Rusiyalı deputatın Azərbaycana girişi qadağan edildi

Rusiyalı deputatın Azərbaycana girişi qadağan edildi. Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.
AzPost xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı suala cavabında deyib.
“Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.
Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda “arzuolunmaz şəxs” kimi müvafiq siyahıya daxil edilib.
Təəssüflə bildirmək istərdik ki, ölkəmizə qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.
Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaqdır”, – XİN rəsmisi vurğulayıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.