Ötən həftə Birləşmiş Millətlər Təşkilatı müstəvisində “Fəaliyyətə keçmək üçün qlobal çağırış” mövzusunda keçirilən beynəlxalq video-konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə cəmiyyətləri qarşıdurmaya və dağıdıcı aqressiv hərəkətlərə yönləndirən nifrət çağırışları əleyhinə çıxış edib.
Bu təklifin Dünya Dini liderlərinin II Bakı Sammitində irəli sürüldüyünü diqqətə çatdıran A. Paşazadə qeyd edib ki, nifrətə çağırışın fəsadları, mənəviyyata vurduğu zəhərli yaralar yeni münaqişə və müharibələrə səbəb olmaqdadır.
QMİ sədri problemin qlobal xarakterini nəzərə alaraq, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzinin bu mövzuda din xadimləri, elm, ictimaiyyət nümayəndələri ilə birlikdə beynəlxalq səviyyəli tədbir keçirmə niyyətinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir və BMT tərəfindən irəli sürülən təşəbbüslə uzlaşır.
Şeyxulislam bu mövqeyini ortaya qoyduğu vaxtda QMİ sədri ətrafında onlayn resurslarda baş verən qəribə proseslər düşündürücüdür.
Görünür dini rəhbərlərin internet üzərindən nifrət çağırışlarına qarşı səylərini birləşdirmək niyyəti sosial şəbəkələri bu tip nifaq yayma “oylağına” çevirən qüvvələri narahat edib. Bu qüvvələr belə niyyətin nəticələrini hesablamamış olmazlar. Bəlli olduğu kimi bir çox ölkələrdə din xadimlərinin çağırışları, fətvaları o ölkənin inanclı kəsimi üçün vacib əhəmiyyət daşıyır və onları yönləndirir. QMİ sədrinin təklif etdiyi məsələnin dünya dini liderlərinin diqqətini çəkməsi sosial şəbəkədə bu nifrəti körükləyən və idarə edənlərin maraqlarına zərbə sayıla bilər. Uzağa getməyək, ötən il Moskvada bir sıra maraqlı qüvvələrin təhriki ilə çeçen və azərbaycanlılar arasında baş vermiş qalmaqal onlayn resurslarda xüsusi qruplar tərəfindən qızışdırıcı mesajları ilə yadda qaldı. Bu məsələdə bir mühüm detal nə idi?
Hər iki ölkənin nufuzlu din xadimləri dərhal araya girərək məsələni genişlənməsinin qarşısını aldılar. Prezident İlham Əliyevin tapşırığı ilə Çeçenistan dini rəhbəri ilə müzakirə aparan QMİ sədri Allahşükür Paşazadənin çeçen həmkarı ilə internet resurları üzərindən etdikləri müraciətlər dərhal təsirini göstərdi. Süni qızışdırlan qalmaqal həll olundu. İnternet üzərindən nifaq körükləmək istəyən qüvvələrin arzusu gözündə qaldı.
Bu baxımdan Azərbaycan dövlətinin prioritet elan etdiyi tolerantlıq və dözümlülük prinsiplərini, siyasi hakimiyyətin əsas mesajlarını dünyaya və regiondakı inanclı kəsimə, dini rəhbərlərə çatdıran Şeyxulislama qarşı böhtan və qərəzli yalanlar püskürən müəyyən dairələrin fəaliyyəti diqqət cəlb edir. Anonim şəxslərin sosial mediada və digər virtual platformalarda QMİ sədri əleyhinə apardığı böhtan kampaniyası artıq həvəskar mövqedən çıxaraq əndazəni aşır, pərdə arxasında gizlənən müəyyən qüvvələrin “quyruğu” görünməyə başlayıb.
Şeyxulislam kimlərin hədəfinə düşüb?
