Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Əl-Tayyib ilə gürüşüb.
Dünyanın ən qədim elm və təhsil mərkəzlərindən biri olan Əl-Əzhərda müsəlman dünyasının görkəmli dini lideri ilə görüşündən məmnunluğunu bildirən QMİ sədri Əl-Əzhərin Şeyxinə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin salamlarını çatdırıb.
Şeyxülislam A.Paşazadə Şeyx Ə.Əl-Tayyib ilə 2022-ci ilin sentyabrında Qazaxıstanda, Dünya və ənənəvi dinlərin liderlərinin VII qurultayında görüşünə istinad edərək onu Azərbaycana səfərə dəvət etdiyini xatırladıb. QMİ sədri həmçinin Əl-Əzhərin Şeyxinə Azərbaycanın suverenliyinin tam bərpa olunması və hazırda aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Şeyx Ə.Əl-Tayyib Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirərək, ölkəmizdə baş verən hadisələri diqqətlə izlədiklərini söyləmiş və Azərbaycanın ərazi bütövlüyünun və suverenliyinin tam bərpa olunmasına şükürlər ifadə edib. O xüsusi olaraq vurğulamışdır ki, bu, Azərbaycanın siyasi rəhbərliyinin müdrikliyi sayəsində mümkün olmuşdur.
Misirli həmsöhbət qeyd etmişdir ki, o inanır ki, həmişə olduğu kimi Azərbaycanda hökm sürən dini tolerantlıq mühiti qorunub saxlanılacaq və bu ənənə davam etdiriləcəkdir.
Əl-Əzhərin Şeyxi cari ilin 11 oktyabr tarixində Qazaxıstanın paytaxtı Astanada Müsəlman Ağsaqqallar Şurasının (MAŞ) Mərkəzi Asiya regionu üzrə Nümayəndəliyinin açılışı mərasimində Şeyxülislam A.Paşazadənin yaxından iştirakına görə təşəkkürünü bildirmişdir. O, QMİ sədrindən MAŞ-ın üzvü olaraq Nümayəndəliyin gələcək fəaliyyətinə dəstək verməsini rica etmişdir.
Son günlər bölgədə Fələstin-İsrail hərbi qarşıdurması nəticəsində mövcud vəziyyətlə bağlı Şeyx Ə.Əl-Tayyib bildirmişdir ki, belə durumun yaranma səbəblərindən biri İslam Ümmətində birliyin olmamasıdır. O, rəhbəri olduğu Müsəlman Ağsaqqallar Şurasının əsas məqsədləri kimi – insan qırğınlarına yol verilməməsi, İslamda həmrəylik və əqidə birliyinə nail olunması və dünyada baş verən böhranların qarşısının alınmasında daha fəal rol oynamaqdan ibarət olduğunu qeyd etmişdir.
Şeyxülislam A.Paşazadə Azərbaycanda bütün millətlərin və müxtəlif din daşıyıcılarının əmin-amanlıq şəraitində yaşadıqlarını və bərabər hüquqlarla təmin olunduqlarını Əl-Əzhərin Şeyxinin diqqətinə çatdırmışdır. O, paytaxt Bakıda on minlərlə erməni əsilli vətəndaşların azərbaycanlılar və digər millətlərin nümayəndələri ilə sülh şəraitində həyat sürdüklərini, Bakının mərkəzində erməni kilsəsinin Dövlət tərəfindən bərpa edilib qorunduğunu bildirmişdir.
QMİ sədri xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycanın Qarabağ bölgəsindən köç edən erməni əhalisi bu əraziləri könüllü olaraq tərk etmişdir. Erməni lobbisinin və kilsəsinin guya Azərbaycanda xristian məbədlərin dağıdılması və erməni əhalisinin məcburən qovulduğu barədə yalan məlumatları həqiqəti əks etdirmir. Qarabağ bölgəsində baş verən hadisələri izləyən beynəlxalq müşahidəçilər burada mülki əhaliyə qarşı heç-bir zorakılıq faktının qeydə alınmadığını bildirmişlər. Azərbaycanın Dövlət Başçısı dəfələrlə bəyan etmişdir ki, Qarabağın erməni əhalisi Azərbaycan vətandaşlarıdır və onların hüquqlarına təminat verilir. İşqaldan azad edilmiş ərazilərimizdə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, onların həqarətə məruz qaldıqlarını və İslamda haram buyrulan heyvanlar üçün tövlə kimi istifadə olunduğunu bildirən Şeyxülislam, nəinki məscidlər, hətta xristian məbədlərinə də qarşı vandalism aktlarının həyata keçirildiyini, indi Qarabağ bölgəsində aparılan yenidənqurma işləri çərçivəsində həm məscidlərin, həm xristian, o cümlədən erməni kilsəsinin bərpa edildiyini vurğulamışdır. O, Əl-Əzhar Şeyxinin Azərbaycana səfəri zamanı bu faktlarlın şahidi olacaqına ümidvarlıq ifadə etmişdir.
Əl-Əzhərin Baş İmamı Zati-aliləri Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ildönümü və ölkəmizin suverenliyinin tam bərpa olunması münasibətilə xalqımıza və Dövlət Başçımıza onun salam-dualarının və təbriklərinin çatdırılmasını xahiş etmişdir. O həmçinin Dövlət Başçımızın Fələstin problemi ilə əlaqədar mövqeyini təqdir etdiyini bildirmişdir.   
Fələstin mövzusuna toxunan QMİ sədri, Azərbaycanın daim Fələstin xalqının yanında olduğunu və Müsəlman Ağsaqqallar Şurasının bununla əlaqədar son bəyanatını dəstəklədiyini vurğulamışdır. O eyni zamanda MAŞ-ın Mərkəzi Asiya üzrə Nümayəndəliyinin fəaliyyətinə lazımi kömək göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Misir ərəb Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri c-b E.Poluxov qeyd etmişdir ki, AR XİN rəhbəri Ciddədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclasında çıxışı zamanı bir daha bəyan etmişdir ki,  Azərbaycan, beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdardır. Səfir eyni zamanda məlumat vermişdir ki, ölkəmiz fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə yardımı ayırmışdır.
Şeyx Ə.Əl-Tayyib göstərilən bu mövqeyə və yardıma görə Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir.
Söhbət zamanı həmçinin cari ilin noyabrında Abu-Dabidə keçiriləcək BMT-nin Cop28 İqlim Sammitindən öncə, həmin tədbir çərçivəsində Müsəlman Ağsaqqallar Şurasının Roma katolik kilsəsinin yaüksək nümayəndəsinin iştirakı ilə birgə yeni dinlərarsı platformanın təqdimatı ətrafında fikir mübadiləsi aparılmışdır.
Əvvəlki məqalə

Bakıda 11 yaşlı oğlan ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb

Sonrakı məqalə

Bakıda Fransaya qarşı azadlıq hərəkatının Ofisi açılıb