İki gün əvvəl Ukraynanın məşhur jurnalisti Dmitri Qordonun Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə müsahibəsi yayılıb. Saakaşvilinin müsahibələri hər zaman maraqlı olub. Qordonla olan müsahibəni isə son illərdə siyasi liderlərlə aparılan müsahibələr içərisində bəlkə də sensasiya hesab etmək olar.
1 saat 42 dəqiqəlik müsahibə Saakaşvilinin Stalinlə eyni gündə anadan olması və buna Saakaşvilinin cavabı ilə başlayır. Saakaşvili Stalini onun qohumları ilə tanışlığı barədə danışır və bildirir ki, Stalin dövlət başçısı olandan sonra onu tanıyan ailələri sevmirdi, çünki onun keçmişi heç də parlaq olamyıb. Beriya haqqında isə qeyd edir ki, şər dahisi idi, amma hər halda Rusiyanı atom ölkəsi etdi.
“Stalini zəhərləyiblər?” sualına Saakaşvilinin cavabı da maraqlıdır. Beriyaya məlum olub ki, bir neçə gündən sonra Stalin onu güllələtmək istəyib. Ona görə, çox güman ki, onun ölümündə Beriyanın əli var.
Ikinci dünya müharibəsinə toxunan Saakaşvili qeyd edir ki, bir şər o biri şərə qalib gəldi, yəni, Hitlerlə Stalinin hər birini şər kimi dəyərləndirir.
Zelenskinin hakimiyyətə gəlməyinə sevindinizmi sualına – bəli, cavabını verən Saakaşvili bildirir ki, Poroşenko Ukraynanı Putinləşdirmək istəyirdi. Poroşenko Putin olmaq istəyirdi, alınmadı.
– Poroşenkonu bağışlamısınızmı?
– Mən kinli deyiləm, olsaydım, indi beli bükülmüş, saçı tökülmüş idim. Mən heç kimə qarşı kinli deyiləm. Poroşenkodan da artıq pislik edənlər olub. Mən kinli deyiləm.
– Zelenskinin ən böyük səhvi nədi, ən düzgün həqiqəti nədi?
– Onun ən böyük səhvi Putinlə razılaşacığına inanmasıydı. O tez anladı ki, səhv edib.
– Ukraynanın baş naziri olsaydın nə edərdin?
– Ukraynanı tez bir zamanda, 100 gündə dəyişmək olar. İndi hökümət var, işləyir, görsünlər. “Mimino”dakı kimi: ala bu sənə rənglər, bu da fırça, özün rənglə.
– Zelenski Putinlə görüşməzdən əvvəl nə məsləhət gördünüz?
– Putin siyasətçi kimi söhbət etmir, o, “Verbovka edir”. Biz ilk dəfə onunla 5 saat söhbət etdik. Rəsmi hissədən sonra Kamin qarşısında söhbət etdik. Dedi bura Stalinin kabinetidi. Pencəyini çıxardı. Konyak gətirdi, çay içdik. Söhbətin sonunda fikirləşdim ki, mən onu kimə oxşadıram. Yadıma düşdü ki, bu mayor Petrova oxşayır. Sərhəd qoşunlarında xidmət edirdim. Xüsusi şöbənin rəisi Petrov hər dəfə məni gecə 2-də çağırıb söhbət edirdi. Hər dəfə də istəyirdi ki, mən nəyəsə imza atım. Mən də imtina edirdim. Putin Petrova oxşayırdı. Məni verbovka etmək istəyirdi. Bu böyük ölkənin başçısı ilə kiçik ölkənin başçısı arasında söhbət deyildi. Iki siyasətçinin danışıqları deyildi. Mən verbovka seansında idim. Putin mənim zəif tərəflərimi öyrənirdi. İlk görüşdə çox mehriban və nəzakətli idi. Sonra onların hərbçiləri bizim polis işçilərinə qarşı terror aktı həyata keçirdi. Biz onları tutduq, sonra Avropa təşkilatlarına verdik. Bir müddətdən sonra Minskdə MDB ölkələrinin yığıncağında, fasilə zamanı o məni bir qaranlıq otağa çəkdi və dırnaqlarını birləşdirib dizimin üstünə vurdu və göz-gözə sərt söhbətimiz oldu və müharibə ilə hədələdi. O zarafat eləmirdi.
