“Səddam Hüseynin dövründə daha yaxşı yaşayırdıq” –Gallup”un İraqda SORĞUSU

İraqda keçirilmiş sorğuya görə, əhalinin əksəriyyəti 2003-cü ildə ABŞ-ın işğalından sonra ölkədə həyat şəraitinin pisləşdiyini düşünür. Sorğu İraqın keçmiş prezidenti Səddam Hüseynin devrilməsinin 20-ci ildönümü ilə bağlı keçirilib.

Azpost.info “BBC News Ərəbcə”yə istinadən bildirir ki, fevral ayında Gallup International İraqın bütün 18 bölgəsində ölkə əhalisinin tərkibinə uyğun olaraq 2024 sakin arasında sorğu keçirib.

İraqın hazırkı vəziyyətini ABŞ işğalından əvvəlki vəziyyətiylə müqayisədə edən respondentlərin 60 faizi vəziyyətin pisləşdiyini, 40 faizi isə yaxşılaşdığını söyləyib.

2003-cü ildən sonra İraqın şiə ərəb çoxluğunun siyasi təsiri güclənib və bu, sünni ərəblər, kürdlər və digər azlıqlar arasında narazılığa səbəb olub. Sünni müsəlmanların əksəriyyəti, təxminən 54 faizi Səddam Hüseynin dövründə daha yaxşı yaşadıqlarını düşünürlər.

Bu cür bədbin dəyərləndirməyə baxmayaraq, bəzi yaxşılaşma əlamətləri də var. Belə ki, hər üç respondentdən yalnız biri İraqın vəziyyətinin pis olduğunu düşünür.

Gallup International-ın 2003-cü ildə keçirdiyi sorğuda eyni sualı cavablandıran iraqlıların hər üçündən ikisi o zaman vəziyyətin pis olduğunu bildirmişdi.

ABŞ 2003-cü ildə ölkədə kütləvi qırğın silahlarının olması və Səddam Hüseyn rejiminin qlobal təhlükəsizliyə təhdid yaratması bəhanəsiylə İraqa hücum edib.

Ancaq İraqda kütləvi qırğın silahlarına dair heç bir dəlil aşkar edilməyib. Müharibə yüz minlərlə iraqlının ölümünə və ölkədə uzun müddət davam edən qeyri-sabitliyə səbəb oldu.

ABŞ hökuməti özünə bəraət qazandırmağa çalışsa da, iraqlıların çoxu ABŞ-ın müharibəyə başlamasının əsl səbəbləri barədə əvvəlki tək Amerikanın arqumentlərindən fərqli fikir söyləyirlər.

İraqlıların təxminən 51 faizi hesab edir ki, ABŞ-ın məqsədi İraqın təbii sərvətlərini oğurlamaq olub.

Sorğuda iştirak edənlərin 29 faizi işğalın məqsədinin Səddam Hüseyn rejimini devirmək olduğunu düşünür. ABŞ hərbi-sənaye kompleksinin maraqları, terrorizmlə mübarizə və İraqda demokratiya qurmaq kimi digər səbəblər cavablarda daha az sayda qeyd olunub.

İraqda ABŞ əsgərlərinin sayı 2007-ci ildə 170 min təşkil edib, hazırda isə ölkədə təxminən 2500 ABŞ əsgəri var.

İraqın cənubunda yaşayan respondentlər Amerika hərbçilərinin ölkədən dərhal çıxmasını, İraq Kürdüstanı da daxil olmaqla şimal hissəsinin sakinləri isə ABŞ-ın ölkədə müəyyən bir mövcudiyyətinin gərəkli olduğunu düşünürlər.

Sorğuda iştirak edən İraq şiələrinin təxminən 75 faizi koalisiya qüvvələrinin gəlişinə mənfi münasibət bəsləyir.

Onların bir çoxu Rusiyaya siyasi müttəfiq və təhlükəsizlik tərəfdaşı kimi ümid bəsləyirlər. Tehranla Moskva arasındakı sıx münasibətlər nəzərə alınmaqla, bu cür münasibət təəccüblü görünmür.

ABŞ-ın təhlükəsizlik çətirinə baxmayaraq son illərdə iqtisadi baxımdan Yaxın Şərqdə Çin daha çox rol oynayır.

Bu yaxınlarda Pekin qarşılıqlı diplomatik münasibətləri bərpa etməyə razı olan İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpa olunduğunu elan edib. İraq gəncliyi isə ölkənin gələcəyini qaranlıq bir işıqda görür – bunu 2019-cu ildə Bağdad küçələrində vüsət alan və vəhşicəsinə yatırılan “Tişrin” (“oktyabr”) ictimai hərəkatının aqibəti sübut edib.

Sorğuda iştirak edən iraqlıların 47 faizi İraqda qalmaq və yeni bir ölkə qurmaq istəyini bildirsə də, hər dörd respondentdən biri ölkədən çıxıb getmək arzusunda olduğunu söyləyib.

18-24 yaş arasında olan demək olar ki, hər üç iraqlıdan biri ölkəni tərk etmək istədiyini bildirib. Bu, ölkənin siyasi sinfindən narazılıq əlaməti və uzun müddətdir davam edən korrupsiya probleminin sübutu kimi yozula bilər.

İraqdakı mürəkkəb vəziyyəti yalnız statistik rəqəmlərlə təsvir etmək mümkün deyil.

Milyonlarla iraqlı üçün son iki onillik ağrılı və sarsıntılı olub. Bununla belə, indi ortaya yeni bir nəsil çıxmaqdadır – keçmiş hadisələri unutmayan, lakin eyni zamanda daha yaxşı bir gələcək qurmaq ümidiylə yaşayan gənc nəsil.

İraq əhalisinin azı 40 faizi 15 yaşdan kiçik olan gənclərdir və bu gənc nəsil iqtisadi təhlükəsizlik və məşğulluğun təmin olunmasına üstünlük verərkən sülh və sabitlik şəraitində yaşamaq istəyir.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə ötən il pomidordan 377 milyon dollar qazanıb –

Sonrakı məqalə

““Togg” üçün müraciət etmişəm, hələ gəlib çıxmayıb” –