Şeyxülislam Qareginlə görüşdə hansı mesajları verdi?

Ötən həftə baş tutmuş və region üçün mühüm olan bir görüş son 1 ildə gedən proseslərdə öz möhürünü vuran bir tədbir oldu.

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə Erməni Apostol Kilsəsinin rəhbəri, katolikos Qaregin bir araya gəldilər.

Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə baş tutan bu 3 tərəfli görüş 44 günlük müharibədən sonra dini rəhbərlərin ilk təması idi.

Buna qədər isə dini liderlərin son görüşü 4 il əvvəl -2017-ci ilin sentyabrında Moskvada baş tutmuşdu. O zaman tərəflər “görüşün Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəldiyini” bəyan etmişdilər.

Bakı Qarabağ münaqişəsinin ilk günlərindən probelmin dini zəmində olmadığını bəyan edərək Ermənistanın bu yöndəki məkrli siyasətinin qarşısını ala bilmişdi. 90-cı illərin ortalarında QMİ sədrinin və katolikosun verdikləri bəyanatlarda münaqişənin dini mahiyyət daşımadığı vurğulanmışdı. Amma buna baxmayaraq kilsə hər fürsətdə bu münaqişədə “əzabkeş xristian ermənilərin” bir portretini çəkməyə can atırdı.

Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı mübarizədə daim haqlı mövqeyini bütün kürsülərdə bəyan edirdi və münaqişənin ədalətli həlli üçün sülh danışıqlarından imtina etmirdi.

Bu danışıqların bir müstəvisi dini liderlərin təmaslarında əks olunurdu.

Dini liderlərin Qarabağ kimi mürəkkəb münaqişəyə son qoyacağına ümid etmək sadəlövhlük görünsə də münaqişələrin həllində dini rəhbərlərin rolunu və bəyanatlarını diymətləndirmək lazımdır. Dini faktorun insan həyatına təsirini nəzərə alsaq, dini rəhbərlərin problemin həlli üçün  səyləri vacib əhəmiyyət daşıyır.

Bütün deklorativliyinə baxmayaraq, din xadimləri tərəfləri dialoqa və dinc danışıqlara dəvət ediblər, əsirlərin azad olunmasında, həlak olanların nəşinin dəyişdirlməsində kömək ediblər. Bu isə müharibənin ağrılarını az da olsa yüngülləşdirməyə kömək edib.

Bütün bu illər ərzində sülh mesajları altında gizlənən erməni kilsəsinin “sülh maskası” 44 günlük müharibə zamanı  yırtıldı. Hərbi əməliyyatlar başlandıqdan sonra erməni kilsəsi özünün militarist sifətini açıq göstərməyə başladı. Eçməzdinin həmin günlərdə yaydığı bütün bəyanatlar, çağırışlar yalnız qan tökməyə, sadə erməniləri onlara aid olmayan torpaqlar uğrunda ölməyə səsləyirdi. Hələ üstəlik kilsə öz keşişlərinin əlinə silah verərək Dağlıq Qarabağa, cəbhə xəttinə göndərirdi.

Həmin günlərdə erməni Apostol Kilsəsinin rəhbəri, katolikos 2-ci Qaregin erməni xalqına müraciətində bəyan etdi ki, Qarabağ heç bir statusda Azərbaycanın tərkibində ola bilməz. Katolikos daha da irəli gedərək xalqı uşaqan böyüyə qədər ölüm-dirim mübarizəsinə səslədi.

Amma Azərbaycan tarixi ərazilərini işğaldan azad etdi, düşməni darmadağın elədi.

Bununla da regionun yeni mənzərəsi yarandı.

Moskvanın Danil monastırında bu dəfəki görüş tamam fərqli vəziyyətdə və şərtlər daxilində keçirildi. Azərbaycan 44 günlük müharibənin qalib dövləti olaraq regionda yeni siyasi reallıq yaradaraq masa üzərinə yeni şərtlərini qoymuşdu.

“Üçtərəfli görüş isə mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə qalib tərəf kimi görüşdə iştirak edirdim. Qarşı tərəfin gözlərindəki məyusluğu hiss edirdim. Bu bizim Qələbəmizin nəticəsi idi”-deyə Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilmiş görüşü barədə danışarkən deyib.

Üçtərəfli görüşdə bir çox məsələ müzakirə olunub. Qaregin “köhnə əyyam”ın ovqatını yaratmaq istəsə də buna nail ola bilməyib.

Qarabağda yaşayan ermənilərin dini ibadətlərinə şərait yaradılması ilə bağlı təklif QMİ sədrinin birmənalı mövqeyi ilə qarşılaşıb: Şeyx bəyan edib ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün bütün şərait yaradılıb.

Qaregin QMİ sədrinin Üçtərəfli Bəyanatın imzalanmasından sonra Xankəndiyə nə üçün getməsi ilə bağlı sualını cavablandıra bilməyib.

Erməni dini rəhbərinin“hərbi əsirlər” məsələsinə QMİ sədrinin cavabı qəti olub: Azərbaycanda heç bir erməni hərbi əsir yoxdur. Görüşdə katolikos “siyasət oyunu” yapmağa çalışaraq “Qarabağın statusu” məsələsini qaldırmağa cəhd edib. A.Paşazadə cavabında bəyan edib ki, Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini bildirib, heç bir status olmayacaq.

Üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanat bir sıra məqamlar öz əksini tapıb. Patriarx Kirill tərəfindən səsləndirilən Bəyanatda qeyd olunurdu ki, Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır.

Göründüyü kimi Azərbaycan və Ermənistan din xadimlərinin görüşündə katolikos Qaregin Azərbaycanın haqlı tələbləri qarşısında susmağa üstünlük verib və Qarabağda məğlubiyyətlə barışmağa məcbur olub.

Bu görüşlər onu göstərir ki, erməni kilsəsi QMİ-dən fərqli olaraq artıq regionun təhlükəsizliyində “açar” funksiyasını daşıya bilmir, lokaldır və proseslərin arxasınca sürünür.

QMİ rəhbəri isə regionun dini camesindəki nufuzuna və əlaqələrinə erməni Apostol kilsəsinin başçısı kimi dar maraqlarının təminatı kimi deyil, beynəlxalq sülhün təmin olunmasında bir vasitə kimi baxır.

Bu baxımdan Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin məsul rolu bir daha üzə çıxır.

Təsadüfi deyildi ki, Moskvada bu görüşdən sonra Şeyxülislamın Rusiyada yaşayan azərbaycanlılarla bir araya gəlməsi cəmiyyətin vahidliyinin təcəssümü baxımından diqqətçəkən idi. Görüşdə rus siyasətçilərinin və dini icma rəhbərlərinin iştirakı ilə Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə xeyir-dua verilməsi ölkəmizin formalaşdırdığı yeni siyasi reallığının qəbul olunması kimi baxıla bilər.

Moskva görüşü müharibədən sonra din xadimlərinin ilk təması idi. Bakı bu görüşlə humanizm prinsiplərinə sadiq qaldığını və bölgədə sülhün əsas təminatçısı olduğunu bir daha nümayiş etdirdi. Bu həm də erməni kilsəsi üçün yeni dövrün prioritetlərini anlamaq üçün fürsət sayıla bilər.

Aydın ABBASOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Zəngilan səfərindən görüntü paylaşıb – VİDEO

Sonrakı məqalə

“Şəriətin tətbiqi hamının qanun qarşısında bərabərliyi deməkdir” –