Şeyxülislam Allahşükür Paşazadə Roma Papası ilə görüşüb

-FOTO
13 Yanvar 2022 - 22:22
Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də şeyxülislam Allahşükür Paşazadə ilə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin təkbətək görüşü olub.
Sonra Papa Fransisk Azərbaycanın dini konfessiya rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete və QMİ sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.