Rusiya orduda xidmət müddətini artırmaq istəyir- Yenidən 2 il olacaq?

“Rusiyada hərbçilərin peşəkarlığını artırmaq üçün orduda xidmət müddətini artırmaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirib.

“Mən çoxdandır ki, daha uzun xidmət müddətinin tərəfdarıyam. Əsgərlər və dənizçilər orduda nə qədər çox vaxt keçirsələr, bir o qədər təcrübəli və daha koordinasiyalı olarlar ki, bu da qoşunlarımızda indi tez-tez çatışmır”, – Juravlev deyib.

O hesab edir ki, hərbi qulluqçular dövlətdən maddi nemətlər və müavinətlər almaq üçün orduya qoşulmamalıdırlar, çünki mənzil müqaviləsi bağlayan insanlar vətənlərinin müdafiəçisi olmayacaqlar. Komitə yetkilisinin fikrincə, hərbçilər üçün əşərəf və xalqın onlara hörməti əsas olmalıdır: “İndi əsgər, zabit cəmiyyətin elitası olmalıdır. Həmişə belə olub – həm çar Rusiyasında, həm də Sovet İttifaqında. Nəhayət ki, hərbi formalı insanlara qarşı belə münasibəti qaytarmağın vaxtı çatıb”.

Eyni zamanda, Juravlev əmindir ki, hərbçilər bütün bunlara layiq olmalıdırlar: “Bunun üçün təkcə paradlarda yürüş etmək deyil, həm də lazım gələrsə, Vətən uğrunda can vermək lazımdır”.

Bu arada, açıq mənbələrdən alınan məlumatlara görə, Juravlevin özü nə Sovet, nə də Rusiya ordusunda xidmət edib.

Bir müddət əvvəl Moskva vilayətinin hərbi komissarı Mixail Fotin bildirmişdi ki, Rusiyanın şimal qonşuları Finlandiya və İsveç NATO-ya qoşulsa, hərbi xidmət müddəti iki ilədək uzadılacaq.

Təşəbbüsü Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Viktor Bondarev də dəstəkləyib. Onun sözlərinə görə, orduda insana yeni texnika ilə necə davranmağı 2 ilə daha yaxşı öyrətmək olar. “Düşünürəm ki, bütün bunlar dəstəklənəcək, bizim başqa seçimimiz yoxdur”, – senator qeyd edib.

Senator Vladimir Cabarov da eyni fikirdə olub: “Biz iki il orduda xidmət etmişik. Birinci il əsasən təlim keçdik. İkinci ilin hərbçisi isə artıq hazır döyüşçü idi”.

Təşəbbüsə cavab olaraq Rusiya Müdafiə Nazirliyi heç nəyi dəyişməyi planlaşdırmadığını bəyan etmişdi.

Rusiyada məcburi hərbi xidmət müddəti 2008-ci ildə 1 ilə endirilib.

Azpost.info

 

Əvvəlki məqalə

“Tvitter”siz də keçinərəm, şəbəkə ABŞ-ın nəzarətinə keçib”

Sonrakı məqalə

Azərbaycanla Türkmənistan arasında ticarət kəskin artıb –