Azərbaycanda uzun illərdir aktual olan və yüz minlərlə vətəndaşı birbaşa maraqlandıran sənədsiz evlər problemi yenidən ölkə gündəminin əsas mövzularından birinə çevrilib.
Azpost.info bildirir ki, son dövrlərdə Milli Məclisdə, xüsusilə YAP-çı deputatların məsələyə münasibəti, “əmlak amnistiyası” və evin dəyərinin müəyyən faizi müqabilində çıxarışların verilməsi təklifi həm ictimaiyyətdə, həm də ekspert dairələrində geniş rezonans doğurub.
Müxtəlif qeyri-rəsmi və ekspert qiymətləndirmələrinə görə, Azərbaycanda (əsasən Bakı və Abşeron yarımadasında) 500 mindən çox sənədsiz fərdi yaşayış evi mövcuddur. Bu binaların böyük hissəsi ötən əsrin 90-cı illərində və 2000-ci illərin əvvəllərində, paytaxta daxili miqrasiyanın pik həddə çatdığı dövrdə tikilib.
Əsas risklər hansılardır?
Belə evlər iqtisadi dövriyyədən kənarda qalır. Vətəndaş mülkünü girov qoyub bankdan kredit götürə, rəsmi alqı-satqı edə və ya qanuni şəkildə miras qoya bilmir. Dövlət isə hər il milyonlarla manat həcmində əmlak vergisindən məhrum olur. Sənədsiz evlərdə yaşayan minlərlə vətəndaş faktiki yaşadıqları ünvan üzrə qeydiyyata düşə bilmir. Bu da sosial xidmətlərə (məktəb, bağça, poliklinika) çıxışı çətinləşdirir.
Bu evlər eyni zamanda təhlükəsizlik riskləri daşıyır. Evlərin bir qismi yüksək gərginlikli elektrik xətlərinin altında, magistral qaz və neft kəmərlərinin, həmçinin dəmiryolu xətlərinin mühafizə zolaqlarında, sürüşmə zonalarında inşa edilib.
İrəli sürülən “əmlakın bazar və ya inventar dəyərinin 3%-i həcmində rüsum ödənilməklə sənədləşmə” təklifi prosesin sürətlənməsinə xidmət edə bilər. Lakin ekspertlər qeyd edirlər ki, bu mexanizmin tətbiqi zamanı fərqli yanaşma vacibdir.
Çıxış yolu nədir?
İqtisadçı və daşınmaz əmlak bazarı üzrə ekspertlərin qənaətinə görə, məsələnin birdəfəlik həlli üçün bir neçə addımın atılması qaçılmazdır.
İlk növbədə bu evlər kateqoriyalara bölünməlidir. Ekspertlər hesab edir ki, bütün sənədsiz evlərə eyni yanaşma tətbiq edilə bilməz. Evlər mütləq qruplaşdırılmalıdır. Şərti olaraq “Yaşıl zona” qrupuna heç bir təhlükəsi olmayan evlər salınmalıdır. Yəni, bələdiyyə və ya pay torpaqlarında tikilmiş, lakin sənədləşdirilməmiş evlər nəzərdə tutulur. Bunlara dərhal və minimum rüsumla (yaxud təklif edilən 3%-lik amnistiya ilə) çıxarış verilməlidir.
“Sarı zona” mübahisəli əraziləri əhatə etməlidir. Bura sənaye müəssisələrinin yaxınlığında və ya kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər daxildir. Bu torpaqların təyinatı qanunvericiliklə dəyişdirilməli və yaşayış statusu verilməlidir.
“Qırmızı zona”ya isə təhlükəli ərazilər aiddir. Burada magistral boru kəmərlərinin, yüksək gərginlikli xətlərin üzərində və sürüşmə zonalarında tikilən evlər qruplaşdırılır. Ekspertlər yekdilliklə bildirirlər ki, bu evlərə heç bir halda sənəd verilə bilməz, çünki söhbət insanların təhlükəsizliyindən gedir. Bu kateqoriyaya aid evlər köçürülməli və vətəndaşlara kompensasiya ödənilməlidir.
Deputatların təklif etdiyi 3%-lik ödəniş mexanizmi vətəndaşın sosial durumuna uyğunlaşdırılmalıdır. Məsələn, Bakı kəndlərində və ya Abşeronda bazar dəyəri 100 000 manat olan sadə bir fərdi evin sənədləşdirilməsi üçün 3 000 manat rüsum tələb olunarsa, bu, aztəminatlı ailələr üçün ağır yükə çevrilə bilər.
Ekspertlər təklif edir ki, qiymətləndirmə bazar dəyəri ilə deyil, dövlətin müəyyən etdiyi minimum inventar dəyəri ilə aparılmalıdır.Təyin olunacaq rüsumlar regionlara və qəsəbələrə görə fərqləndirilməlidir. Yəni Bakının mərkəzi ilə kənar qəsəbələr eyni tərəziyə qoyula bilməz.
Ekspertlər həmçinin ödənişlərin hissə-hissə edilməsi üçün şərait yaradılmasını təklif edirlər.
Problem hansı halda köklü həll oluna bilər?
Məsələnin birdəfəlik və ədalətli həlli üçün dünya təcrübəsində sınaqdan keçmiş və Azərbaycan reallığına uyğun gələn strateji addımları ehtiva edir.
Bunun üçün Xüsusi Dövlət Komissiyasının yaradılması vacibdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyətlərinin iştirakı ilə vahid monitorinq qrupu yaradılmalı, hər bir ev yerində yoxlanılmalıdır.
Vətəndaşların onlarla instansiyadan (memarlıq, yanğın təhlükəsizliyi, sanitar-epidemioloji xidmət və s.) rəy alması prosesi ləğv edilməli, proses “ASAN xidmət” və ya E-hökumət portalı üzərindən tam elektronlaşdırılmalıdır.
Tam sənədləşməsi mümkün olmayan, məsələn, gələcəkdə planlaşdırmaya düşən)evlərə müvəqqəti texniki sənəd verilməlidir ki, vətəndaş kommunal xidmətləri rəsmi şəkildə öz adına rəsmiləşdirə bilsin.
Amnistiyadan sonra yeni sənədsiz evlərin tikilməməsi üçün yerli icra orqanlarının və bələdiyyələrin məsuliyyəti sərtləşdirilməlidir. Kosmik təsvirlər və dronlar vasitəsilə qanunsuz tikintilərə dərhal reaksiya verilməlidir.
Sənədsiz evlərə amnistiyanın tətbiqi həm dövlət büdcəsinə əmlak və torpaq vergisi vasitəsilə milyonlarla manat əlavə vəsaitin daxil olmasına , həm də daşınmaz əmlak bazarının canlanmasına səbəb ola bilər. Təklif olunan mexanizm hüquqi çərçivəyə salınarsa, bu, sosial gərginliyi azaldan və iqtisadi səmərə verən ən uğurlu islahatlardan biri olacaq.
Samir Abdulla