Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.