Səfir Kozlariç “Əsrin müqaviləsi”ndən, Heydər Əliyevdən danışdı:“Dedim ki, İrana pay verilsə ABŞ müqavilədən çıxacaq”

25 il əvvəl Azərbaycanla altı müxtəlif ölkəni təmsil edən 11 enerji şirkəti arasında “Əsrin Müqaviləsi” adı ilə tanınan sənəd imzalanıb.

Azpost.info bildirir ki, onun reallaşmasında mühüm rol oynayan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç sənədi “təkrarolunmaz tarixi müqavilə” adlandırıb.  R. Kozlariç müqavilənin əldə edilməsinə çətinlik yaradan digər faktorlar barədə BBC News-a danışıb.

“Biz onu 21-ci əsrdə təkrarlaya bilmərik”

Müqavilə nəticəsində yaradılan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) konsorsiumuna ABŞ, Birləşmiş Krallıq (Britaniya), Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanının neft şirkətləri daxil olub.

ABŞ-ın sabiq səfiri mürəkkəbliyinə görə onu “təkraredilməz” müqavilə adlandırıb: “Bu, bir mükəmməl təsadüf idi. Kommersiya və geosiyasi baxımdan Azərbaycanda həm hakimiyyət, həm də ARDNŞ-in idarəçiliyi baxımından mükəmməl bir təsadüf idi. Çox çətin idi, lakin nəticəsi də çox müsbət idi. Biz onu 21-ci əsrdə təkrarlaya bilmərik”, -o bildirib.

Hazırda Corc Meyson universitetinin Siyasət və Hökumət Məktəbində dərs deyən sabiq səfir indiki dövrdə bu təsadüfi imkanların mövcud olmadığını düşünür.

Kozlariç deyib ki, o dövrdə Rusiyanın nisbətən zəif olmasına baxmayaraq, bu müqaviləni əngəlləməyə cəhd göstərib.

Həmin dövrdə mətbuata və Rusiya siyasətçilərinin çıxışlarına nəzər yetirdikdə, bu müqaviləyə böyük şübhə ilə yanaşıldığı görünür. Hətta müqavilənin imzalanmasından bir il sonra, Rusiya parlamentinin yuxarı palatası, Federasiya Şurasının spikeri Vladimir Şumeyko 1995-ci ildə Bakıda səfərdə olarkən Moskvanın “ABŞ-ın Azərbaycanda strateji maraqlarının birbaşa mövcud olmasının əleyhinə olduğunu” bildirib.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi “Azərbaycanı və Xəzər dənizi bölgəsindəki bir sıra ölkələri daha real mövqe tutmağa inandırmaq üçün sərt tədbirlər planlaşdırdığını” deyərək xəbərdar edib.

Rusiyanın “payı”

Sonradan müqaviləyə edilən əsas dəyişiklərdən biri Rusiyanın Lukoil şirkətinin müqavilədə iştirakının qəbul edilməsi idi.

R.Kozlariç bildirib ki, Rusiya müqavilənin imzalanmasına bir neçə həftə qalmış Xəzərin demarkasiyası məsələsini qaldıraraq müqaviləyə mane olmağa cəhd etdi: “Bu çox gözlənilməz şəkildə baş verdi. Onların mövqeyi o idi ki, Xəzərin statusu barədə beş Xəzər ölkəsi arasında razılıq olmadan heç bir müqavilə imzalana bilməz.”

Amma təhlilçilər ABŞ-ın siyasi dəstəyi ilə Rusiyanın bu cəhdlərinin qarşısını alındığını güman edirlər.

ABŞ şirkətlərinin fəallığı

Kozlariçin sözlərinə görə, yadında qalan əsas məqamlardan biri də ABŞ şirkətlərinin kommersiya və geosiyasi baxımdan razılıq əldə etməkdə ABŞ hökumətindən də “həvəsli olmaları idi”. Onlar bundan əvvəl Qazaxıstanda da bənzər layihələrdə Rusiyanın maneəsi ilə üzləşdiklərinə görə buna hazır idilər.”

O etiraf edib ki, ABŞ-la əlaqələr şirkətlərin kommersiya həvəsi və siyasi liderlərin fəallığına baxmayaraq problemsiz olmayıb.

ABŞ Konqresində 1992-ci ildə “Azadlığın dəstəklənməsi aktı”na 907-ci düzəliş edilib. ABŞ-da erməni diasporasının lobbiçiliyi ilə qəbul olunan bu düzəliş Azərbaycana hücum xarakterli silahların satışını yasaqladı. Lakin 2001-ci ildən bəri bu düzəlişin tətbiqi ABŞ prezidenti tərəfindən dayandırılıb: “907-ci maddə ilkin dövrdə əvvəlcə Elçibəy ilə və daha sonra Heydər Əliyevlə münasibətlərdə çətinliklər yaratmışdı”,- deyə o etiraf edib.

