Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğu Misirin paytaxtı Qahirədə həmin ölkənin müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi Əllamla görüşüb.
Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edən Şövqi Əllam rəhbərlik etdiyi qurumun VIII Forumu, toplantıda müzakirə ediləcək məsələlər barədə geniş məlumat verib.
Misir Müftisi qeyd edib ki, Forumda Dünya Fətva Heyətləri Baş Katibliyinin fəaliyyətinə verdiyi töhfələrə görə Şeyxülislam Allahşükür Paşazadə “İmam Qarafi” ordeni ilə təltif olunacaq.
Şeyxülislam A.Paşazadə öz növbəsində bildirib ki, Misir Ərəb Respublikasına növbəti dəfə səfər etmək və qardaşı Şövqi Əllamla yenidən görüşmək imkanı qazandığına görə Allah-Təalaya dualar edir. QMİ sədri A. Paşazadə sülhə və əmin-amanlığa böyük ehtiyac duyulduğu bir dövrdə Qahirədə belə bir Forumun keçirilməsini mühüm hadisə adlandırıb və tədbirinm işinə uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüşdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxov iştirak edib.