Şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanacaq və sistemləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, “Zəfər” altsistemində habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestri aparılacaq.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı altsistemə daxil edəcəklər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) strukturuna daxil olan reyesterlərin sayı artırılıb.
Yeni yaradılan reyesterlər aşağıdakılardır:
– “Məşğul şəxslərin” reyestri;
– “Əlilliyi olan şəxslərin” reyestri;
– “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin” reyestri;
– “Müharibə veteranları” reyestri.