Şəhid nəşini daşıyan, müharibənin mənəvi gücü olan din xadimləri

Qafqaz Müsəlmanlar İdarəsində Vətən müharibəsi dövründə fəal iştirak edən din xadimləri və qazilərin mükafatlandırma mərasimi keçirilib.

Din xadimləri və qazilərlə görüşən Şeyxülislam Allahşükür Paşazadə şanlı Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullarının keçdiyi şərəfli döyüş yollarından bəhs edib və onlara təşəkkür edib.

Şeyxülislam bildirib ki, din xadimləri Vətən müharibəsində haqq mücadiləmizin həqiqətləri barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yolunda əlindən gələni əsirgəməyiblər. A.Paşazadə deyib ki, Ermənistanın müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları sıradan çıxarmaq üçün əməkdaşlıq etdikləri bütün dini mərkəz və beynəlxalq qurumlarla apardığımız gərgin fəaliyyətlə ümumi Zəfərə öz töhfələrini veriblər.

Şeyxülislam Vətən müharibəsində göstərdiyi xidmətlərinə və fədakarlığına, döyüş təminatı tapşırıqlarının fədakarlıqla yerinə yetirilməsində fəaliyyətinə, şəhidlərin anım mərasimində fəal iştiraklarına görə Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılan din xadimlərinə və qazilərə Fəxri fərmanları təqdim edib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz düşmənin belini qırdı və Ermənistanı döyüş meydanından rüsvaycasına qaçmağa vadar etdi.

Bu Vətən savaşında Azərbaycanın igid oğulları Şəhidlik zirvəsinə ucaldılar. Bu oğulların qanı üzərində qazanılan qələbənin misli yoxdur. Bu savaşın bir “səngəri” də Şəhid dəfnləri, onların müqəddəs dinimizin qaydalarına uyğun vətən torpağına təslim olunması idi.

Böyük mənəvi güc və yüksək təşkilatçılıq tələb edən bu müqəddəs mərasimləri Qafqaz Müsəlmanları İdarəsi layiqincə icra etdi. 44 günlük müharibədə din xadimləri Şəhidlərimizin pak nəşini uğrunda şəhid olduqları vətən torpağına təslim edərkən döyüş ruhunu, imanı, qorxmazlığı təbliğ etdilər.

Bütün bunların fonunda ordumuza mənəvi güc verən, onu inam və etiqadı ilə dəstəkləyən, qələbəmiz üçün dua edən və əziz Şəhidlərimizin tabutları önündə göz yaşı ilə duran din xadimlərimiz də Vətən Müharibəsinin ağlı-qaralı portretinin unudulmaz çaları oldular.

Müharibənin ilk günündən bütün din xadimlərini, konfessiya rəhbərlərini, icma nümayəndlərini bir yumruq kimi birləşdirən Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın apardığı ədalətli müharibənin mənəvi simvolu oldu. “Şəhidlərə ölü deməyin!” kəlamına söykənən QMİ-yə müharibə zamanı çox ağır və uca missiya –Şəhid dəfnlərinin təşkli həvalə edilmişdi.

QMİ Qazilər Şurası ilk gündən dəfn və anım mərasimlərinin Şəhid məqamına layiq şəkildə təşkili üçün müzakirələr aparıb və din xadimlərinin fəaliyyətinin koordinasiyasının təşkil edilməsi üçün QMİ sədrinin birici müavini, müfti Salman Musayevin rəhbərliyi altında xüsusi Komissiya yaradılıb.

Ağır və kədərli bir missiyanı öz üzərinə götürən din xadimlərimiz torpaq uğrunda döyüşə atılan qəhrəman əsgərlərimiz üçün dualarını əsirgəmir, Şəhid cənazələrini göz yaşları ilə oxşayırdılar.

Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə məsləhətləşmələrdən sonra cəbhə bölgələrində koordinasiya mərkəzlərini yaradan komissiya bu məkanlarda əziz Şəhidlərimizin nəşinin son mənzilə yola salınması üçün yuyulması, kəfənlənməsi, tabutun hazırlanması və s. zəruri işlərin görülməsini təmin etdi. Lazımi təchizat işlərinin təminatı üçün QMİ tərəfindən maliyyə vəsaiti ayrıldı.

