Azərbaycanda 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsi geniş ictimai dəstək qazanıb.
Azpost.info xəbər verir ki, bu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin ümumilikdə 88,2 faizi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir.
Maraqlıdır ki, 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı daha yüksəkdir və 91,2 faiz təşkil edir. Həmin respondentlərin 67,9 faizi isə övladlarının hazırda sosial şəbəkələrdən istifadə etdiyini bildirib.
Respondentlərin 87,5 faizi hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların təhsil və tərbiyəsinə mənfi təsir göstərir. Eyni zamanda, sorğu iştirakçılarının 93,1 faizi sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun sayır.
Araşdırma Azərbaycanda informasiya almaq üçün sosial şəbəkələrin əsas platformaya çevrildiyini də göstərib. Respondentlərin 81,8 faizi məlumatı sosial şəbəkələrdən əldə etdiyini bildirib.
İnformasiya mənbələri arasında sonrakı yerləri televiziya (55,9 faiz), xəbər saytları (48,8 faiz), ailə üzvləri və ətrafdakı şəxslər (37,9 faiz), radio (5,8 faiz), xarici media (4,8 faiz), qəzet və jurnallar (2,8 faiz) tutur.
Gənclər arasında sosial şəbəkələrdən informasiya əldə edənlərin göstəricisi isə daha yüksəkdir. Bu yaş qrupu üzrə respondentlərin 94,1 faizi məlumat mənbəyi kimi sosial şəbəkələrdən istifadə edir.
Bununla belə, məlumat mənbələrinə ictimai etimad səviyyəsində sosial şəbəkələr lider deyil. Sorğunun nəticələrinə görə, ən çox etibar edilən informasiya mənbəyi televiziya kanallarıdır – 64,6 faiz.
Sonrakı yerlərdə xəbər saytları (43 faiz), sosial şəbəkələr (31,4 faiz), radio (20,2 faiz) və qəzetlər (9,6 faiz) qərarlaşıb.
Sosial şəbəkələrdən istifadə edən respondentlərin əsas məqsədi gündəmi izləmək və məlumat əldə etməkdir. Bu göstərici 78,2 faiz təşkil edir.
Sorğunun diqqətçəkən nəticələrindən biri də sosial şəbəkələrdə yayılan məlumatların yoxlanılması ilə bağlıdır. Belə ki, sosial şəbəkələrdən istifadə edən respondentlərin yarısı qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamır.
Sorğunun nəticələri göstərir ki, ölkədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması istiqamətində mümkün hüquqi addımlar geniş ictimai dəstəyə malikdir. Respondentlər sosial şəbəkələrin yaratdığı risklərin yalnız ailə və fərdi nəzarət vasitəsilə aradan qaldırılmasının kifayət etmədiyini düşünür.
Eyni zamanda, araşdırma ənənəvi medianın əsas subyektlərinin – televiziya kanalları və xəbər saytlarının cəmiyyət üçün hələ də yüksək etimad mənbəyi olduğunu göstərir.
Qeyd edək ki, ictimai rəy sorğusu 25 iyul – 2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.