Səhər yeməyi günün ən vacib qidalarından biri hesab olunur. Gecə boyu qidadan uzaq qalan orqanizm səhər qəbul edilən qidalardan enerji alır və maddələr mübadiləsini aktivləşdirir. Lakin dietoloqlar bildirirlər ki, səhər yeməyində edilən bəzi səhvlər əks təsir göstərərək gün ərzində halsızlıq, diqqət dağınıqlığı və tez acmaq hissi yarada bilər.
Bəs ən çox rast gəlinən səhvlər hansılardır?
Səhər yeməyindn imtina
Vaxta qənaət etmək və ya arıqlamaq məqsədilə səhər yeməyini keçənlər az deyil. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş günün sonrakı saatlarında həddindən artıq yeməyə və enerji çatışmazlığına səbəb ola bilər.
Səhər yeməyi xüsusilə uşaqlar, yeniyetmələr və fiziki aktivliyi yüksək olan insanlar üçün daha böyük əhəmiyyət daşıyır.
Yalnız şirin qidalar seçmək
Şokoladlı bulkalar, şirin peçenyelər və şəkərli səhər yeməyi məhsulları qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. Lakin bu təsir uzun çəkmir və qısa müddət sonra enerji səviyyəsi yenidən aşağı düşür.
Dietoloqlar daha uzunmüddətli toxluq hissi üçün zülal və liflə zəngin qidaların seçilməsini tövsiyə edirlər.
Kifayət qədər zülal qəbul etməmək
Yumurta, qatıq, pendir, kefir və digər zülal mənbələri səhər yeməyinin vacib hissəsidir. Zülal həm əzələlərin qorunmasına kömək edir, həm də gün ərzində daha uzun müddət tox qalmağa imkan verir.
Təkcə çörək və mürəbbədən ibarət səhər yeməyi qısa müddət sonra yenidən aclıq hissi yarada bilər.
Su içməyi unutmaq
Orqanizm gecə ərzində maye itirir. Səhər oyandıqdan sonra kifayət qədər su qəbul edilmədikdə yorğunluq, baş ağrısı və diqqətin azalması müşahidə oluna bilər.
Mütəxəssislər günə bir stəkan su ilə başlamağın faydalı ola biləcəyini bildirirlər.
Tələsik yemək
İşə və ya dərsə gecikməmək üçün yeməyi bir neçə dəqiqəyə bitirmək həzm sisteminə əlavə yük yarada bilər. Bundan başqa, beyin toxluq siqnalını gec qəbul etdiyindən insan daha çox qida qəbul edə bilər.
Qidanı sakit şəkildə çeynəmək həm həzmi asanlaşdırır, həm də toxluq hissinin daha tez yaranmasına kömək edir.
Sağlam səhər yeməyi necə olmalıdır?
Dietoloqlar səhər yeməyində aşağıdakı qidaların yer almasını tövsiyə edirlər:
Yumurta və ya digər zülal mənbələri;
Tam taxıllı çörək və ya yulaf;
Mövsümi meyvə və ya tərəvəz;
Şəkərsiz qatıq və ya kefir;
Kifayət qədər su.
Hamı üçün eyni səhər yeməyi varmı?
Mütəxəssislər qeyd edirlər ki, ideal səhər yeməyi insanın yaşına, sağlamlıq vəziyyətinə, fiziki aktivliyinə və gündəlik enerji tələbatına görə dəyişə bilər. Məsələn, şəkərli diabet, mədə-bağırsaq xəstəlikləri və ya digər xroniki problemləri olan şəxslər qidalanma planını həkim və ya dietoloqla birlikdə müəyyənləşdirməlidirlər.
Bununla belə, ümumi qayda dəyişmir: balanslı, zülal və liflə zəngin, şəkəri az olan səhər yeməyi gün ərzində enerjinin qorunmasına, diqqətin artmasına və sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edə bilər.
Sunay