Rusların sərhəddən avro keçirməsinə qadağa qoyulub - Gömrükçülər müsadirə edir

Finlandiya gömrükçüləri rusların sərhəddən nağd avro keçirməsinə qoyulan qadağanın səbəbini izah ediblər.

Azpost.info xəbər verir ki, Finlandiyanın Gömrük Nəzarəti Departamenti qadağanın Avropa İttifaqının (Aİ) sanksiyaları ilə bağlı olduğunu deyib.

Departament Aİ Şurasının Əsasnaməsinin 5i maddəsinə istinad edib: “Avropa İttifaqının üzv dövlətinin hər hansı rəsmi valyutasında olan əskinasların Rusiyaya və ya Rusiyadakı hər hansı şəxs və ya quruma, təşkilata və ya orqana, o cümlədən hökumətə və Mərkəzi Banka satılması, çatdırılması, köçürülməsi və ya ixracı qadağandır”.

Qadağa Rusiyaya səfər edən və şəxsi istifadə üçün valyuta aparan Aİ vətəndaşlarına, həmçinin Rusiyadakı diplomatik nümayəndəliklərə, konsulluq idarələrinə və ya beynəlxalq hüquqa əsasən immunitetlərdən istifadə edən beynəlxalq təşkilatlara şamil edilmir.

Qeyd edək ki, dünən Finlandiya gömrükçüləri rusların sərhəddən nağd avro keçirməsinə imkan verməyiblər. Finlandiya sərhədindən evə qayıdan ruslardan avro əskinasları müsadirə edilib.

Martın 2-də Avropa İttifaqı Ukraynada xüsusi əməliyyatın başlamasından sonra tətbiq etdiyi sanksiyalar çərçivəsində avro əskinaslarının Rusiyaya satışı və çatdırılmasını qadağan edib. Qadağa hökumət və Mərkəzi Bank da daxil olmaqla, Rusiyanın bütün fiziki və hüquqi şəxsləri, təşkilat və orqanlarına şamil edilir.

Əskinasların “şəxsi ehtiyaclar üçün” lazım olduğu hallar istisna sayılır. Lakin Aİ məlum sənədində şəxsi ehtiyacla bağlı məbləğə məhdudiyyət qoymayıb. Məsələn, Litva gömrüyü Rusiya və Belarusa tətbiq etdiyi bu məhdudiyyətdə konkret məbləğ göstərib. Belə ki, bu iki ölkənin vətəndaşları sərhəddən “şəxsi istifadə üçün” 60 avrodan çox pul keçirə bilməzlər.

Azpost.info

Əvvəlki məqalə

“Əfqanların qışdan sağ çıxması üçün təcili 770 milyona ehtiyac var”

Sonrakı məqalə

Zaqatalada dağlıq-meşəlik ərazidə yanğın başlayıb