“Rusiya-Ukrayna müharibəsi başlayandan qazla bağlı 10 ölkədən müraciət almışıq” –PREZİDENT

“Biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı söyləyib.

Prezident deyib ki, burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq.

“Ümumilikdə deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var – Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri.

Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir”-deyə dövlət başçısı vurğulayıb.

Əvvəlki məqalə

Prezident Forumda Rusiya ilə münasibətlərdən danışdı:

Sonrakı məqalə

Prezident İlham Əliyevin İtaliyaya səfəri başa çatıb