“Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq”- Rəşad Sadıqov

Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq. Bununla belə, oyunda yeni səviyyəyə qalxdığımızı gördüm. Səhvsiz futbol olmur. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük. Bu gün məqsədimiz dağıdıcı yox, yaradıcı, kombinasiyalı oyun nümayiş etdirmək idi.

Bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edən Bakının “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, oyunun həlledici məqamları ilk iki qol oldu. Bizim də imkanlarımız oldu. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam.

R.Sadıqov yeni transferlər Rəhim Sadıxov və Rüstəm Əhmədzadənin çıxışını da dəyərləndirib: “R.Sadıxovun oyunundan razı qaldım. Ola bilər ki, ilk dəqiqələrdə özünü göstərə bilmədi. Amma vaxt keçdikcə topla davranışı qaydasına düşdü. Əhmədzadə də özünü yaxşı tərəfdən göstərdi”.

Qeyd edək ki, “Zirə” – “Makkabi” oyunu İsrail təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab qarşılaşaması iyulun 28-də Təl-Əvivdə olacaq.

Əvvəlki məqalə

Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb-

Sonrakı məqalə

İtaliyada növbədənkənar seçkilər keçiriləcək