Rusiyalıların təxminən üçdə biri (30,6 faiz) Ukraynadakı müharibə, Rusiya rəhbərliyinin siyasi kursundan narazılıq, maliyyə problemləri və emosional stress səbəbindən planlaşdırılan uşaq doğulmasını təxirə salmaq və ya ondan tamamilə imtina etmək qərarına gəlib.
Azpost.info xəbər verir ki, bunu Rusiya Milli Tədqiqat Universitetinin “Problems of Economics” elmi jurnalında dərc etdiyi araşdırmanın nəticələri ortaya qoyur.
Sorğunun nəticələrinə görə, uşaq sahibi olmaq planlarından imtinanın əsas səbəbləri ölkədəki siyasi və iqtisadi qeyri-sabitlik, maliyyə çətinlikləri, Ukraynadakı müharibə, eləcə də şəxsi (mənfi emosiyalar, tərəfdaşla münasibətlər) və fizioloji amillərdir.
Eyni zamanda, ən çox uşağın doğulmasından imtina etmək və ya təxirə salmaq qərarına gələn respondentlər səbəb kimi müharibəni, siyasi və iqtisadi vəziyyətdən narazılığı, pulla bağlı çətinlikləri qeyd ediblər.
“Rosstat”ın məlumatına görə, 2023-cü ildə Rusiyada 1,264 milyon uşaq doğulub. Bu, 1,214 milyon yeni doğulmuş körpənin qeydə alındığı 1999-cu ildən bəri minimum rəqəmdir. Ölkədə doğum səviyyəsi son 9 il ərzində azalmaqdadır.
Azpost.info