Şeyxülislam beynəlxalq təşkilatlara müraciətində hansı mesajları verir?

 Ötən həftə Azərbaycandakı dini konfessiya rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə, dini liderlərə, parlamentlər və beynəlxalq təşkilatlara müraciət ünvanladı.

QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin və digər dini icma liderlərinin birgə müraciətində Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın nəhayət bərqərar edilməsinin tərəfdarı olduqlarını bəyan etdilər.

Dini konfessiya rəhbərlərinin ötən həftə Avropa Parlamentinin  anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi ilə bağlı birgə bəyanatı da bu baxımdan mühüm mesaj daşıyır.

Bəyanatda sənəd ikili standartlara və islamofobiya meyllərinə məruz qalan və ermənipərəst siyasəti müdafiə edən mövqenin ifadəsi kimi dəyərləndirilib.

Dini konfessiyaların Azərbaycan üçün taleyüklü məsələlərdə vahid mövqeyini ifadə edən belə müraciətləri bu illər ərzində həmişə bəyan olunub. 20 yanvar, Xocalı soyqırımının ildönümlərində, digər əlamətdar günlərdə belə birgə bəyanatlar Azərbaycanda tolerantlıq və vahidliyi ifadə edən bir vitrinin nümayşinə çevirilir.

Vətən Müharibəsi bunun daha bir sınağı oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini konfessiyaları tərəfindən dəstəkləndi. Dini icma rəhbərlərinin vahid mövqeyi düşmənə qarşı mübarizənin daha bir bir mühüm rıçağı oldu.

Belə uğurlu platformanın yaranmasında Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin böyük rolu olub. Müstəqillik tarixinin ən müxtəlif periodlarında dini həmrəylik ölkəmizin beynəlxalq münasibətlərinin vacib komponenti kimi çıxış edib.  Mürəkkəb coğrafi məkanda yer alan Azərbaycanın xaricə açılımında tolerantlıq və mədəni tərəfdaşlıq imkanları zəruri məqama çevirlib, dini icmaların vahid siyasi mesajını ortaya qoyub.

Böyük güclərin regional maraqlarında milli və dini parçalanmadan məharətlə istifadə etmələri çoxdan məlum olan məsələdir. Siyasi tarixin səhifələri belə hadisələrə çox şahidlik edib.

QMİ müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdəki dini həmrəyliyin nümunəsini siyasi prioritetlərin vacib detalı olaraq beynəlxalq müstəviyə daşınmasında aparıcı rol oynayıb. Bu məsələ Şeyxülislamın ictimayi fəaliyyətinin mühüm bir istiqamətinə çevrilib. QMİ sədrinin təşkilatçılığı ilə baş tutan bu proses beynəlxalq qurumlarla əks əlaqənin yaranması, ölkəmizə olan diqqəti və rəğbəti formalaşdıran məsələdir.

QMİ dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələr saxlayır. Vatikandan tutmuş müqəddəs Sinoda, katolik dünyasından pravoslav məbədlərinə qədər uzanan bu iş birliyi humanizm prinsiplərinə əsaslanan səmimi əməkdaşlıq ortamını formalaşdırıb.  Bu əlaqələri Şeyxülislamın son 40 illik fəaliyyətinin mühüm nəticələrindən saymaq olar.

 

İstər müharibədən əvvəl, və ya ondan sonra QMİ-nin beynəlxalq təmasları birbaşa Azərbaycanın haqlı mövqeyinin, geopolitik platformada elan etdiyi prinsiplərinin ardıcıl müdafiəsinə yönəlib. QMİ sədrinin rəhbərliyində təmsil olunduğu nufuzlu təşkilatlar daim Azərbaycanın haqq səsinin eşidildiyi tribuna olub.

Dünyanın ən nufuzlu 500 müsəlman şəxsiyyəti sırasında yer alan A.Paşazadə Ümumdünya Sülh Şurası, UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü, Qafqaz Xalqları Ali Dini Şurasının, MDB –nin müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri postunda, KAACİD beynəlxalq əməkdaşlıq platformasında bəyan edilən müraciətlərində Azərbaycanın dövlət maraqlarının ardıcıl dəstək qırmızı xətt kimi keçir.

Şeyxülislamın təşkilatçılığı ilə Azərbaycanda iki dəfə keçirilmiş “Dünya dini liderlərinin II Bakı sammiti”nin qətnamələri də beynəlxalq təşkilatların sənədləri sırasında xüsusi yer tutur.

QMİ sədrinin Vətən Müharibəsi, Dağlıq Qarabağda vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar yaradılmış beynəlxalq əməkdaşlığın sınaqdan çıxan təsbiti oldu. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi idi.

Bu sırada İslam Əməkdaşlıq Təşkilatının mövqeyi ilk gündən seçildi.

Ermənistanın ölkəmizə qarşı təxribatının baş verməsindən bir gün sonra –sentyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanat verərək Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə pislədi. Hərbi əməliyyatların getdiyi müddət ərzində İƏT üzvü olan ölkələrin dini rəhbərləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə məktub göndərərək dəstəklərini ifadə etdilər.

Azərbaycandakı məzhəbləri birlşədirən bir dini lideri olan A.Paşazadənin islam ölkələri və dünyadakı bütün dini cameələr arasında xüsusi nüfuzu göz önündədir. Onun bu gün dünyanın tanınmış dini xadimlərinə çevrilmiş şəxslərlə əlaqəsi, dostluğu, əldə etdiyi nüfuzu bu gün Azərbaycanın bu yöndə siyasətinin yürütməsinə çox kömək edir.

Müxtəlif beynəlxalq təşkilatlara edilən belə müraciətlər Azərbaycanın  mövqeyini ifadə edən, onun səsini tribunlardan eşitdirən siyasi jestə çevrilir.  Bu müraciətlərdə Şeyxülislamla birgə katolik və pravoslav dini konfessiyalarının rəhbərlərinin imzası Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələrin nümayişi baxımından mühüm amildir.

Azərbaycan naminə imzalanan belə birgə müraciətlər dini liderlərin vahid mövqeyinin dünyaya nümayişinə fürsət verir, ölkə rəhbərliyinin siyasətinin dünyada dəstək alması üçün uğurlu platformaya çevrilir.

Bunun möhkəm özülü Prezident İlham Əliyevin ardıcıl siyasi prioritetlərinə söykənir. Dövlət başçısı dini liderlərin görüşü zamanı bəyan etmişdi ki, ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Dövlətin strukturlarının bu istiqamətdə bütün rıçaqları ilə çalışdığı bəlli məsələdir. Amma dini icma rəhbərlərinin bu yöndə fəaliyyəti, mövqeyi qaldırılan məsələlərə əlavə bir mötəbərlik verir, onun bütün siyasi mərkəzlərdə yeganə həqiqət kimi qəbul olunmasına kömək göstərir. QMİ dövlət siyasətinin mühüm detalı olan dinlərarası əməkdaşlıq platformasına söykənərək beynəlxalq tərəfdaşlığın etibarlı müstəvisini yarada bilib.

Aydın ABBASOV

Əvvəlki məqalə

Baydenin elçisi Ərdoğanın sözçüsü ilə görüşdü –

Sonrakı məqalə

Bakıda ana və oğlunu avtomobil vurub