Aşkar edilən faktlar və ümumi vəziyyət onu deməyə əsas verir ki, 30 il ərzində nəzarətsiz zona kimi olan bu ərazilərdə yalnız cinayətkar fəaliyyət təşkil olunub.
Bunu Xocalıda narkotik plantasiyası aşkarlanan ərazidə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
Elşad Hacıyevin sözlərinə görə, yerli əhali də bu cinayətkar fəaliyyətə cəlb edilib: “Nəticə etibarilə, Xocalı rayonunun Ballıca kəndi ərazisində böyük narkotik plantasiyası aşkarlanıb. Aparılan təhlillər onu deməyə əsas verir ki, hələ bu, görünənlərdir. Demək ki, hansısa istilikxanalarda narkotik vasitələrin başqa növlərinin, kimyəvi tərkibli narkotik maddələrin hazırlanması prosesi istisna edilmir. Aşkar edilən faktlar üzrə, sözsüz ki, müvafiq cinayət işi açılır. Və bunun əsasında müəyyən ediləcək ki, bütün bu vasitələr harada və necə realizə olunub”.
Xidmət rəisi qeyd edib ki, əraziyə mütəxəssislər dəvət edilib, onların yekun qərarı dinlənilib: “Yekun qərar o oldu ki, bu ərazilərdə narkotik vasitələr xüsusi üsul və qulluqla yetişdirilib, becərilib və digər ölkə vasitəsilə qara bazara çıxarılması təmin edilib. Bu ərazilərdə təqribən milyon dollar həcmində narkotik vasitələrin əkin-biçini aparıldığını düşünürük”.
E. Hacıyev ərazidə digər transmilli cinayətkarlıq növlərinin də aparılmasının istisna edilmədiyinin əlavə edib: “Bu gün Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının əsas işi məhz bu ərazinin de-kriminallaşdırılmasıdır. Başqa bir təhlükəmiz isə mina təhlükəsizdir. Xüsusilə təmas xətti boyunca sahələr var ki, tamamilə minalarla döşənib. Ərazidə sürpriz minalar da çoxluq təşkil edir – körpülərdə, yol kənarlarında, su hövzələrinin kənarlarında və sair. Bütün hallarda diqqət ona yönəlib ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin”.