Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin dekabrın 27-də keçirilən iclasında partiyanın növbədənkənar parlament seçkilərində irəli sürdüyü namizəd siyahısı təqdiqləndi.
Hələ açıqlanmamışdan əvvəl sosial şəbəkələrdə bir neçə şəxsin siyahıda yer alacağı haqqında qətiyyətli iddialar səsləndirilirdi. YAP-ın namizədi olacağı gözlənilənlərdən biri də partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. Amma onun da adı siyahıda çıxmadı.
Bu barədə Modern.az-a danışan Seymur Orucov partiyanın əsgəri olduğunu xüsusi vurğulayıb: “Mən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm, Gənclər Birliyinin sədriyəm. Bizdə partiyanın kollegial qərarı olur. Partiya nə məsləhət bilirsə, kimi parlamentdə, kimi bələdiyyədə görmək istəyirsə, bu bizim üçün ən ali qərardır. YAP-ın gücü onun mütəşəkkilliyindədir. Partiya bunu məsləhət bilməyibsə, məsələ müzakirə olunmur. Sabah mənə deyəcəklər ki, gəl partiyada ən kiçik işdə işlə, mən “baş üstə” deyib, işləyəcəm. Mən burada ən lazımlı bütün vəzifələri tutmuşam. Allah prezidentimizi, birinci-vitse prezidentimizi qorusun. Bu məsələlər nə müzakirəyə açıqdır, nə də bu barədə mənim fikrim olub. Partiyamız nə qərar verirsə, biz ona həmişə hörmət, ehtiramla yanaşırıq, bu bizim üçün qanundur. Nida”.
Xatırladaq ki, Seymur Orucov deputat Şəmsəddin Hacıyevin kürəkənidir.