– Dırnaqlarını batırdı?
– Hə, onun kimi bir şey.
– Doğrudanmı, o, Sarkozinin qalstukundan tutub və boğub?
– Hər halda Sarkozi buna bənzər əhvalat danışıb.
– Hətta boğub?
– Sarkozi onun yanından mənimlə görüşə gəldi və qorxmuş vəziyyətdə danışdı ki, Putin çox təhlükəli adamdı və zombiləşib. Mən fakt olaraq bunu deyirəm.
– O təhlükəlidirmi?
– Deyilən qədər də çox təhlükəli olmasa da, onunla ehtiyyatlı olmaq lazımdı. O, ona görə təhlükəlidir ki, onun heç bir mənəvi məhdudiyyət, dayanmaq prinsipi yoxdur. O hesab edir ki, uğur qazanmaq üçün yeganə metod başqasını öldürmək, həbs etmək və dizini qırıb çökdürməkdir. Və mən az adamlardan biriyəm ki, açıq şəkildə məni öldürməklə hədələdi. Mən hələ sağam, amma o məni telekameralar qarşısında, elə Sarkozinin özünə deyib ki, onu öldürəcəm.
– Xayasından asacamı da?
– O sözü elə Sarkoziyə demişdi, mənə çatdırsın. Onun əsas məqsədi o idi ki, mənə göndərdiklərini imzalayım, əlbəttə, mən imzalamadım.
– Xayasından asacam hədəsini eşidəndə qorxdunuzmu?
– Onlar mənə sənəd göndərmişdilər, bilirdim ki, məni qorxudurlar, istəyirlər ki, mən kapitulyasiyaya imza atım. Yəni ölkəmin parçalanmasına imza atım. Vaxtilə Münhen sövdələşməsində olduğu kimi, Hitler Çexoslavakiyanın prezidentini yanına çağırmışdı və demişdi ki, qol çək, o da qoca adam idi, ürəktutması baş vermişdi. Sonra onu silkələyib ayıltmışdılar və imza atdırmışdılar. Mənim isə ürəyim möhkəm idi, dedim harda məni tapırsa tapsın, öz boyuna görə. Sarkozi də istəyirdi ki, mən imzalayaım. O deyirdi ki, sən bunu imzalamasan, 6-cı bəndi, sabah rus tankları oturduğun binanın qarşısında olacaq və səni öldürəcək. Sənin dostun Buş sənə kömək etməyəcək. Mənim də sənin üçün qoşunlarım yoxdu. Mən sözü olduğu kimi deyirəm. Dedim ki, gətirdiyin sənədi özünlə apar. Bizim razılaşmamız budur ki, qoşunlar çıxarılır, sülh olur. Yoxsa idbar bir sənədi – Gürcüstanın ərazisinin parçalanması sənədinə imza atmayacam. Mən heç vaxt imzalamaram. Və Çexoslavakiyanın prezidentini də tarixi misal kimi dedim ki, mən sizə Çexoslavakiyanın prezidenti deyiləm ki, Hitler kimi sakitləşdirici verəsiniz. Mən özüm hamınıza lazımdısa sakitləşdirici verə bilərəm və bu sənədi imzalamayacam.
– Mərhum Nemtsovla söhbət zamanı mənə dedi ki, Putinlə münasibətiniz ona görə pozuldu ki, siz hamının yanında ona liliputin demisiniz.
– Qətiyyən belə deyil. Nemtsov özü deyirdi ki, rusiyalılar özü onu yayırlar. Mən həmişə Putinə qarşı nəzakətli olmuşam. Hətta olub ki, o, ana söyüşünə keçib.
– Ana söyüşünə?
– Hə, az da olsa.
– O bunu da edir?