Niyə vaxtaşırı müstəqil ölkənin inanclı kəsiminin dini rəhbəri belə ağlasığmaz ittihamlarla üzləşir? Bu suallara cavab tapmaq üçün QMİ sədrinin ictimai fəaliyyətinə diqqət yetirmək lazım gələcək. Görünür Şeyxulislamın çoxşaxəli fəaliyyəti və nüfuzu müəyyən dairələrdə qıcıq yaradır.
QMİ sədrinın 40 illik postunda qazandığı sanballı ictimai “baqaj”ı çox zəngindir. A.Paşazadənin Azərbaycanın taleyüklü məsələlərinə qorxmadan mövqe bildirməsi, xalqın haqlarını cəsarətlə müdafiə etməsi ilə ölkəmizin ictimai-siyasi tarixində öz yerini bərqərar edib. 1988-ci ilin noyabrında Azərbaycan xalqının Qarabağ tələbi ilə yığışdığı Azadlıq meydanının tribunasında çıxış edənlərdən biri də gənc Şeyxulislam idi. O dövrdə müstəqlillik uğrunda gedən azadlıq hərəkatında fəal iştirak edən QMİ sədri öz fəaliyyəti ilə yadda qalıb. 1990-cı ilin 20 yanvarında sovet ordusunun Bakıya yeridilməsinə sərt etiraz edən A.Paşazadə SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edərək onu lənətlədi və sovet ordusunun Bakını təcili tərk etməsini tələb etdi. Bu, SSRİ-nin 70 illik tarixində sovet rəhbərini açıq etirazla lənətləyən ilk din xadimi idi. Şəhidlərin milyonluq dəfnini qanlı qırğına etiraz demarşına çevirən QMİ sədri bununla Azərbaycan xalqının bu vəhşiliyə etirazını bütün dünyaya nümayiş etdirdi. Daha sonra qanlı cəllad Mixail Qorbaçovun Sovet İttifaqının prezidenti seçilməsinə etiraz olaraq SSRİ Xalq Deputatı mandatından imtina etdi. Belə ictimai-siyasi fəaliyyət Şeyxulislamı SSRİ-nin və regionun nufuzulu din xadiminə çevirdi.
Müstəqil Azərbaycanın qurulması üçün gedən mübarizəyə ilk günlərdən dəstək verən A.Paşazadə bunun üçün statusunun və nufuzunun imkan verdiyi bütün vasitələrdən istifadə edib. 1991-ci ilin dekabrında –hələ SSRİ-nin mövcud olduğu bir zamanda Azərbaycanı müsəlman ölkələrinin ən nufuzlu qurumu olan İslam Əməkdaşlıq Təşkilatının üzvü edərək bunun üçün hətta dövlət başçısı əvəzinə qol çəkməkdən də çəkinməmişdi. İƏT o zaman dörd bir yandan informasiya blokadasında olan, Ermənistanla olan münaqişənin dünyaya doğru çatdırılması üçün heç bir beynəlxalq platformaya malik olmayan Azərbaycan üçün böyük bir imkan oldu. Müsəlman ölkələri ilk gündən Azərbaycanın haqq işini müdafiə edərək Qarabağ məsələsində birmənalı olaraq Bakıya dəstək verdilər. Bütün bunların həyata keçməsində Şeyxulislamın nufuzu və əlaqələri çox mühüm rol oynamışdı.
Bununla yanaşı 90-cı illərdə, Şimali Qafqazın böhranlı günlərində-Çeçenistanda qanlı müharibə getdiyi bir vaxtda A.Paşazadə Rusiya prezidenti Boris Yeltsinə sərt müraciət edərək çeçen xalqına qarşı genosidi dayandırmağı tələb etmişdi. Qafqazda çox böyük rezonans verən bu bəyanat müstəqil Azərbaycanın regionda nufuzunu qaldırdı və Bakını Qafqazın siyasi mərkəzi kimi mövqeyini ortaya qoydu.
