Rusiya “Yehova Şahidləri” təriqətinin 200 üzvü terrorçu elan edilib

08 Fevral 2020 - 09:00

Rusiyanın hüquq-mühafizə orqanları Yehovanın Şahidləri adı ilə tanınan xristian dini cərəyanının 200-dən çox üzvünü ekstremistlər və terrorçuların siyahısına əlavə edib.

Dini qrupa qarşı bu təqib nəticəsində onların ölkənin maliyyə sistemi ilə əlaqəsi tamamilə kəsilib. Belə ki, siyahıda adı olan şəxslərin bank hesabları dondurulur və hər hansı maliyyə transzaksiyalarına ciddi məhdudiyyətlər tətbiq olunur.

Rusiya Yehovanın Şahidlərini rəsmi olaraq 2017-ci ildə qadağan edərək, qrupu ekstremist təşkilat elan edib. Kremlin müxalif fəallara və dini azlıqları təqib etmək üçün qeyri-müəyyən ekstremizm qanunlarından istifadə edib.

2017-ci ildən bəri qrupun yüzlərlə üzvü reydlər, həbslər və mühakimələrlə üzləşib. Təşkilatın iyirmi dörd üzvünə qarşı ittihamlar irəli sürülüb, onlardan doqquzu həbs cəzasına məhkum edilib, 300-dən çox insan üzərində isə hazırda cinayət istintaqı aparılır.

Yehovanın Şahidləri bildiriblər ki, qara siyahıya salınmış dindarların çoxu hələ ki, məhkum edilməsə də, istintaq altındadır.

Yehovanın Şahidlərinin ABŞ-da yerləşən baş qərargahının nümayəndəsi Carrod Lopes cümə günü bildirib ki, Rusiyanın hüququ-mühafizə orqanları dini qrupun üzvlərini “təhqir edir və onların ən sadə ehtiyaclarını ödəmələrinin qarşısını alır”.

“Aydındır ki, Rusiya dözümsüz Sovet sələfləri kimi, Yehovanın Şahidlərini amansız şəkildə təqib etməklə tarixin ən qaranlıq dövrünü bərpa edib” deyə o bildirib.

Rusiyanın maliyyə kəşfiyyatı agentliyinin Rosfinmonitoring vebsaytında yerləşdirilən reyestrdə hazırda 9500-dən çox insanın adı var. Siyahıdakı şəxslərin hər hansısa bir təşkilata mənsubiyyəti barədə məlumat yazılmasa da, Associated Press xəbər agentliyi siyahıda ən azı 25 nəfərin Yehovanın Şahidləri icmasına aid olduğunu müəyyənləşdirib.

Rusyia Prezidenti Vladimir Putin məsələni nəzarətə götürəcəyini bildirsə də, qrup üzvlərinə qarşı təqiblər davam edir.

“Yehovanın Şahidləri də xristiandırlar. Buna görə də onların nə üçün təqib edildiyini başa düşmürəm” – deyə, Putin 2018-ci ildə İnsan Hüquqları Şurası ilə görüşdə bildirib.