Şeyxülislam İtaliyada hansı çağırışları etdi?

Gələn ay İtaliyanın paytaxtı Romada dünyanın inkişaf etmiş ölkələrinin toplaşdığı G20 sammiti öz işinə başlayacaq.

Dünya liderlərinin toplaşacağı bu dəfəki zirvə görüşünün əsas mövzuları dünyanın qlobal çağırışlarının müzakirəsi və planetdə rifah və sülhün təmin olunması olacaq.

Azərbaycan prezidenti İlham Əliyev də mühüm siyasi və iqtisadi mesajları ilə fərqlənən bu beynəlxalq sammitdə iştirak üçün dəvət edilib.

İtaliya ev sahibi kimi zirvə görüşü çərçivəsində bir sıra tədbirlər təşkil edib. Bu sırada İtaliyanın G20-yə sədrliyi çərçivəsində sentyabrın 12-14-də Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”u ölkəmiz üçün əlamətdar sayıla bilər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında ölkənin dini konfessiyalardan təşkil olunmuş nümayəndə heyəti bu Forumda iştirak edib. Səfər G20-də sədrliyi çərçivəsində həmin ölkənin milli təşkilat komitəsi sədrinin dəvəti əsasında baş tutub.

Forum təşkliatçılarının verdiyi məlumata görə, 13-cü əsrdə tikilmiş qədim Boloniya ratuşasında açılışı olan bu tədbirdə 50 ölkədən 370 nəfər iştirak edib. Bunların sırasında 50 dini lider, 90 siyasətçi və diplomat, yüzə yaxın alimlər, ekspertlər olub.

 

Boloniya konfransına toplaşan ictimai-siyasi xadimlər, dini liderlər ilk növbədə davamlı inkişaf üçün dini və bəşəri dəyərlərin vacibliyini vurğulayıblar. Bu baxımdan dini müstəvidə əməkdaşlığın səmərəli şəbəkəsinin yaradılması siyasi və sosial məsələlərin həllində mühüm amil kimi qeyd olunub.

Forumun məqsədi qlobal problemlərin həlli üçün vacib olan məsələləri G20 sammiti üçün bir prioritet kimi təqdim etmək, siyasi liderlərin diqqətini bu problemlərə yönəltmək və onların müzakirəsinə nail olmaq idi.

Forum bu gün dünyanı narahat edən dini, sosial, siyasi, ekoloji problemlərin həlli üçün ictimai liderlərin və dini rəhbərlərin oynaya biləcəyi vacib rolunu bir daha nümayiş etdirdi.

Bu gün dünya qarşısında duran dini təfriqə, zorakılıq, kasıblıq, müharibələr qlobal gündəliyin əsas problemləridir. Bunların həlli üçün siyasi və ictimai xadimlərin, dini liderlərin effektiv şəbəkəsinin qurulması zəruridir.

Bu sırada dinin mədəniyyətlərarası dialoqda mühüm rolu danılmazdır. Dini liderlər münaqişələrin həllində, dialoqun genişləndirilməsi üçün potensialı çox böyükdür.

Azərbaycan belə mötəbər Forumda dünyaya nümayiş edirə biləcəyi çox şey var idi. QMİ sədri öz çıxışında, keçirdiyi görüşlərində ölkəmizin tolerantlıq prinsipləri üzərində qurulan platformasını bir daha təqdim etmək fürsəti əldə etdi.

Şeyxülislam terrorizmə, zorakılığa, irqi və dini ayrı-seçkiliyə son qoymağa çağırıb, sülhü və əmin-amanlığı tərənnüm etməyi, qaçqınlara, məcburi köçkünlərə, miqrantlara qayğı ilə yanaşılması, dini etiqad azadlığı, uşaq və qadın hüquqlarının qorunması və sair bu kimi vacib problemlərə diqqət ayrılmasının vacibliyini vurğulayıb.

A.Paşazadə dünyanı təhdid edən təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının, qlobal dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, müasir dövrdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları siyasi-ictimai təhlükəyə çevrilib.

QMİ sədri vurğulayıb ki, ölkəmiz  Ermənistanın 30 ilə yaxın müddətdə davam edən təcavüzünə son qoyub və ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilib.

Azərbaycanda bütün dinlərin və dini qurumların qanun qarşısında bərabər olduğunu deyən QMİ sədri ölkəmizdə bütün dini konfessiyalara öz dini etiqadını ifadə etməsi, ibadətlərini, dini ayinlərini və mərasimlərini yerinə yetirmələri üçün dövlət tərəfindən bərabər şərait yaradıldığını qeyd edib.

QMİ sədrinin keçirdiyi görüşlərdə də Azərbaycanın nail olduğu uğurlar alqışlanıb. BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinosla, Konstantinopol Patriarxı I Varfolomeylə, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarla, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Maliklə, İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla keçirilən görüşlərdə əlaqələrin mövcud vəziyyəti və tərəfdaşlığın perspektivləri müzakirə edilib.

Bütövlükdə bu səfəri uğurlu hesab etmək olar.

QMİ sədrini dövlət rəsmilərinin müşayiət etməsi ölkədə din- dövlət münasibətlərinin uğurlu əməkdaşlığının bir daha nümayişi oldu.

Şeyxülislamın keçirdiyi məxsusi görüşləri isə Azərbaycanın və onun dini rəhbərinin bölgədəki nüfuzunun göstəricisi saymaq olar.

Bu Forum həmçinin Azərbaycanın haqq işinə, xüsusilə 44 günlük müharibədən sonra ortaya çıxan bəzi narahatlıqları dünyaya çatdırmaq fürsəti idi. Bu fürsətdən yüksək səviyyədə yararlanmaq imkanı oldu.

Azərbaycan G20 zirvə görüşünə böyük təcrübə baqajı, siyasi iradə və uğurlu nəticələrlə gedir.

Əsrlər boyu Azərbaycanda mövcud olan müxtəlif xalqar və dinlər dostluq və qardaşlıq mühitində yaşayıblar. Buna görə, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkə kimi tanınır. Burada müxətlif sivilizasiyaların izləri bir-birinə qarışaraq ahəngdarlıq yaradıb.

Azərbaycan artıq 13 ildir ki, “Bakı prosesi” adı verilmiş mədəniyyətlərarası Foruma uğurla rəhbərlik edir. Ölkəmiz müxtəlif mədəniyyət daşıyıcısı olan mədəni –tarixi irsin qorunması ilə bağlı müxtəlif layihələri həyata keçirir, ölkəmizin milli sərvəti sayılan bu müxtəlifiyi göz bəbəyi kimi qoruyur.

Bu, prezident İlham Əliyevin yürütdüyü siyasi kursun parlaq nəticələrindəndir.

Azərbaycan Boloniya Forumunda dünyaya təqdim etdiyi prinsipləri bir daha nümayiş etdirdi, G20 zirvə görüşünün əsas müzakirələri üçün mühüm olan çağırışlarını çatdırdı.

“Analitik” Təhlil Mərkəzi

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polisimiz postdan keçən erməni maşınından qondarma “DQR gerbi”ni bıçaqla pozdu –

Sonrakı məqalə

“Taliban” 179 bənddən ibarət yeni konstitusiya hazırlayır