“Şeyxülislam həmişə məzhəbçi yox, ümmətçi olub” –QMİ sədrinin və Ərbaşın Şuşa səfərinə rəylər

Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaş Azərbaycana səfərə gəlib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qonaqlarla birlikdə Qarabağın hava qapısı olan Füzuli aeroportuna baş çəkiblər. Nümayəndə heyəti Füzulidən Şuşaya gedib. Şuşaya səfər şəhərdə inşa olunacaq yeni məscidin ərazisinə baxış keçirilməsi ilə başlayıb. Sonra səfər iştirakçıları Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Din xadimlərinə yeni məscidin inşası, kilsələrin tarixi, məruz qaldıqları dağıntılar və görüləcək bərpa işləri barədə məlumat verilib.
YAP-çı deputat Ceyhun Məmmədov səfərin əhəmiyyətinin kifayət qədər böyük olduğunu söylədi: “Ocaqnejatın Şuşaya getməsi və orada namaz qılmasından sonra cəmiyyətimizdə yaranan narazılığın fonunda Türkiyənin dini liderinin bu səfəri, Şuşaya getməsi olduqca müsbət hadisədir. Türkiyə hər zaman qardaş ölkə kimi Azərbaycanın yanındadır. Daim siyasi, mənəvi dəstəyini əsirgəməyib. Hərbi sahədə də bu özünü göstərir. Bu baxımdan Türkiyənin Dəyanət İşləri Başqanının ölkəmizə səfər etməsi, Şuşaya getməsi cəmiyyətimiz tərəfindən sevinclə qarşılanır. Çünki Azərbaycan bütün sahələr üzrə Türkiyə ilə əməkdaşlıq edir. İndi dini sahədə belə bir əməkdaşlığın, dəstəyin, işbirliyinin olması hər birimiz tərəfindən təqdirlə qarşılanır. Çünki rəsmi Ankaranın rəsmi siyasi mövqeyi Azərbaycanı dəstəkləmək, bizlərin yanında olmaqdır. Əlbəttə, digər ölkələr də bu mövqeyi sərgiləsələr, ölkəmizə tam dəstək göstərsələr, Azərbaycanın yanında olsalar, onlar da bu gün insanlarımız tərəfindən təqdirlə qarşılanar. Bu baxımdan hesab edirəm ki, türkiyəli qonağın səfəri çox önəmlidir. Türkiyənin Diyanət İşləri Başqanlığı nazirlik səviyyəsində olan bir qurumdur. Çox güclü ənənələri, təcrübəsi var. Hesab edirəm ki, Azərbaycanın dini idarəsi, yəni Qafqaz Müsəlmanları İdarəsi, eləcə də Dini Qurumlar üzrə Dövlət Komitəsi qardaş ölkənin Diyanət İşləri Başqanlığı arasında bu cür münasibətlərin qurulması əməkdaşlığın, işbirliyinin qorunması baxımından xüsusi önəm daşıyır. Bu, ikitərəfli əlaqələrin inkişafına da ciddi təsir göstərəcək. Məhz bu səbəblərdən səfərin önəmi çox böyükdür”.
Ağ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov Şeyxin hər zaman ümmətçi olmağa çalışdığını söylədi: “Erbaşın səfəri və eləcə də digər hadisələr onu göstərir ki, Türkiyə Azərbaycanda öz mövqelərini gücləndirməyə çalışır. Türklər Azərbaycanı İsrail-Rusiya-İran qarşıdurmaları məkanı olaraq görmək istəmir. Bir də Türkiyə hakimiyyəti mötədil ümmətçi xəttin nümayəndəsi olmağa çalışır. Ona görə Şeyxin türk ruhanilərlə birgəliyi önəmlidir. 1990-cı illərdən dini situasiya ilə içdən tanış olanlar bilir ki, Şeyx əslində məzhəbçi olmamağa, ümmətçi olmağa çalışıb. Ola bilər ki, bu bəzən alınmayıb. O, başqa məsələdir. Amma Azərbaycan dini qurumlarının Türkiyə ilə birgə fəaliyyəti ümmətə inteqrasiya üçün önəmlidir. (Musavat.com)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda inflyasiya tempi yüksəlib –

Sonrakı məqalə

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq –