Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfər edib.
Azpost.info bildirir ki, Gürcüstan respublikasına yola düşən Şeyxülislam həzrətlərini Gürcüstan hava limanında Gürcüstanın dövlət rəsmiləri, hökumət, parlament rəhbərliyi və din xadimləri qarşılayıblar.
QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstan Patriarxlığının nümayəndələri Tbilisidə Heydər Əliyev adına parkda ülu öndərin büstünü ziyarət ediblər, önünə əklil qoyaraq xatirəsini ehtiramla anıblar.
Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya ilə görüşüb. QMİ sədrinin həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb. O, Tbilisi Cümə məscidinə də baş çəkəcək, Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirəcək.
“Erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənirəm”-deyə Şeyxülislam Allahşükür Paşazadə görüşdə deyib. Onun sözlərinə görə, erməni din xadimləri gəncləri silahlanmağa və öldürməyə çağırır.
QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ermənistanın zəbt etdiyi ərazilərin işğaldan azad edildiyini bildirib: “Bu gün işğaldan azad edilmiş torpaqlarda dağıdılmış bütün dini abidələr – kilsələr, məscidlər bərpa olunur”.
Gürcüstan Patriarxı II İlya Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib ki, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub.
“Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib”-deyə Patriarx QMİ sədri ilə görüş fürsətindən şad və xoşbəxt olduğunu bildirib. O, şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.
Səfər iyulun 23-də başa çatacaq.