Qarabağ münaqişəsinin dinc həlli üçün dünya din xadimlərinin birgə müraciətinə nail olan QMİ sədri problemin yarandığı ilk vaxtlarından etibarən Ermənistanın dini rəhbərləri ilə müzakirələr aparıb. Bütün bu müzakirələr onunla nəticələndi ki, Ermənistanın ciddi-cəhdlə münaqişəyə dini rəng vermək cəhdləri iflasa uğradı. Dünyanın dini liderləri yekdilliklə regional münaqişənin dinc və ölkənin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədilər. Bu vahid cəbhə qarşısında duruş gətirə bilməyən erməni katolikosu Qaregin münaqişənin dinc həllinin vacib olması barədə bəyanat verməli oldu. Ermənistanın militarist rəhbərliyinin mövqeyinin tam əksi olan bu bəyanat düşmən ölkədə siyasi həmrəyliyi sarsıtdı, Azərbaycanın haqq işinin və mövqeyinin doğruluğunu göstərdi.
Nə üçün Şeyxulislam?
Son illərdə QMİ sədri ölkə prezidenti İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq və birgəyaşayış prinsiplərinin fəal təbliğatçısına çevrilib. Ən mötəbər kürsülərdə, dünyanın nufuzlu din rəhbərləri ilə görüşlərdə bu prinsiplərin ardıcıl müdafiəçsi kimi çıxış edən A.Paşazadə Azərbaycanda maraqları olan müxtəlif qüvvələrin qarşısında bir səddə çevrilib.
Nədir bunlar?
Şeyxulislam bütün qüvvəsi ilə Azərbaycanda məzhəb savaşı salmaq istəyənlərə qarşı dayanır.
Bu, çox ciddi detaldır. Dini mübahisələr salmaqla Qafqazda öz maraqlarını diqtə etməyə çalışan xarici güclər bunun üçün ən müxtəlif vasitələrə əl atırlar. Beynəlxalq təşkilatların qondarma “dini hesabatları”ndan tutmuş qeyri-ənənəvi sektalara dəstəyə qədər ən müxtəlif pressinqlər tətbiq edən bu qüvvələr üçün Azərbaycanda məzhəb savaşına nail olmaq Qafqazda söz sahibi olmaq deməkdir. Azərbaycan dövlətinin elan etdiyi tolerantlıq prinsipləri isə bu niyyətin gerçəkləşməsinə mane olan ciddi səbəbə çevrilib. Çünki bu prioritetlər Azərbaycanı dindarların etimad etdiyi sülh və əmin-amanlıq məkanına çevirərək hər cür dini ayrı-seçkilyi rədd edir.
QMİ sədri xarici qüvvələrin müxtəlif səbəblərdən dindar insanların hakimiyyətlə yaranmış problemli münasibətlərindən istifadəsinə də imkan verməyib.
Hakimiyyətlə dini kəsim arasında qarşıdumada maraqlı olan bu dairələr “müxalifətçi dindarlar” kartı ilə oynayaraq yalançı “böhranlı situasiya” illuziyası yaratmaq, bununla da Azərbaycan hakimiyyətini məsələni kənar güclərlə müzakirəsinə nal olmaq istəyiblər.
Şeyxulislam dindarların əfv olunması üçün Prezidentə etdiyi müraciəti ilə iqtidara olan kənar xarici təsirləri neytrallaşdırdı və bu məsələlərin ölkənin daxili işi olduğunu, birgə müzakirə ilə həllinin mümkünlüyü ilə bağlı mesajını göndərdi.
Belə yanaşma ölkəyə fərqli dini ideologiyaları ixrac etməyə çalışanların işini çətinləşdirir. QMİ sədri ilk gündən qondarma “ilahi həqiqətləri” yaymaq istəyən belə qruplara qarşı sərt mövqe tutub və ölkəni dini təfriqənin qanlı girdabına salmaq istəyən bu qüvvələrə qarşı çıxıb. Azərbaycan məscidlərində bütün məzhəblərin birgə qıldığı Vəhdət namazı bu güclərin üzünə vurulan sərt sillə oldu.
