Şəkər xəstələri üçün dərmanlar niyə yoxa çıxıb?

Diabet xəstələri şəhər və rayon poliklinikalarında insulin və digər pulsuz dərmanların verilməsində uzun fasilələrlə üzləşirlər. 

Azpost.info bildirir ki, bu barədə “Kaspi” qəzeti məlumat verib.

Qəzetin məqaləsində deyilir ki, sosial platformalarda da problemlə bağlı bu tipli status və rəylər artmaqdadır. Növbələrdə “Dərmanlar yoxa sıxıb”, “qanda şəkəri ölçən cihazlar (qlükometrlər), test striplər və dərman preparatları apteklərə satılır və ya öz tanışlarına verirlər” kimi fikirlər də səslənir.

Bir neçə poliklinika dərmanların verilmədiyini təsdiqləyib.

Qeyd edək ki, ölkəmizdə şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Qanun bu tip insanlara dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən etməklə yanaşı, xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan diabetli şəkər xəstələrinin sayı 385 179 nəfərdir ki, onlardan 1 044 nəfər insulindən asılı, 29 456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Tibbi Ərazi Bölmələrinə Nəzarət İdarəsindən (TƏBİB) bildirilib ki, dərman preparatlarının satınalması proseduru keçirilib: “Tibb müəssisələrinin təqdim etdiyi tələbnaməyə uyğun olaraq cari ay üzrə dərmanların paylanılmasına qısa müddətdə başlanılacaq. Hazırda istehlakçı şirkətlə müqavilə imzalanma mərhələsindədir”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli problemi dövlət satınalmaları üzrə özəl şirkətlərlə dövlət müəssisələri arasında yaşanan problemlərlə izah edib. Onun sözlərinə görə, istər şəkər dərmanları olsun, istərsə də müxtəlif tibbi avadanlıqların alınması ilə bağlı bütün tenderlərin qalibi özəl şirkətlər olur. Onların həmin tenderdə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmələri üçün müəyyən maliyyə yubantıları baş verir: “Regionlardan tutmuş mərkəzə qədər elə dəqiq koordinasiya qurulmalıdır ki, bütün qeydiyyata duran xəstələrin məlumatları açıq bazada olsun. Proqnoz və kommunikasiyalar düzgün aparılmalıdır”.

Əvvəlki məqalə

Paşinyan üçün çalınan “kilsə zəngi” –

Sonrakı məqalə

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?