Böyük Britaniyada keçirilən “Din və Etiqad azadlığı” üzrə nazirlər konfransında iştirak edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Ermənistan separatçılarının köhnə tərəfdarı, baronessa Koksun ölkəmizə yönəlik ittihamlarına sərt reaksiya verib.
Azpost.info bildirir ki, Nazirlər Konfransının panel iclasında tamam fərqli istiqamətdə olan müzakirələr zamanı baronessa Koks necə olursa söz ala bilib. O, çıxışında Azərbaycana qarşı ittihamlar səsləndirib.
Koks azərbaycanlıları erməniləri tarixi torpaqlından qovması, soyqırım törətməsi barədə cəfəngiyyat danışmağa başlayıb.
İclasda iştirak edən Şeyxülislam cavab hüququndan istifadə edərək danışmaq üçün söz istəsə də moderator vaxtın bitdiyini bəhanə gətirərək iclası tez-tələsik yekunlaşdırıb.
Buna baxmayaraq QMİ sədri baronessa Koksa mövqeyini üzbəüz çatdıra bilib.
A.Paşazadə baronessa Koksa böyük yalan danışdığını deyərək onu yerində oturdub: “Sizin dediklərinizdə heç bir həqiqət yoxdur. Bu günə qədər 4 min azərbaycanlı itkindir. Qarabağla bağlı BMT-nin 4 qətnaməsi icra edilməyib. Müharibə Azərbaycan torpaqlarında gedir. Biz qonşuluq edirik, onları da normal qonşuluq etməyə çağırırıq”-deyə Şeyxülislam vurğulayıb.
Baronessa Koks söhbətdə mövqeyini müdafiə edəcək arqumentlə çıxış edə bilməyib.