Burada həmçinin Azərbaycanın regional dini mərkəz olmasını istəməyən qüvvələrin də QMİ sədrinə qarşı müqavimətini qeyd etmək lazımdır. Prezident İlham Əliyevin mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq prinsipi əsasında qurulan “Bakı Prosesi” özü ilə dini liderlərin çox böyük və etibarlı paltformasını yaradıb. Azərbaycanda ötən il keçirilmiş Dünya Dini liderlərinin Bakı Sammiti Bakının regiondakı etimadın bir nümayişi oldu. QMİ sədrinin müxtəlif beynəlxalq məsələlərlə bağlı Azərbaycandan dünyaya müraciəti, mötəbər qəbullar ölkəmizin dini hövzə kimi formalaşmasında unikal imkanlarını ortaya qoyur. Son olaraq A.Paşazadənin Pandemiya ilə əlaqadar İran xalqına qarşı sanksiyaların müvəqqəti dayandırlması ilə bağlı ABŞ prezidenti Trampa müraciəti regionda böyük rezonans verdi. Bununla da Azərbaycan müsəlman həmrəyliyini nümayiş etdirdi və humanizmini göstərdi.
QMİ sədrinə qarşı aparılan bu kampaniyanın bir ciddi səbəbi də var. Bu, Azərbaycan dövlətinin ardıcıl apardığı siyasəti nəticəsində yaranmış uğurlu dövlət – din əməkdaşlığıdır. Mərhum Prezident Heydər Əliyev tərəfindən aparılmış bu siyasət son 16 ildə dövlət başçısı İlham Əliyevin siyasi prioritetlərində ağırılıq mərkəzi kimi çıxış edir. Çoxkonfessiyalı ölkə olan Azərbaycanda aparıcı platforma olan QMİ yürüdülən bu siyasətin avanqard qüvvəsi kimi çıxış edir və tolerant cəmiyyətin qurulmasında töhfələrini verir. Bu yöndə Şeyxulislamın tutduğu mövqe, verdiyi dəstək önəmlidir. QMİ sədrinə qarşı bu böhtan kampaniyasını aparanların bir hədəfi də din-dövlət münasibətlərinə xələl gətirməklə Prezidentlə Şeyxulislamın bu əməkdaşlıq trendinə mane olmaq istəyidir. Dövlət başçısının QMİ sədrinə belə ciddi dəstək verməsi onları qıcıqlandırır və bundan rahat deyillər.
Siyasi spektr nə düşünür?
Müşahidəçilər də QMİ sədrinə qarşı kampaniyanı sadə məsələ saymırlar. İctimai-siyasi xadimlər, tanınmış jurnalistlər, elm adamları A.Paşazadəyə qarşı hucumların təsadüfi olmadığını bildiriblər.
Məsələn, tanınmış politoloq Zərdüşt Əlizadə hesab edir ki, Şeyxulislama qarşı aparılan kampaniya xaricdən sifariş olunub və bir sıra maraqlı qruplar tərəfindən təşkil olunur.
“Hansısa xarici qüvvələr Azərbaycanda sabitliyi pozmaq, çoxlu etnosların yaşadığı Azərbaycanda xalqı parçalamağa cəhd edirlər”- deyə Z.Əlizadə KİV-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, QMİ sədrinin Azərbaycanda məzhəb mübahisələri salmaq və dini münaqişə ocağı yaratmaq cəhdlərinə qarşı müqaviməti bu qrupları qıcıqlandırır.
Təhlükəsizlik üzrə tanınmış ekspert, Dövlət Təhlükəsizlik Komitəsinin istefada olan zabiti İlham İsmayıl da deyib ki, gözdənsalma, məzhəb tərəfdarı kimi öz fikrini zorla yeritmək cəhdləri “gizli mina”lardan xəbər verir. O vurğulayıb ki, sosial şəbəkələr və youtub-da dini rəhbərlərə qarşı aparılan kampaniya, etnik-dini zəmində yaradılan süni mübahisələrə rəvac verilməsi təsadüfi deyil.
