltikyanı respublikalar və Ukrayna SSRİ-dən mövcud qanunvericilik normalarından yan keçərək çıxıblar: “NATO Nizamnaməsində 6-cı bənd var ki, ona görə mübahisəli ərazilər alyansın bir hissəsi ola bilməz. Baltikyanı ölkələrin əraziləri mübahisəli kimi tanınan kimi, bu, Baltikyanı ölkələrin NATO-dan çıxarılması üçün əsas olacaq. Yəni məlum olacaq ki, bu ölkələr NATO-ya qəbul olunanda mübahisəli ərazilər prinsipi pozulub, lakin bu barədə məlumat ancaq indi üzə çıxıb”.

Fedorov hesab edir ki, SSRİ ərazisi 1991-ci ildə qeyri-qanuni şəkildə parçalanıb və bu səbəbdən postsovet ölkələrində hərbi münaqişələr baş verir: “İkinci dünya müharibəsinin nəticələrinə yenidən baxılması üçüncü qlobal münaqişənin başlanmasına gətirib çıxaracaq”.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ hər ay Ukraynaya 1,5 milyard dollar ayıracaq” –

Sonrakı məqalə

“Bu qələbə digər idman növləri üçün gözəl nümunədir” –