“Lakin hər iki prezident Azərbaycanın enerji resurslarının inkişaf etdirilməsi üçün ABŞ-la Azərbaycan arasında razılığın nə qədər vacib olduğunu anlayırdı. Məni xüsusilə heyran edən, Ermənistanla müharibə və ABŞ-da yerli siyasi dəyişiklərə baxmayaraq  Heydər Əliyev və danışıqlarda iştirak edən ARNDŞ rəsmilərinin diqqətlərini hədəfdə saxlamaları idi“.

İranın təsiri

Mühüm rolu olan digər ölkələrdən biri isə İran idi.

Kozlariç vurğulayıb ki, Rusiyanın cəhdinə bənzər şəkildə İran da son anda özünü hasilatın pay bölgüsü sazişə daxil etməyə cəhd etdi: “Bu, Heydər Əliyevi çox çətin vəziyyətə saldı. Aydın idi ki, iranlıların imkanları var idi – onlar bu dövrdə Ermənistanı dəstəkləyirdilər və Cənubi Azərbaycanda separatçı hərəkatın yaranmasından narahat idilər. Onlar Elçibəyi heç bəyənmirdilər. Heydər Əliyevi də çox bəyənmirdilər”.

Sabiq səfir daha sonra bildirib: “Mən Heydər Əliyevin hasilatın pay bölgüsünə dair sazişdə kiçik bir payı İrana verməyə hazır olduğunu öyrənəndə, prezidentin yanına gedib dedim ki, əgər siz İran şirkətlərinə bu müqavilədə pay versəniz, ABŞ şirkətləri bu layihədə iştirak edə bilməyəcək”.

Keçmiş səfir əlavə edib: “Çünki bu dövrdə ABŞ qanunları, sanksiyalar ABŞ şirkətlərinə İranla kommersiya əlaqələri qurmasını qadağan etmişdi. Əliyev də buna “OK” dedi. Çünki ABŞ şirkətlərinin iştirakı daha vacib idi. Daha sonra, o, iranlılara “Şah- Dəniz”də bir pay verdi, çünki burada ABŞ şirkətləri iştirak etmirdi.”

Kozlariç bunun çox mürəkkəb layihə olduğunu vurğulayaraq, mövcud olduğu formatdan fərqli variantların mümkün olmadığını deyir.

Heydər Əliyevin rolu

O, Heydər Əliyevin bu müqavilənin əldə edilməsində “böyük rolu olduğunu” vurğulayıb. Onun sözlərinə görə, sabiq prezident ABŞ-la Britaniyanın mühüm tərəfdaşlar olduğunu anladığından və Rusiya ilə İrana münasibətdə düzgün mövqedən yanaşdığından müqavilə üzrə danışıqlar uğurla nəticələnib.

Səfir bildirib ki,  müqavilənin reallaşmasında Heydər Əliyevin bir lider olaraq diqqətini hədəfdə saxlamasının mühümlüyünü kiçiltmək olmaz: “Səfir olduğum müddətdə prezidentlə bir çox məsələlərdə, insan hüquqları kimi məsələlərdə razılaşmırdıq. Lakin enerji siyasətinə gəldikdə, məncə o həmişə Azərbaycanın maraqlarını irəli sürən, etibarlı və dürüst insan olub”.

O qeyd edib: “Daha sonra baş verənləri kənara qoysaq, ətrafındakı şəxslərlə müqayisədə bu müqaviləni reallaşdırmağa qadir olan yeganə şəxs Heydər Əliyev olub”.

Keçmiş səfir deyib ki, hazırda Azərbaycan xarici siyasətində Rusiyaya daha yaxındır və enerji bazarında xeyli dəyişiklər baş verdiyinə görə bu müqaviləni təkrarlamaq mümkün deyil.

“Hiss olunurdu ki, bu insan həyatda istədiyi hər şeyə nail olub”

Kozlariç həmin dövrə aid xatirələri sırasında ən unudulmaz hadisələrdən birinin müqavilənin imzalanmasından üç il sonra baş verdiyini deyir: “Heydər Əliyev Vaşinqtona gedib prezident Bill Klintonla görüşməyi çox istəyirdi. Onun üçün ABŞ-la əlaqələrdə ən yüksək hədəf bu idi”.

“Mən 1997-ci ildə Azərbaycana səfir vəzifəmi başa vurub Bosniya və Herseqovinada səfir olmağıma baxmayaraq,Dövlət Departamentinin istəyi ilə Heydər Əliyevin prezident Klinton və vitse-prezident Albert Qorla  görüşündə iştirak edən komandanın üzvü oldum”.

“Görüşdən sonra Heydər Əliyevin xarici siyasət üzrə müşaviri Vəfa Quluzadənin yanında dayanarkən Əliyevin üzünə yayılmış təbəssüm yadımdadır. Hiss olunurdu ki, bu insan həyatda istədiyi hər şeyə nail olub. Diplomatiyada belə şad anlar nadirdir. Lakin bu, onlardan biri idi”,-deyə sabiq səfir vurğulayıb.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Qazax və Gədəbəydəki mövqelərimizə 21 dəfə atəş açıb

Sonrakı məqalə

Niderland Hollandiya adından imtina edib