“Separatçılardan Paşinyanı devirmək üçün istifadə edilə bilər” –RASİM MUSABƏYOV

“Şahramanyan İrəvanda hoqqabazlıqla məşğuldur. Onun kişiliyi və cəsarəti çatmır ki, qondarma rejiminin buraxılması ilə bağlı “fərmanı”  məcburiyyət qarşısında verdiyini desin. Şahramanyan rejimin buraxılması “fərmanına” imza atarkən Azərbaycan Ordusu ilə qarşı-qarşıya idi və müəyyən öhdəliklər götürmüşdü. Anlayır ki, bu öhdəlikləri yerinə yetirməsə onun üçün yaxşı olmayacaq”.

Bu sözləri Azpost.info-ya açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov ləğv edilmiş Qarabağdakı qondarma rejimin “rəhbəri” Samvel Şahramanyanın İrəvandakı bəyanatlarına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Şahramanyan Qarabağdakı qondarma rejimin buraxılması ilə bağlı “fərmanını” dəyişdiyini, “DQR”in “strukturlarının” Ermənistan ərazisində ictimai əsaslarla fəaliyyət göstərəcəyini bildirib.

Xatırladaq ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarından sonra qondarma qurum özünü buraxdığını, yanvarın biri 2024-cü il tarixinədək bütün “strukturların” ləğv ediləcəyi barədə Şahramanyan “fərman” imzalamışdı.

R.Musabəyov hesab edir ki, separatçı güruhun İrəvana qaça bilən tör-töküntüləri illüziya yaratmaq niyyhətindədirlər: “Əvvəllər də qondarma qurumu heç kəs tanımırdı. Amma ərazidə idilər və əllərində Qarabağda yaşayan ermənilərə təsir imkanları var idi. İndi isə bu imkanlar yoxdur. Hansısa mənbələrdən bular gedib tulapayı maliyyə istəmək və fəaliyyətlərini davam etdirmək niyyəti güdürlər. Fikir verirsiniz, qondarma qurumun ictimai əsaslarla fəaliyyətindən danışırlar. Bu, gülünc yanaşmadır”.

“Hesab edirəm ki, separatçılardan Paşinyan hökumətinə qarşı istifadə edilə bilər. İstisna deyil ki, məqam yetişəndə separatçılardan Paşinyan hakimiyyətini devirmək üçün istifadə edilə bilər”, – Musabəyov əlavə edib.

Deputat qeyd edib ki, Şahramanyan, Beqlaryan və digər separatçılar hələlik Ermənistan hakimiyyətinə qarşı sözdən istifadə edirlər, real əmələ keçilmir: “Onların sözlərinə Paşinyan hökumətindən sözlə cavab verilir. Məsələn, parlamentin sədri dedi ki, Ermənistan ərazisində Ermənistan dövlətinin strukturlarından başqa heç bir struktur fəaliyyət göstərə bilməz. Hakim partiyanın parlamentdəki fraksiyasının rəhbəri bildirib ki, Şahramanyan yaramazlıqla məşğuldur, Qarabağın qondarma qurumu Ermənistan ərazisində fəaliyyət göstərə bilməz. Yəni ki, separatçıların istəklərinə hökumətin reaksiyası məlumdur. Düşünürəm ki, separatçılar real hərəkətə keçsələr, o zaman rəsmi İrəvan da lazımi addımı atacaq”.

Anar ABDULLA

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.