“Saxta brendlə mal satanlar kimə ziyan vurur?” –Ekspert Gömrük Komitəsini ittiham etdi

“Dünyanın hər yerində kontrafakt məhsullar satılır. Bundan bizim hansı şirkətimizə ziyan dəyir ?  Bakıda, ölkədə bu mallar satılırsa, deməli bunu ölkəyə Gömrük Komitəsi buraxıb. Bu qədər mal gizli gələ bilməz. Sonra başqa orqanlar gəlib tutur, onlar da bir daha iş adamlarını soyurlar. Axı biz istehsalçı ölkə deyilik, heç ÜTT-nin də üzvü deyilik. Niyə Fransa, İtaliya və s. ölkələrin şirkətlərinin maraqlarını müdafiə etməliyik?”
Azpost.info bildirir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı yoxalamaları tənqid edərkən deyib.
Ekspertin sözlərinə görə, Gömrük Komitəsinin keçən ilki açıqlamasında bəyan edib ki, saxta brend adlarla malları ölkəyə buraxmayacaqlar:  “Əlaqədar hökumət orqanları pərakənda satış mağazalarına reydlər təşkil etdilər,  “Armani”, “Gucci”, “Lacoste” və s. adlarla satışda olan məhsullara əl qoydular, sahibkarları cinayət məsuliyyəti ilə hədələyib yenə pul yığdılar. Dünyanın hər yerində kontrafakt məhsullar satılır. Bundan bizim hansı şirkətimizə ziyan dəyir ? Bu, sadəcə kiçik və orta sahibkarlara əlavə yükdür. Həmin şəxslərə problem yaranır, cərimələnirlər. Bunun heç bir mənası və iqtisadiyyata müsbət təsiri yoxdur”.
N.Cəfərli deyib ki, tutaq ki, Azərbaycanda “Channel” markasının saxta çantası satılır. Bunu bizim dövlət orqanları aşkarlayır, insanları ya rəsmi cərimələyir, ya da pul alıb buraxır: “Bunun “Channel”-ə heç bir aidiyyatı yoxdur. Bu şirkətdən bizə belə bir tələb də yoxdur. Əgər bu qanunu hərfi mənada tətbiq etsələr, Sədərək, Binə və böyük ticarət mərkəzlərinin hamısı, ölkədə minlərkə kiçik dükanlar bağlanmalıdır. Onminlərlə insan işsiz, bir parça çörəksiz qalmalıdır. Olmaz axı belə. Bəyəm 20 manata “Channel” alan bilmirmi ki, bu əsl firma malı deyil – bilir. Burada istehlakçıların aldadılması da yoxdur ki, onların hüquqlarının qorunmasını bəhanə etsinlər”.
Ekspert hesab edir ki, bu məsələdə daha yumşaq davranmaq lazımdır: “Mən dünyada onlarla ölkədə olmuşam. Dünyada elə ölkə yoxdur ki, küçədə saxta mal satılan yer olmasın. Bizim və ümumilikdə azərbaycanlıların ən çox getdiyi ölkə məhz Türkiyədir. Bu ölkənin yeraltı keçidlərindən tutmuş, küçələrində satılan saxta məhsullara qədər hər yerdə bu cür mallar satılır. Türkiyədə əlaqəli orqanlar bunu görmürlərmi? Görürlər! Az qazananlar üçün, kiçik sahibkarlar üçün şərait yaradırlar. Ümumən, bu məsələyə bizim ölkədə bu qədər ciddi yanaşılmasını anlaya bilmirəm”.
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara münasibətdə əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.
Azpost.info
Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Macarıstan NATO-nun Ukraynaya yardımla bağlı qərarlarına mane olmayacaq”