Tanınmış telejurnalist Qulu Məhərrəmli də bu kampaniyanın cəmiyyətdə dialoq mühitinin dağıdılması üçün aparıldığını vurğulayıb. “Şeyx mənim üçün 20 yanvar 1990-cı ilə bu millətin müqavimət ruhunu ifadə edən adamdır”-deyən telejurnalist bunun təsadüfi olmadığını bildirib.
Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı da QMİ sədrinə qarşı bu kampaniyanı təsadüfi saymayıb. Onun fikrincə, Şeyxə qarşı bu məsələ sanki hardansa idarə olunur. QMİ sədrinin dünya dini xadimləri arasında böyük nufuzu olduğunu deyən deputat A.Paşazadənin xüsüsən islam aləmində məzhəb ayrı -seçkilyini aradan qaldırmağa çalışan, islamın bütövlüyünün güzgü olmasına çalışan, islam aləmində nufuzu olan şəxsiyyət kimi qiymətləndirib.
“Ayna-Zerkalo” qəzetinin Baş redaktoru Elçin Şıxlı KİV-ə açıqlamasında QMİ sədrinə qarşı yağdırılan təhqirlərin əleyihinə olduğunu deyib və onları “klaviatura qəhrəmanları” adlandırıb. E.Şıxlı vurğulayıb ki, yalan yazanlar, kiminsə arxasında gizlənib bu yola əl atırlar.
Xalq şairi Vahid Əziz Şeyxulislamın ölkədə dini sabitliyin qorunması üçün bütün səylərini göstərdiyini, Azərbaycanda tolerantlıq siyasətinin yürüdülməsində böyük iş apardığını vurğulayıb.
Deputat Vahid Əhmədov isə Allahşükür Paşazadənin Azərbaycanın müstəqilliyinin qazanılmasında kifayət qədər xidməti olan şəxslərdən biri olduğunu deyib. O Şeyxə qarşı aparılan böhtan kampaniyasının hədəfində Azərbaycanda dini zəmində olan sabitliyi pozmaq durduğunu bildirib.
Göründüyü kimi, QMİ sədri ictimai-siyasi müstəvidə aktiv fəaliyyəti ölkənin maraqlarını müdafiə etmək və dövlətin müstəqil siyasətinin qurulmasına yönəlib.
Azərbaycanda dini təhlükəsizliyinin qorunması burada yaşayan bütün xalqların dini ənənələrin müdafiəsi deməkdir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi dövlət siyasətin yürüdlməsində vacib qurumdur. QMİ cəmiyyətdə harmoniyanın qorunmasında, mənəvi dəstəyi ilə ictimai- siyasi sabitliyi qoruyan ciddi amil kimi çıxış edib. Bu baxımdan QMİ və onun sədri, şeyxülislam Allahşükür Paşazadə mühüm töhfələrini verir.
QMİ bu gün dini ekstremizmin ayaq açmasına müqavimət göstərən etibarlı platformadır. Qurum müxtəlif dini konffesiyalar arasında həmrəyliyin mühüm rıçaqına çevrilməklə dövlətin prioritetlərində yerini alıb.
Dini etiqadı siyasi avanturaya çevirməyə cəhd edənlər ilk hədəf kimi çoxkonfessiyalı cəmiyyəti silkələməyə çalışırlar. Odur ki, böyük güclərin əlində silaha çevrilən bu qüvvələr bunun üçün hər xırda fürsətdən yararlanmağa can atırlar.
Prezident İlham Əliyevin multkulturial siyasəti ölkəni belə təhdidlərdən qoruyacaq platformanı yarada bilib. QMİ və onun rəhbəri Allahşükür Paşazadə bu siyasətin qorunmasında öz unikal töhfələrini verir. Belə qondarma kampaniyalar, ləkələmə, virtual böhtanlar bir daha subut edir ki, müstəqil Azərbaycanın dini caməsinə rəhbərlik edənlər doğru siyasət yürüdür və düşmənlərin əlinə heç bir fürsəti vermir.
“Analitik” Təhlil Mərkəzi