Həmin günlərdə Şəhidlərin yaşadığı yer üzrə, yaxud ümumi şəhidlər məzarlığında keçirilən dəfn mərasimlərində din xadimlərinin fəal iştirakı təmin edilib, bütün Şəhid dəfnləri QMİ-nin səfərbər etdiyi din xadimlərinin iştirakı ilə aparılıb.

Bu dövr ərzində QMİ-nin ayrıdığı maliyyə vəsaitləri, ianələr, din xadimlərinin şəxsi vəsaitləri hesabına alınmış ərzaq, lazımi ləvazimatlar hərbçilərə çatdırılıb. Din xadimlərimiz şəhid və qazi ailələrinin evlərinə gedərək bu şəhid yadigarlarını ziyarət edib, mənəvi dəstək nümayiş etdirib, QMİ-nin yardımlarını ünvanlara çatdırıblar.

QMİ-nin hesabatlarında əks olunan əziz Şəhidlərin pak nəşlərinin dəfni üçün görülən işlər onu deməyə imkan verir ki, din xadimlərimiz bu ağır işin öhdəsindən gələ bilib.

Beyləqan və Füzulini əhatə edən Mərkəzdə 1918 Şəhidin, Bərdə rayonunda yerləşən Mərkəzdə 430 Şəhidin, Tərtərdəki mərkəzdə 77 şəhidin, Gəncədəki Mərkəz tərəfindən 233 Şəhidin, Ağcabədi rayonundakı Mərkəz tərəfindən 40 şəhidin, Bakıda “Əjdərbəy” məscidində yerləşən Mərkəz tərəfindən 76 Şəhidin dəfni həyata keçirilib.

Ən kədərli və ağır günlər Beyləqan və Füzuli rayonlarını əhatə edən Mərkəzdə yaşanıb. Döyüş meydanının yaxınlıqda olması Şəhid cənazələrinin daha çox bura gətirilməsinə imkan verib. Bu Mərkəzdə dəfn üçün lazımi təchizat işlərini tam olaraq Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürüb. Beyləqan və Füzulini əhatə edən Mərkəzdə 1918 əziz Şəhidimizin son mənzilə yola salınması üçün bütün lazımi işlər aparılıb və mərasim həyata keçirilib.

Bərdə rayonunda yerləşən Mərkəzdə 430 Şəhidin, (396 hərbçi, 34 mülki şəxs olmaqla), Tərtərdəki mərkəzdə 77 şəhidin (59 hərbçi, 18 mülki şəxs), Gəncədəki Mərkəz tərəfindən 233 Şəhidin (207 hərbçi, 26 mülki şəxs), Ağcabədi rayonundakı Mərkəz tərəfindən 40 şəhidin, Bakıda “Əjdərbəy” məscidində yerləşən Mərkəz tərəfindən 76 Şəhidin dəfni həyata keçirilib.

Dövlət qurumlarından daxil olan təşəkkür məktubları deməyə əsas verir ki, Vətən Müharibəsi zamanı bütün vacib işlər din xadimlərimiz tərəfindən fədakarlıqla icra edilib. Cəbhə bölgəsində düşmənin top və raketlərdən açdığı aramsız atəşlər altında Şəhid dəfnlərini onlara layiq hörmət və izzətlə aparan din xadimlərinin öz borclarını ləyaqətlə yerinə yetirdiklərini demək olar.

Daxil olan məlumatlardan görünür ki, ötən iki ildə QMİ “Təzəpir” məscidində əziz Şəhidlərimizin ildönümlərinin, xatirə mərasimlərinin təşkil edilməsi üçün bütün imkanlarını səfərbər edib. Onların əziz adına müqəddəs “Quran” tilavət olunub, ailələrinə yardım göstərilib. Bu proses bu gün də davam edir, sabah da olunacaq.

Aydın ABBASOV

 

Əvvəlki məqalə

Göyçayda baş redaktor ailəsi ilə birgə qəzaya düşüb

Sonrakı məqalə

Ekzit-polun nəticələrinə görə, Tokayev seçkilərdə qalib gəlir –