– Hə, MDB-nin ayrıca klubdu. Orda hər şey olur.
– Sizcə Putin bu müsahibənin özünə aid olan hissəsinə baxacaq?
– O hər şeyə baxır. Mənə zəng edib deyirdi ki, bax, sən filan vaxtı, hansısa restoranda bu sözü demisən.
– Parisdə Normand formatında Zelenski Putini aldada bilib?
– Hər halda Putin istədiyini ala bilmədi. Mən də o danışıqlarda var idim. Təsəvvür edirsiniz mənə baş nazirin müavini vəzifəsini təklif etmək onlar üçün necə bir zərbə idi? Necə bir isterika yaratmışdı. Hər halda Zelenski Ukrayna xalqının düşmənlərinin xeyrinə heç nə imza etməyib.
– Həmişə deyirsiniz ki, islahatları tez və sürətli etmək lazımdır. Demişdiniz ki, həbs etmək lazımdır. Ukraynada həbslər lazımdırmı?
– Əlbəttə. Kim oğurlayırsa tutulmalıdır. Ukrayna oğruları əlahiddə deyillər ki.
– Prezident olanda siz bir çox dostlarınızı da həbs etmisiniz.
– Korrupsiya ilə məşğul olan hər kəsi, o cümlədən dostlarımı da.
Saakaşvili müsahibənin bu hissəsində Tbilisidə və Odessada rüşvət alan insanların həbs edilməsindən danışıb. Hətta baş prokuror və ədliyyə nazirindən xahiş etsə də onların azad edilməsinin mümkün olmadığını bildiriblər. Hətta nənəsi restorana sahib olmaq istəyəndə imkan vermədiyini bildirib və nənə məyus olsa da razılaşıb. Ukraynada kim həbs olunmalıdır. Familiyiların deyə bilərsiniz, sualına Saakaşvili: “bu bütöv bir legiondur”-cavabını verib. Daha sonra onun prezidentliyi dövründə DİN naziri Vano Merabişvilinin yeddi il həbsdə qalmasından danışaraq, Saakaşvilinin ofşor banklarda hesabı olduğunu demək təklif olunduğunu və bundan imtina etməsindən və bunu özü üçün etdiyini, sonra güzgüdə özünə baxmağın əzabını çəkməmək üçün təkliflə razılamadığını söyləyib.
Ukrayna iqtisadiyyatının pandemiya ilə əlaqədar böyük fəlakətlə üzləşəcəyini də qeyd edən Saakaşvili buna hazırlıq görülmədiyini və ehtiyatların olmadığını vurğulayıb. “Ekstremal tədbirlər görülməlidir” – keçmiş Prezident deyib.
Daha sonra Nazarbayevin inauqurasiyasında Yeltsinlə söhbəti və Yeltsinin ondan bir yeşik “Kinzmarauli” şərabını istəməsi və dörd gündən sonra rusiyada gürcü şərablarının qadağan olmasını xatırladan Saakaşvili Yeltsinin bəzi etiraflarda olacağını da vurğulayır.
Sonra söhbət yenidən Putindən düşür:
– Putinlə neçə dəfə görüşmüsünüz?
– Yəqin 30 dəfə, bəlkə 40 dəfə. Putin gözlənilməz situasiyada özünü itirir. Necə ki, koronavirusda özünü itirdiyi kimi. Çəkilib bunkerə.
– Putinin sonu necə olacaq?
– Yaxşı heç nə gözlənilmir. İnsanlar eyni adamı görməkdən bezib. O nə qədər istəyir turnikdə çəkilsin, özünü müxtəlif formalarda təbliğ etsin. Mümkün deyil. Adamlar eyni şəxsi uzun müddət hakimiyyətdə görəndə bezir və nifrət edir. Mən hakimiyyətdə qalsaydım, Gürcüstan üçün çox şeylər olacaqdı. Gürcüstan zəngin olacaqdı, amma adamlar mənə nifrət edəcəkdi. Adamlar eyni adamı görməkdən usanırlar(moderator.az).